“Hədid ” surəsinin 17-ci ayəsində buyurulur:
اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِ الْأَرْضَ بَعْدَ مَوْتِها
“Bilin ki, Allah yeri, öldükdən sonra (bir daha) dirildəcəkdir.”
Əhli-beyt (əleyhimus-salam) rəvayətlərində bu ayə imam Zaman (əleyhis-salam)-ın zühur dövrünə izah edilmişdir. Onların bəzilərini qeyd edirik:
1. Məhəmməd Hələbi deyir: İmam Sadiq (əleyhis-salam)-dan yuxarıdakı ayənin izah və təfsiri barəsində soruşdum, həzrət buyurdu: “(Yerin dirildilməsi dedikdə məqsəd) zülm və haqsızlıqla dolduqdan sonra (bərqərar ediləcək) haqq-ədalətdir.”[1]
2. İmam Kazım (əleyhis-salam) həmin ayənin izahında buyurur: “Yerin dirildilməsindən məqsəd yağış damcıları vasitəsi ilə dirildilməsi deyildir, əksinə Allah-taala müəyyən insanları seçəcəkdir ki, ədaləti (bərqərar edib yeri) diriltsinlər. Buna əsasən, məqsəd yerin haqq-ədalət əsasında dirçəldilməsidir və bu da (zühur) qırx gün ardıcıl yağan faydalı yağışlardan sonra baş verəcəkdir.”[2]
3. İmam Hüseyn (əleyhis-salam) buyurur: “Məhdi biz on iki nəfərdən biridir. Onların birincisi Əli ibni Əbi Talib, axırıncısı da mənim övladlarımdan olan doqquzuncu şəxsdir ki, haqq əsasında qiyam edəcəkdir, Allah-taala onun vasitəsi ilə yeri (zülm və haqsızlıqla öldükdən sonra) haqq-ədalətlə dirildəcəkdir.”[3]
[1] Kuleyni, Məhəmməd ibni Yəqub, “Kafi”, 8-ci cild, səh. 267, hədis 390, "Darul-kutubil-islamiyyə", Tehran, 13065-ci şəmsi il
[2] Yenə orada, 7-ci cild, səh. 174, hədis 7
[3] Təbərsi, Fəzl ibni Həsən, “E’lamul-vəra”, səh. 406, "Darul-kutubil-islamiyyə", Tehran