Dinsizlərin səmavi dinlər, xüsusilə islam dini müqabilində əks mövqe seçmələrinin müxtəlif siyasi, ictimai, iqtisadi, mədəni kökləri ola bilər. Bu dörd səbəbdən daha artıq məlumat əldə etmək üçün ətraflı cavaba baxa bilərsiniz.
Dinsizlərin səmavi dinlər, xüsusilə islam dini müqabilində əks mövqe seçmələrinin müxtəlif siyasi, ictimai, iqtisadi, mədəni kökləri ola bilər. Bu səbəbləri təfsilatı ilə və ayrı-ayrılıqda təhlil etməkdən öncə iki məsələni xatırlatmaq zəruridir.
Birincisi budur ki, dinsizlərlə dindarların bir-biri qarşısında əks mövqe seçməsi yeni bir məsələ deyildir; bəşər tarixi boyu müxtəlif şəkillərdə (hər iki cinahda) mövcud olmuşdur və bu cür mövqe seçmək təkcə dinsizlər tərəfindən olmamışdır. Hal-hazırda dinsizlərin təxribatçı texniki qüdrətə, böyük səviyyəli informasiya vasitələrinə və güclü hərbi texnikaya malik olduqlarına görə onların din əleyhinə apardıqları səs-küylü təbliğatlar və yaratdıqları şantajlar keçmiş dövrlərlə müqayisədə daha da artmağa başlamışdır.
İkincisi, bu kimi əks mövqe seçmələrin bütün hallarda yalnız islamın və dinin həqiqəti müqabilində olmasını təsəvvür etməməliyik; əksinə bu mövqe seçmələr dindən düzgün çıxarış əldə etməmək və ya dini təbliğatda yanlış üslublardan istifadə edilməsi nəticəsində də ola bilər. İlahi dinlərin ən kamili və əhatəlisi olan islam dininin xüsusiyyətlərinə diqqət yetirməklə aşağıda bu məsələnin dörd əsas səbəbini təqdim edirik:
a) Siyasi səbəblər
Tarix boyu dindarlıq iddiası edən hökumətlərdən bəziləri, o cümlədən məsihi aləmində orta əsrlər kilsəsi, islam dünyasında xəlifələrin dövranı, son dövrlərdə taliban hərəkatı və s., yəhudi aləmində isə sionist rejiminin törətdiyi acı təcrübələr, müxtəlif dinlər daxilində baş verən məzhəb və firqə çarpışmaları və s. dinsizlərə belə bir bəhanə vermişdir ki, dini heç olmazsa ümumi (siyasi və ictimai) sahələrdə yetərsiz qələmə versinlər, hətta bəzən onlar bu yetərsizliyi xüsusi hövzələrə sirayət etdirməklə dini kökündən terrorizm və qan axıdılma amili kimi təqdim etmişlər. İslam barəsində də, konkret şəkillə desək, özlərini islama mənsub edən taliban, əl-qaidə və s. kimi azğın qrupların və sələfi hərəkatının hakimiyyətə gəlməsi, habelə düz və ya səhv olmasından asılı olmayaraq əl-qaidəyə mənsub edilən 11 sentyabr hadisələri və s. islam əleyhinə güclü zəhərli təbliğatlar aparılmasında, ideoloji hücumlar edilməsində və islamı qorxunc bir nəzəriyyə kimi təqdim edilməsində mühüm rol ifa etmişdir.
b) İctimai səbəblər
Dünya səviyyəsində modern həyatın, mədəni cəmiyyətlərin yayılması ilə yeni bir ictimai həyat formalaşmışdır ki, Quran və islam rəvayətlərində təsvir olunan təbii behiştlə qarşılaşır və bu mövzu islam ilə son əsrdəki modernizm arasında ziddiyyət kimi qələmə verilir. İslam ilə islama zidd olan bu modernizm nəzəriyyəsi arasında barışıq yaratmaq məqsədi ilə bəzi müsəlman ziyalıları və mütəfəkkirləri son dərəcə ciddiyyətlə səy aparsalar da, bu ziddiyyəti aradan qaldırmaqda bacarıqsızdırlar. Buna görə də onlar islama əksər hallarda modernizm nəzəriyyəsi əsasında yanaşırlar. Yəni modernizmin haqq olmasını əvvəlcədən qəbul edir, sonra isə islam təlimlərini modernizm dəyərləri ilə uyğunlaşdırılmağa çalışırlar. Nəticədə belə ziyalılar islama yenidən nəzər verməyə çalışır və bu da onların islamdan üz çevirmələrinə səbəb olur (onlar həm islamın zahirini qoruyub saxlamağa çalışırlar, həm də modernizm ruhunu özlərinin yorğun və cansız cəsədlərinə üfürmək istəyirlər). İslam cəmiyyətlərində mövcud olan rəftar və davranışlardakı təzadlar düzgün olmayan bu nəzəriyyəni gücləndirir; onlar mütərəqqi islam dinini irticaçı bir din, yaxud ən aşağısı hazırkı cəmiyyətin dərdinə dəyməyən bir şey hesab edirlər. Düzgün olmayan bu nəzəriyyənin kökü kəlmələrin tərsinə məna edilməsindən irəli gəlir. Belə ki, modernizm dəyərlərindəki hər növ tənqid və şəkk-şübhəni irtica və gerilik hesab edirlər.
v) İqtisadi səbəblər
İslam ölkələrində sərmayədarlıq (kapitalizm) iqtisadiyyatının qəbul edilməsi yeni müstəmləkəçilik üçün şərait yaradırdı ki, bu da müsəlmanların etiqadlarını zəiflədirdi. Müsəlman ölkələrində mövcud olan böyük neft yataqları bir sərmayə kimi onların inkişafına səbəb olmadı; əksinə müsəlmanlar arasında məsrəfçi iqtisadiyyatın və məsrəfçiliyə meylin rəvac verilməsinə səbəb oldu və iqtisadi cəhətdən qərb ölkələrinə ifratçı asılılıq yarandı. Qərb texnologiyasının və əmtəələrinin müsəlmanların xoşuna gəldiyi zaman yavaş-yavaş belə nəticəyə çatdılar ki, bu növ iqtisadiyyatın müsəlman olmaqla uyğunluğu yoxdur! Buna görə də ya bu növ iqtisadiyyatı boşlayaraq istehsalçı iqtisadiyyata üz gətirməyə çalışırlar, ya da öz başlarına dərd-sər açmadan islamdan əl çəkərək qərbin istilaçılığını tam şəkildə qəbul etdilər.
q) Mədəni səbəblər
Bu zəmində müxtəlif səbəbləri qeyd etmək olar. O cümlədən, bəzi dini alimlər tərəfindən din barədə çox səthi məlumatlar əldə etmək və nəticədə dini təəssüb üzündən və səthi şəkildə müdafiə etmək. Dini müdafiə edən bu iddiaçılar tərəfindən islamın yüksək maarifi ilə düşmənçilik edən və ona yad nəzər salan qərbin informasiya imperatorluğu belə bir imkan əldə etmişdir ki, bu kimi insanları islamın yeganə rəsmi nümayəndələri kimi təqdim etməklə onların məqamını yüksəltsinlər və bu işlə islam dini və islam mədəniyyətindən çox kobud, insaniyyətdən uzaq, xurafatçı və ağlasığmaz bir sima təqdim etsinlər.