Belə bir rəvayət mötəbər hədis kitablarında gəlməmişdir, hətta bu məzmunun oxşarını da rəvayət kitablarında görməmişik. Bundan əlavə, rəvayətə oxşayan bu sözün məzmununda da tənqid olunası bir neçə məsələ vardır:
1. Cinayətlə ondan tövbənin necəliyi arasına tənasübün olmaması;
2. Əməldə niyyət məsələsinin nəzərə alınmaması;
3. Onun imam Səccad və həzrət Zeynəbin məqamı ilə uyğun gəlməməsi.
Camaat arasında məşhur olan şeyləri araşdırarkən elə məsələlərlə qarşılaşırıq ki, səhv üzündən onları məsum imamlara (əleyhimus-salam) aid edir və onların hədislərindən sayırlar. “Ğüfeylə” namazı müstəhəb namazlardandır və onun müstəhəbliyi barəsində imamlardan bir neçə rəvayət nəql olunmuşdur.[1] Buna görə də bütün fəqihlər onun müstəhəb olmasına dair nəzər vermişlər.[2]
Sualda bu namazın fəzilətini çatdırmaq üçün qeyd olunan mətləb düzgün deyildir. Özü də belə bir şey mötəbər hədis kitablarında yoxdur, hətta bu məzmunun oxşarı da heç bir yerdə müşahidə olunmayıb. Qeyd olunan məsələnin hədis kitablarında olub-olmamasına nəzər yetirmədən rəvayətə oxşayan bu sözün məzmununu bir neçə cəhətdən tənqid edirik:
1. Cinayətilə onun tövbəsinin arasında tənasübün olmaması
Ağıl sahibləri tərəfindən qəbul olunan və şəriətdə danılmaz prinsiplərdən biri sayılan məsələ cinayətlə cəzanın tənasübü, eləcə də cinayətlə ondan tövbənin arasındakı uyğunluqdur. Misal üçün, əgər bir nəfər başqasının əmlakını icazəsiz götürsə (oğurlasa), şəriətdə də aşkar bəyan olunduğu kimi, onun tövbəsi budur ki, malı sahibinə qaytarsın, yaxud bacardığı hər bir yolla onun razılığını əldə etsin. Əgər bir kəsin qeybətini edibsə, onun tövbəsi budur ki, ya onu bu qeybətdən agah edərək halallıq alsın, ya da onun üçün xeyir-dua edərək Allahdan bağışlanmasını istəsin. Bir kəsin abrını aparmışsa, bu böyük günahın tövbəsi budur ki, onun abır-heysiyyətini qaytarsın. Bu məsələ ilə əlaqədar çoxlu nümunələr də bəyan etmək olar. Əlbəttə, bir çox hallarda Allah-taala kiçik bir yaxşı əməllə böyük günahların cəzasından güzəştə gedir. Amma sual olunan məsələdə tənasübün olmaması o qədər qabarıqdır ki, onun üçün heç bir düzgün izah vermək olmaz.
Necə mümkün ola bilər ki, bir kəsin əli Peyğəmbər (səlləllahu əleyhi və alih) övladının və müsəlmanların haqq imamının qanına bulaşdığı halda onun bu böyük günahı “Ğüfeylə” namazını qılmaqla bağışlansın və tövbəsi qəbul edilsin?! Necə mümkün ola bilər ki, Peyğəmbər şəhərini (Mədinəni) dağıdan, müsəlmanların mal-dövlət və namusunu öz əsgərlərinə halal edən, yaxud Allah evini dağıdıb viran edən bir şəxs “Ğüfeylə” namazı qılmaqla bağışlansın?!
2. Rəvayətə oxşayan bu “rəvayətin” davamında deyilir ki, Yezid öz mənfur və çirkin əməlindən tövbə etmək üçün bu namazı qılmaq istədi, amma ürək ağrısına tutulduğuna görə onu qıla bilmədi.
Mötəbər hədislərdə deyilir ki, mömin insanın yaxşı işlər görmək barədə niyyəti onun əməlindən yüksəkdir: istər o əməli əncam versin, istərsə də əncam verə bilməsin.[3]
Yəni çox hallarda insan yaxşı bir iş görməyə qadir olmasa da, onu görməyi niyyət etmiş olsun. Belə bir niyyət görmək istədiyi həmin əməldən üstün və yaxşıdır. Onda necə olur ki, (bu rəvayətə görə) günahdan tövbə etmək fikrində olan bir şəxs xüsusi bir əməli əncam verməyə (“Ğüfeylə” namazını qılmağa) müvəffəq olmadığı halda onun batindəki niyyəti qəbul olunmur və onun nicatına səbəb olmur?! Bəzi günahların elə ağır nəticələri vardır ki, bir şəxs onu yerinə yetirməklə zülmətli quyulara düşür, artıq tövbə iradəsini də əldən verir. Rəvayətlərdə (əlbəttə, onunla bağlı çox müfəssəl bəhslər vardır) bəzi günahlara işarə edilmişdir ki, insan onu görməklə tövbə tövfiqini də əldən verir. Belə günahlardan biri də dində bidət qoymaqdır.[4] Belə ki, bu bidət təkcə şəxsin özünü deyil, böyük bir qrupu da haqq-həqiqət yolundan çıxararaq azğınlığa və zülmətlərə sürükləyir.
Digər bir sual budur ki, ümumiyyətlə, xəstəliyinə görə belə bir şəxsi məzəmmət etmək səhihdirmi? Necə mümkün ola bilər ki, oruc, həcc və s. fiqhi (şər’i) hökmlərdə istitaəti (fiziki cəhətdən qüdrəti) bu mühüm vacib əməllərin yerinə yetirilməsində şərt hesab edək, (belə ki, əgər bir şəxs xəstələnib oruc tuta bilməsə və oruc onun üçün zərərli olsa nəinki oruc ona vacib deyil, üstəlik onun oruc tutması da haram işdir), lakin “Ğüfeylə” namazı kimi müstəhəb bir əməli yerinə yetirməkdə (şəxsin ixtiyarından xaricə olan) bir xəstəliyə tutulduğuna görə əfv etməmiş olaq?!
3. Bu hadisədə həzrət Zeynəbə onun məqam və şəni ilə uyğun olmayan bir mətləb aid edilir. İmam Səccad (əleyhis-salam)-ın Yezidə dediyi “Ğüfeylə” namazını qılmaq imam Hüseyni qətlə yetirməklə əlaqədar günahdan tövbənin qəbul olmasına səbəb olacaqdır” sözünə həzrət Zeynəb etiraz edərək deyir: “Sən atanın qatilini bağışlatmaq istəyirsənmi?!”
Vəhy xanədanından olan, imamətin yüksək şən və məqamını bilən həzrət Zeynəb adi bir şəxs kimi öz imamına etiraz edə bilərdimi?! Bəzən məsum imam, yaxud Allahın övliyalarından digər biri elə bir iş görür ki, zahirdə din və şəriətlə müxalif olması nəzərə çarpır. Burada nəinki əməlin həqiqəti barəsində sual və etirazın eybi yoxdur, üstəlik qəbul olunan bir məsələdir. Bu barədə Xızır ilə yoldaş olduğu zaman Həzrət Musanın (əleyhiməs-salam) etirazını qeyd etmək olar: Xızır oğlan uşağını qətlə yetirdiyi zaman Musa etiraz edərək deyir: “Bir dəlil olmadan (günahsız) insanı öldürməməlisən!” Lakin həzrət Zeynəbin adından deyilən bu sözdə o, imam Səccad (əleyhis-salam)-ın əməllərindən birinə etiraz edir. Halbuki, əvvəla, məsum imamın ən bədbəxt insanları belə xeyrə və tövbəyə doğru hidayət etməsini təvəqqe etmək olar. İkincisi, imam Səccad (əleyhis-salam)-ın məsum imam və atasının qanının sahibi ünvanı ilə qatili bağışlamaq haqqı var idi.
4. Digər bir irad da imam Səccad (əleyhis-salam)-ın həzrət Zeynəbə verdiyi cavabdır: “Mən dedim ki, “Ğüfeylə” namazı Yezidə nicat verər, amma siz nigaran olmayın; o bu namazı qılmağa heç vaxt müvəffəq olmayacaqdır!”
Bu bir növ iğradır (aldatmadır), çünki bir nəfər öz günahlarının bağışlanması üçün məsum imamdan yol göstərməsini xahiş edir, amma imam onun bacarıqsız olduğunu bilərək heç vaxt əncam verə bilməyəcəyi bir əmələ təşviq edir. Əgər Yezid doğrudan da öz çirkin əməlindən peşman olsaydı, imam Səccad (əleyhis-salam) ona elə bir əməli deməli idi ki, onu əncam verməklə nicat tapsın.
Bundan əlavə, Yezid heç vaxt imam Hüseyn (əleyhis-salam) və onun köməkçilərini qətlə yetirməkdən peşman olmamışdı. O öz cinayətlərini bir neçə il davam etdirdi və Hirrə faciəsini törətdi. Daim öz cinayətlərinə israr edən bir şəxsin tövbəsi üçün yol göstərmək və beləliklə ümumxalq fikirlərində ona qarşı bəraət qazandırmaq üçün imamın heç bir dəlili yox idi.
[1] Mərhum Seyid ibni Tavus özünün “Fəlahus-sail” kitabında bu namazın fəziləti barəsində bir neçə hədis nəql etmişdir. “Fəlahus-sail”, səh. 244, “İslami təbliğat” nəşriyyatı, Qum, bi.ta
[2] Fazil Lənkərani, Məhəmməd, “Səlat” kitabı, səh. 54, Qum, 1408-ci qəməri il
[3] Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: قَالَ رَسُولُ اللَّهِ ص نِيَّةُ الْمُؤْمِنِ خَيْرٌ مِنْ عَمَلِه “Möminin niyyəti onun əməlindən yaxşı və üstündür.” Kuleyni, Məhəmməd ibni Yəqub, “Əl-kafi”, 2 cild, səh. 84, “Darul-kutubil-islamiyyə”, Tehran, 1374-cü şəmsi il
[4] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü qəməri il, 69-cu cild, səh. 216