Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in əməli rəftar və davranışlarından biri başqalarına hədiyyə vermək və başqaları da hədiyyə verdikdə onu qəbul etmək idi. Amma o həzrətdən nəql olunan rəvayətlərə əsasən, bu iş insanın özü və başqaları üçün əzab-əziyyətə, məşəqqətə səbəb olmamalıdır. Çünki bu işdə əsas məqsəd ülfət və ünsiyyət yaratmaqdır. Əgər onun qayda-qanunlarına və şərtlərinə əməl olunmasa, münasib və xoşa gələn nəticələr verməyəcəkdir.
Din təlimlərində təkid olunan məsələlərdən biri də başqalarına hədiyyə verməkdir. Əlbəttə, xatırlatmaq lazımdır ki, dini mənbələrdə hədiyyə maddi hədiyyələrdən daha geniş məna kəsb edərək mənəvi hədiyyələrə də şamil olur. Bu barədə Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən çoxlu rəvayətlər nəql olunmuşdur ki, burada bəzilərini qeyd edirik:
1. “İnsanın müsəlman qardaşlarına qarşı alicənablıq və şərafətinin əlamətlərindən biri budur ki, onun hədiyyəsini qəbul etsin, malik olduğu şeylərdən də ona hədiyyə versin, amma özünü ona görə məşəqqətə salmasın.” Sonra buyurur: “Mən bu barədə özlərini məşəqqətə salanları sevmirəm.”[1]
Bu rəvayətdə Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) hədiyyə almağı və verməyi müsəlman insanın şərafət əlaməti hesab edir. İşarə olunan incə məsələ budur ki, hədiyyə gərək əzab-əziyyət və məşəqqətlə yanaşı olmasın, hədiyyəni seçəndə insanın maddi imkanları nəzərə alınsın. Bundan qeyri hallarda təkəllüf (özünü yersiz zəhmətə salmaq) sayılır ki, hədiyyədə nəzərdə tutulan məqsədlə fərqlidir.
2. İmam Baqir (əleyhis-salam) buyurur: “Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) hədiyyəni qəbul edirdi, lakin sədəqəni almaqdan çəkinirdi. Həm də buyururdu: “Bir-birinizə hədiyyə verin, çünki hədiyyə dilxorluğu və narazılığı, qədim kin-küdurətləri və düşmənçilikləri aradan aparır.”[2]
3. İmam Riza (əleyhis-salam) atasının və əziz babalarının dilindən belə nəql edir: “Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) hədiyyəni sevirdi və ürəyincə idi. Amma onu tələb etmir və onun əvəzini çıxmaq üçün (müəyyən) işlər görürdü.”[3]
4. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Hədiyyə üç cürdür: biri başqa hədiyyənin müqabilində olan, ikincisi barışıq üçün olan, üçüncüsü isə Allahın razılığı üçün olan hədiyyədir.”[4]
5. O həzrət yenə buyurur: “Əgər məni inək və ya qoyun xaşı yeməyə qonaq etsələr, əlbəttə, qəbul edərəm. Əgər mənə inək və ya qoyun xaşı hədiyyə göndərsələr, əlbəttə, qəbul edərəm.”[5]
O həzrət inək və ya qoyun xaşını sadəcə nümunə ünvanı ilə qeyd etmişdir. Əsas məqsədi budur ki, hətta az dəyərli şey də hədiyyə etsələr, qəbul edərəm.
6. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Hədiyyə qablarını qaytarmağa tələsin, çünki (qarşı tərəf hədiyyə verməkdən peşman olmasın və) yenə də sizə hədiyyə gətirsin.”[6]
7. İmam Riza (əleyhis-salam) ata-babalarından Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in belə buyurduğunu nəql edir: “Hədiyyə necə gözəl şeydir! Çünki o, hacətlərin açarıdır.”[7]
Hədiyyə barəsindəki rəvayətlərdən nəticə almaq olar ki, bu əməl böyük əhəmiyyət daşısa da və Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) ona tövsiyə etsə də, onun şərtlərinə, qayda-qanunlara və xüsusiyyətlərə əhəmiyyət vermək zəruridir. Çünki hədiyyənin əsas hədəfi mehr-məhəbbət, səfa-səmimiyyət icad etmək, kin-küdurəti və düşmənçiliyi aradan aparmaqdır.
[1] Təbərsi, Əli ibni Həsən, “Mişkatul-ənvar”, səh. 219, “Heydəriyyə” kitabxanası, Nəcəfi-Əşrəf, 1385-ci qəməri il
[2] Yenə orada
[3] Yenə orada
[4] Kuleyni, Məhəmməd ibni Yəqub, “Əl-kafi”, 5-ci cild, səh. 141, hədis 1, “Darul-kutubil-islamiyyə”, Tehran, 1365-ci şəmsi il
[5] Səduq, Məhəmməd ibni Əli, “Mən la yəhzuruhul-fəqih”, 3-cü cild, səh. 299, “Camieyi müdərrisin” nəşriyyatı, Qum, 1413-cü qəməri il
[6] Yenə orada, səh. 300
[7] Səduq, Məhəmməd ibni Əli, “Uyunu əxbarir-Riza (əleyhis-salam)”, 2-ci cild, səh. 74, hədis 342, “Cəhan” nəşriyyatı, 1387-ci qəməri il