Siffeyn müharibəsinin ən mühüm səbəbi Müaviyənin həzrət Əli (əleyhis-salam)-a beyətdən imtina etməsi idi. O, Əli (əleyhis-salam)-ı Osmanın qətlində müttəhim edirdi. Bu müharibədə Əli (əleyhis-salam)-ın qoşunu tam və qəti qələbə ərəfəsində olan zaman Əmr Asın hiyləsi ilə Müaviyənin xeyrinə tamam oldu və həkəmeyn (münsiflər) hadisəsi ilə imam Əli (əleyhis-salam) zərurətin tələbi ilə öz qanuni istəklərindən müvəqqəti olaraq əl çəkməli oldu. İmam Əlini, Müaviyə ilə aparılan müharibəyə son qoymağa vadar edənlərdən bir qrupu sonralar öz səhvlərini başa düşdülər və Əli (əleyhis-salam)-a təzyiq göstərdilər ki, Müaviyə ilə bağladığı müqaviləni pozsun. Həzrət qəbul etmədikdə onlar Nəhrəvan müharibəsini törətdilər.
Əli (əleyhis-salam) özünün qısa müddətli (beş illik) xilafəti dövründə üç böyük müharibə apardı. Cəməl müharibəsi adlanan birinci müharibə o həzrətin xeyrinə tamam oldu, lakin bu fəth və qələbə onu həmişəlik nigarançılıqdan çıxartmadı. Çünki Əbu Süfyanın oğlu Müaviyə kimi bir mənfur şəxs Şamda xilafət iddiası edirdi. O, Ömərin xilafəti dövründən etibarən Şamda hakimiyyətdə idi və istəyirdi ki, ömrünün axırına qədər orada müstəqil şəkildə hakimiyyətdə olsun. Əli (əleyhis-salam) islam cəmiyyətini azğınlıqdan qoruyub saxlamalı, belə bir ağır vəzifənin tələbi ilə bu hiyləgər rəqib və onun tərəfdarlarının fitnəsini aradan qaldırıb dəf etməli idi. (Onlara qasitin – zülmkarlar deyirdilər).
Əli (əleyhis-salam) mühacir və ənsarın israrı ilə Mədinədə xilafətə seçildi. O həzrət şamlıların törətdiyi fitnə odunu söndürməklə islam cəmiyyətində ittihad, nəzm-intizam və asayişi bərqərar etmək istəyərkən Bəsrə nahiyəsində baş qaldıran Cəməl fitnəsi ilə qarşılaşdı. Bəsrədə əhd-peyman pozanlar imamın nümayəndəsini şəhərdən çıxarıb iğtişaş yaratdılar. Buna görə də imam ilk qərarından dönərək Bəsrəyə yola düşdü. Şama doğru ona görə hərəkət edirdi ki, Müaviyə imamın yazdığı məktublarda beyətə boyun əymədi, üstəlik Cəməl səhabələri kimi imam Əlini Osmanın qətlində müttəhim edərək Osmanın qatillərindən intiqam alınmasını özləri üçün bir bəhanə seçmişdilər.[1]
Diqqət yetirmək lazımdır ki, o günlərdə Osmanın intiqamı məsələsi hər bir zalım şəxs üçün fitnə salmağa dair bir bəhanə idi. Qəribədir: elə Osmanın qatilləri onun intiqamını almağı iddia və elə bir şəxsi müttəhim edirdilər ki, Osmanın qətlində ümumiyyətlə onun əli olmamışdı, üstəlik xeyirxahlıq məqsədi ilə ona nəsihət edir, xəlifənin evi inqilabçılar tərəfindən mühasirəyə alındığı zaman imam Həsən (əleyhis-salam)-ın vasitəsi ilə evin içinə su göndərirdi.[2]
Əli (əleyhis-salam) Müaviyəyə məktubunda yazdı: “Mənə beyət ümumi bir beyətdir və bütün müsəlmanlara aiddir: istər beyət zamanı Mədinədə olsunlar, istərsə də Bəsrədə, Şamda və başqa şəhərlərdə. Sən güman edirsən ki, Osmanın qətlində məni müttəhim etməklə mənimlə beyətdən imtina edə bilərsən. Hamı bilir ki, onu mən qətlə yetirməmişəm ki, məndən qisas almaq lazım gəlsin. Osmanın varisləri atalarının intiqamını almaqda səndən irəlidirlər. Sən özün onunla müxalifət edənlərdən birisən: o səndən kömək istəyəndə kömək etmədin, nəticədə qətlə yetirildi.”[3]
Əli (əleyhis-salam) bir çox hallarda camaata aydınlıq gətirir və Müaviyənin hiylələrini ifşa edirdi. Bu barədə əlavə məlumat almaq üçün “Nəhcul-bəlağə”nin şərhlərinə və bu barədə yazılan başqa kitablara müraciət edə bilərsiniz.
Əli (əleyhis-salam)-ın müharibə apardığı üçüncü qrup xəvaric idi. Onlar əvvəlcə Əli (əleyhis-salam)-ın əsgərləri olsalar da, o həzrət Siffeyn müharibəsində həkəmiyyət hadisəsi ilə müxalifət etdiyinə görə ondan ayrılaraq itaətsizlik etdilər və onun əleyhinə qiyam elan etdilər. Buna görə də onlara mariqin deyilir.
Əli (əleyhis-salam)-ın xəvariclə müharibəsinin səbəbləri barəsində əlavə məlumat almaq üçün aşağıdakı suallara müraciət edin:
Sual 7299 (sayt: 7555), “Müaviyənin icad etdiyi fitnə odunu söndürmək üçün Əli (əleyhis-salam)-ın tərəddüdü və xəvaricin azğınlığı”; sual 1587 (sayt: 2440), “Müaviyənin küfrü və imam Həsən (əleyhis-salam)-ın sülhü”
[1] İbni Əbil-Hədid, “Nəhcul-bəlağə”nin şərhi, 3-cü cild, səh. 88, Ayətullah Mərəşinin kitabxanası, Qum, 1404-cü qəməri il.
[2] Müfid, Məhəmməd ibni Məhəmməd, “Əl-fusulul-muxtarə”, səh. 228, Şeyx Müfid konfransı, Qum, 1413-cü qəməri il
[3] “Nəhcul-bəlağə”nin şərhi, 3-cü cild, səh. 89