Həyatda ruhi asayiş və xatircəmlik mənasına olan aramlıq islam dinində bəyənilən, xoşagələn və təriflənən bir həqiqətdir. Ona nail olmaq üçün çoxlu yollar bəyan olunmuşdur. İslam mənbələrində ruhi asayişə çatmağın amillərindən bəziləri bunlardır: Allahı yad etmək, hüsnü-zənn, özünə etimad etmək, uzun-uzadı və əlçatmaz arzulardan uzaq olmaq, evlənib ailə qurmaq, bütün həyat işlərində nəzm-inzibatlı olmaq, gecədən istirahət məqsədi ilə istifadə etmək, qara üzüm kimi sağlam və təbii yeməklərdən istifadə etmək, başı, paltarı yumaq və s. paklıq vasitələrindən istifadə etmək; bunun müqabilində çoxlu amillər də asayiş və aramlığın həyata keçməsinə mane olur, o cümlədən: dünyaya məftun olmaq, ona həddindən artıq rəğbət göstərmək, başqalarına həsəd etmək, şəkk-şübhədə olmaq, tamahkarlıq və s.
Dini mənbələrimizdə ruhi asayiş və aramlığa nail olmaq üçün çoxlu yollar bəyan olunmuşdur. Bu da onu əldə etməyin mümkünlüyünə ən yaxşı dəlildir. Bundan əlavə, din göstərişlərinə dəqiq şəkildə əməl etməklə ruhi asayişə nail olan böyük din şəxsiyyətlərinin həyat tarixini mütaliə etmək də həyatda ruhi asayişin kəsb olunmasının sadəcə bir şüar olmadığını isbat edə bilər. Bunu bizim özümüz də dini göstərişlərə əməl etməklə özümüzdə hiss edə, təcrübədən çıxara bilərik.
Aramlıq – həyatda ruhi asayiş və təmkinli olmaq mənasınadır.[1] Bunun müqabilində isə təşviş, nigarançılıq və iztirab hissi dayanır.
İslam dini nəzərindən ruhi xatircəmlik və asayiş həqiqi, gerçək və mümkün olan bir işdir. Dini mənbələrimizdə ruhi asayişə nail olmaq üçün müxtəlif yollar bəyan olunmuşdur. Bunun özü də ona nail olmağın mümkünlüyünə ən tutarlı dəlildir. Bundan əlavə, din göstərişlərinə əməl edərək son dərəcə ruhi asayişə nail olan böyük din şəxsiyyətlərinin həyat tarixini mütaliə etmək də həyatda ruhi asayişin kəsb olunmasının sadəcə bir şüar olmadığını isbat edə bilər. Bizim özümüz də bu göstərişlərə əməl edərək onu öz həyatımızda icra edə bilərik.
Aramlıq və ruhi asayiş yaradılmasının amilləri:
Quran və rəvayətlərdə ruhi asayiş üçün çoxlu amillər bəyan edilmişdir ki, onların bəzilərini qeyd edirik:
1. Həmişə Allahı xatırlamaq. Quranda buyurulur: “Agah olun! Həqiqətən qəlblər yalnız Allahı yad etməklə aramlıq tapar.”[2] Allahı yad və zikr etmək dedikdə məqsəd budur ki, insan həmişə bilməlidir ki, aləmdə heç bir varlıq Allahdan ayrı və müstəqil şəkildə təsir edə bilməz: “Bütün izzət Allaha məxsusdur”,[3] “Bütün varlıq aləmi, mülk, səltənət və qüdrət Ona məxsusdur”, “Bəndələrin başıuca, əziz və ya zəlil olması da Onun əlindədir. O, hər bir şeyə qadirdir.”[4]
Bu məqamda olan insan üçün heç bir nigaranlıq, qorxu və hüzn yoxdur. Belə ki, Quranda buyurulur: “Hər kəs Mənim hidayətimə tabe olsa, artıq onun üçün heç bir qorxu və nigaranlıq yoxdur.”[5]
Bəli, əgər insan aləmdə olan hər bir qüdrət və dəyişikliyin yalnız böyük Allaha məxsus olduğuna və yalnız Onun səbəbi ilə baş verdiyinə həqiqi mənada və bütün varlığı ilə inansa, habelə bu mənanı dilində təkrar edərək “la hovlə və la quvvətə illa billahil-əliyyil-əzim” desə, heç bir iztirab və nigarançılığa düçar olmaz. Əziz islam Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurmuşdur: لاحول و لاقوة الا بالله العلي العظيم “La hovlə və la quvvətə illa billah zikri ən aşağı səviyyəlisi qəm-qüssə olan 99 dərdə şəfadır.”[6]
Allaha təvəkkül etmək
Təvəkkülün mənası budur ki, insan öz vəzifəsini bacardığı həddə əncam verərək işlərinin nəticəsini Allaha həvalə etsin. Quranda buyurulur: “Hər kəs Allaha təvəkkül etsə, Allah ona kifayət edər.”[7]
3. Allahın istəyinə və qəza-qədərinə razı olmaq
Əgər insan Allahın həmişə Öz bəndələrinə xeyirxah olduğunu bilsə və Onun istəklərinə təslim olsa, artıq heç bir nigarançılığı olmaz.
4. İlahi övliyalara itaət və onlarla əlaqə
Mütəal Allah Öz Peyğəmbərinə buyur: “Camaatdan xüms və zəkat aldığın zaman onlara salam göndər. Çünki sənin onlara salam verməyin onların ruhi asayişinə səbəb olur.”[8]
5. İmanlı və əməlisaleh şəxs ilə ailə qurmaq
Quran buyurur: “İlahi ayə və nişanələrdən biri budur: Allah sizin üçün öz növünüzdən olan həyat yoldaşları qərar verdi ki, onların vasitəsi ilə ruhi asayişə nail olasınız.”[9]
6. Gecə istirahət etmək
Allah-taala Quranda buyurur: “O həmin Allahdır ki, gecəni sizin aramlıq tapmağınız üçün bir vasitə qərar verdi.”[10]
7. Təbii və sağlam yeməklərdən istifadə etmək
Rəvayətlərdə buyurulur ki, qara üzüm yemək qəm-qüssəni aradan aparır.[11]
8. Paklığa riayət etmək
Çoxlu rəvayətlərdə deyilir ki, paltarı yumaq[12], başı yumaq[13] və s. qəm-qüssənin və iztirabın aradan getməsinə səbəb olur.
Bunlar Quran ayələri və rəvayətlərdə ruhi asayişi icad edən amillər kimi irəli çəkilir.
Digər tərəfdən, əgər insan ruhi asayişə mane olan, pərişanlıq və iztiraba səbəb olan amillərdən uzaq olsa, ruhi xatircəmliyə və asayişə şərait yaratmış olacaqdır. Rəvayətlərdə qeyd olunduğu kimi, ruhi asayişi aradan aparan səbəblərin bəziləri aşağıdakılardır:
1. Dünyaya məftun olmaq və ona ürək bağlamaq
Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Dünyaya rəğbət göstərib məftun olmaq insanın qəm-qüssəsinə və hüznünə səbəb olur, zöhd (dünyaya bağlı olmamaq) və dünyaya rəğbətsiz olmaq insanın ruh və cisminin rahatlığına və asudəliyinə səbəb olur.”[14]
İmam Xomeyni (rəhmətullahi əleyh) də rəvayətlərə diqqət yetirməklə oğlu hacı Seyid Əhmədə buyururdu: “Mən cəmiyyətin müxtəlif siniflərinin vəziyyəti barədə tədqiqat apardıqda bu nəticəyə çatmışam ki, varlı, sərvətli və qüdrətli siniflərin daxili və ruhi əzab-əziyyətləri sair xalq kütlələrindən daha artıq və daha gərgindir, onların nail ola bilmədikləri çoxlu uzun-uzadı arzular daha əzabverici və ürək yandırıcıdır... İnsanların nicatına və ruhi asayişinə səbəb olan şeylər dünyadan və ona aid olan şeylərdən uzaq olmaqdır. Bu da yalnız Allahı daim xatırlamaqla hasil olur.”[15]
2. Camaatın mal-dövlətinə tamah gözü dikmək
Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Hər kəs başqalarının mal-dövlətinə tamah gözü dikərsə, onun qəm-qüssəsi və hüznü uzun olar.”[16]
3. Həsəd etmək
Əmirəl-möminin Əli (əleyhis-salam) buyurur: “Həsəd edən adamdan başqa elə bir zülmkar adam görməmişəm ki, məzluma hamıdan çox oxşasın. Çünki onun qəlbi daim qəm-qüssəli və hüznlüdür.”[17]
4. Şəkk-şübhə və razı olmamaq
Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Həqiqətən Allah-taala Öz hikmət və fəzli ilə rahatlığı və şadlığı yəqin və riza məqamında vermiş, qəm-qüssə və narahatçılığı isə şəkdə və narazılıqda qoymuşdur.”[18]
Deməli, tam ruhi asayişə nail olmaq sadəcə bir şüar deyil, əksinə əldə oluna bilən bir həqiqətdir və onun üçün çoxlu əməli yollar vardır ki, dini mənbələrdə aşkar şəkildə bəyan olunmuşdur.
[1] “Əl-misbahul-munir”, “ta” hərfi, “təm’ənə” kökü
[2] “Rəd” surəsi, ayə: 28: اَلاَ بِذِکْرِ اللِه تَطْمَئِنُّ الْقُلُوبُ
[3] “Nisa” surəsi, ayə: 139: اِنَّ الْعِزَّةَ لِلَّهِ جَمِيعاً
[4] “Ali-İmran” surəsi, ayə: 26:
قُلِ اللَّهُمَّ مالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَنْ تَشاءُ وَ تَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشاءُ وَ تُعِزُّ مَنْ تَشاءُ وَ تُذِلُّ مَنْ تَشاءُ بِيَدِكَ الْخَيْرُ إِنَّكَ عَلى كُلِّ شَيْءٍ قَديرٌ
[5] “Bəqərə” surəsi, ayə: 38: فَمَنْ تَبِعَ هُدَايَ فَلاَخَوْفٌ عَلَيْهِمْ
[6] “Biharul-ənvar”, 74-cü cild, səh. 88
[7] “Talaq” surəsi, ayə: 3: وَ مَنْ يَتَوَکَّلْ عَلَي اللهِ فَهُوَ حَسْبُهُ
[8] “Tövbə” surəsi, ayə: 103: اِنَّ صَلَوتَکَ سَکَنٌ لَهُمْ
[9] “Rum” surəsi, ayə: 21: وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا لِّتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةً وَرَحْمَةً إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ
[10] “Yunis” surəsi, ayə: 67: هُوَ الَّذِي جَعَلَ لَکُمُ اللَّيْلَ لِتَسْکُنُوا فِيهِ
[11] “Biharul-ənvar”, 73-cü cild, səh. 323: عَنْ بَكْرِ بْنِ صَالِحٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ شَكَا نَبِيٌّ مِنَ الْأَنْبِيَاءِ إِلَى اللَّهِ الْغَمَّ فَأَمَرَهُ بِأَكْلِ الْعِنَبِ.
[12] “Biharul-ənvar”, 76-cı cild, səh. 84; “Xisal”: غَسْلُ الثِّيَابِ يَذْهَبُ بِالْهَمِّ وَ الْحُزْنِ
[13] “Biharul-ənvar”, 76-cı cild, səh. 323: مَنْ وَجَدَ هُمَا فَلاَ يَدْرِي مَا هُوَ فَلْيَغْسِلْ رَأْسَهُ
[14] “Biharul-ənvar”, 73-cü cild, səh. 91: قَالَ رَسُولُ اللهِ (ص): "الرَّغْبَةُ فِي الدُّنْيَا تُورِثُ الْغَمَّ وَ الْحُزْنَ، وَ الزُّهْدُ فِي الدُّنْيَا رَاحَةُ الْقَلْبِ وَ الْبَدَنِ
[15] “Vədeye didar”, “İmam Xomeyninin (rəhmətullahi əleyh) əsərlərinin tənzim və nəşri” müəssisəsi, məktub: 26-4-1363
[16] “Biharul-ənvar”, 77-ci cild, səh. 172: قَالَ رَسُولُ اللهِ (ص): "مَنْ نَظَرَ اِلَي مَا فِي اَيْدِي النَّاسِ، طَالَ حُزْنُهُ وَ دَامَ اَسَفُهُ
[17] “Biharul-ənvar”, 63-cü cild, səh. 256
[18] “Biharul-ənvar”, 77-ci cild, səh. 61 (“Töhəful-uqul”)