“Dua” kəlməsi çağırmaq, hacət istəmək, kömək diləmək mənasınadır və bəzən ümumi şəkildə “çağırmaq” nəzərdə tutulur. Termində isə, dua Allah-taaladan hacət istəmək mənasınadır. Quranda “dua” və bu kökdən alınan kəlmələr təqribən 13 mənada işlədilmişdir.
Dua bir növ ibadət olduğundan, sair ibadətlər kimi müəyyən (isbati və inkari) şərtlərə malikdir. Belə ki, onlara riayət olunması insanın Allah dərgahına yaxınlaşmasına və duasının qəbul olunmasına səbəb olur. Duanın qəbul olunmasının mənası onun dərhal qəbul olunması və nəticələrinin qısa müddət ərzində zahir olması deyildir. Buna görə də bəzən qəbul olunmanın əsər-əlamətləri qırx ildən sonra zahir olur, yaxud Allah-taala o duanın əvəzini axirətdə bir neçə qat artıqlaması ilə dua edən şəxsə verir və dua edən şəxs onu müşahidə etməklə “kaş dünyada heç bir hacətim və duam qəbul olunmayaydı!” - deyə arzu edər.
İslam alimləri Quran ayələrindən və məsumların (əleyhimus-salam) rəvayətlərindən istifadə etməklə dua üçün müxtəlif ədəb qaydaları və şərtlər qeyd etmişlər ki, əgər onlara riayət olunsa, dua mütləq qəbul olunacaqdır. Mərhum Feyz o şərtlərdən onunu qeyd etmişdir. “Üddətud-dai” kitabında da digər on şərt nəql olunmuşdur. “Dualar və Quran təhlilləri” kitabının müəllifi dua üçün on yeddi şərt sadalayır.
Müxtəlif rəvayətlərdə mövcud olan təbirlərə diqqət yetirməklə duanın mütləq qəbul olunmasında təsirli olan şərtləri qeyd edirik:
– Dua gərək Allah-taalanın xəlq etdiyi ən gözəl aləm quruluşunun və Onun qəti qəzasının (hökmünün) əksinə olmasın, əks halda qəbul olunmayacaqdır;
– Duanın əvvəlində və axırında Peyğəmbərə və onun Əhli-Beytinə salavat göndərilsin;
– Dua edən şəxs Allah-taala barəsində kamil qəlbi mərifətə malik olsun;
– Dua edənin ümidi yalnız Allaha olsun, Ondan başqa heç kəsə arxalanmasın;
– Dua edən şəxsdə ixlas (tam sadiq niyyət) və iztirar haləti yaranmış olsun (əli hər bir şeydən üzülmüş, çıxılmaz vəziyyətə düşmüş olsun);
– Dili qəlbi ilə tam uyğun, həmahəng olsun;
– Dua edən şəxs vacibləri yerinə yetirib haram əməlləri tərk etsin, öz günahlarından istiğfar (tövbə) edib Allahdan bağışlanmaq diləsin;
– Duaya israr etsin, Allahdan yəqin şəkildə istəsin və məyus olmasın;
– Dua edərkən desin ki, “Pərvərdigara! Sənin məsləhət bildiyin və mənim də xeyrimə olan şeyləri əncam ver!” Həm də yəqin etsin ki, Allah duasını qəbul edəcəkdir, hətta onun əsər-əlamətləri sonradan zahir olsa da belə.
Suala cavab verməzdən qabaq Quran nəzərindən duanın mənası və onun zərurətinə qısa şəkildə işarə edirik:
Duanın zərurəti və əncam verilməsi məsələsi yalnız İslam dinində qəti və şübhəsiz məsələ deyildir; əksinə keçmiş səmavi dinlərdə və sələf peyğəmbərlərin nəzərində də mühüm və qəti bir məsələ olmuşdur. İlahi səfirlər və rəhbərlər bu mətləbi camaata təlim vermiş, özləri də bir çox hallarda dua etmişlər. O cümlədən, həzrət İbrahim (əleyhis-salam)-ın duası və onun qəbul olunması “İbrahim” surəsinin 37-ci ayəsində zikr olunmuşdur.[1] Həmçinin, həzrət Musa (əleyhis-salam)-ın duası,[2] eləcə də digər peyğəmbərlərin duaları bəyan olunmuşdur. Allah-taala çoxlu ayələrdə bəndələri dua etməyə dəvət edir. O cümlədən “Bəqərə” 186, “Ğafir” 60 və s. qeyd etmək olar.
Duanın lüğət və termindəki mənası: Lüğətdə dua “çağırmaq”, “hacət istəmək”, “kömək diləmək”, bəzən isə ümumi şəkildə “çağırmaq” mənasında işlədilir.[3]
Termində isə “Allah-taaladan hacət istəməyə” deyilir. “Dua” kəlməsi və ondan alınan digər kəlmələr Quranda təqribən on üç mənada işlənmişdir. Onlardan “çağırmaq”, “dua etmək”, “Allahdan istəmək”, “nida etmək”, “hər hansı bir şeyə və ya şəxsə doğru dəvət etmək”, “yalvarış”, “kömək istəmək”, “ibadət etmək” və s.[4]
Bəzi ayə və rəvayətlərdən məlum olur ki, dua bir növ ibadət və pərəstişdir. Bundan əlavə, bəzi təbirlərdə “dua ibadətin məğzi” kimi qeyd olunur. Buna əsasən, dua da sair ibadətlər kimi həm müsbət, həm də inkari şərtlərə malikdir. Başqa sözlə desək, duanın düzgün və kamil şəkildə yerinə yetirilməsi, insanı Allah dərgahına yaxınlaşdırması və hacətlərinin qəbulunda təsirli olması üçün gərək dua edən şəxs müəyyən şərtlərə riayət və ədəb qaydalarına əməl etsin, müəyyən maneələrdən uzaqlaşsın. Məhz bu məsələyə diqqət yetirməklə bəzi duaların nə üçün qəbul olunmaması aydın olur. Çünki, Allah-taala hər şeyi bilir, Onun bütün işləri hikmət və məsləhət üzündəndir. Duanın qəbul olunması məsləhətə bağlıdır, qəbul vədəsi də məsləhət ilə şərtləndirilir. Əgər kərim, əliaçıq və səxavətli bir şəxs elan edərək “hər kəs məndən bir şey istəsə, mütləq verəcəyəm!” - desə, başqa bir şəxs də gəlib öz zərərinə, hətta onun məhvinə səbəb olan bir şeyi – özünə faydalı olduğunu güman edərək – istəyərsə, bu halda nəinki o şəxsə bir şey verməmək daha münasibdir, üstəlik həmin şeyi vermək onun barəsində zülm və haqsızlıq da hesab olunur. Bəndələrin dua və istəklərinin əksəriyyəti özləri də bilmədən onların zərərinədir.[5]
Rəft toğyani ab əz çeşməş qoşad
Abi çeşməş zər’i-din ra ab dad
Su tüğyan edərək açıq gözlərindən getdi,
Gözünün suyu dinin əkin sahəsini suvardı.
Ey bəsa müxlis ki naləd dər dua,
Ta rəvət dudi xulusəş bər səma.
Çox vaxt muxlis şəxs duasında nalə edir,
İxlasının tüstüsü səmalara qalxır.
Ta rəvət balayi in səqfi bərin,
Buyi mücmər əz ənini muznibin.
Onun naləsi bu mavi səmanın yüksəkliyinə qalxar,
Günahkarların ah-nalə səsindən yaranan iy yuxarı gedər.
Pəs məlaik ba Xoda nalənd zar
Key mucibi hər dua, vey müstəcar.
Bu zaman mələklər Allahın hüzurunda nalə və əfğanla deyərlər:
Ey hər duanı qəbul edən, ey hər bir şəxsə pənah verən!
Bəndeyi mömin təzərro mikonəd,
O nemidanəd be coz tu mustənəd.
Mömin bəndə Sənin dərgahında ah-nalə edir,
Onun Səndən başqa heç bir sığınacağı yoxdur.
To əta biganegan ra midəhi,
Əz tu darəd arizuyo hər möntəhi.
Sən yadların hamısına əta edənsən,
Hər arzu edən Səndən arzu edir.
Həqq befərmayəd ki, nəz xariyu ust
Eyni tə’xiri əta, yariye ust
Allah buyurar: Ona əta etməməyim onun xarlığı üzündən deyildir;
Verəcəyim şeyləri təxirə salmağım onun özünə köməkdir.[6]
“Hədisi-Qüdsi”də deyilir: “Bəndələrimin bəziləri yalnız mal-dövlət verməklə, zəngin etməklə islah olunar, imanlarını qoruyub saxlayarlar; əgər onlar üçün başqa bir vəziyyət baş verərsə, məhv olarlar. Bəziləri də fəqirlik və yoxsulluqla islah olunar; əgər onlara bundan başqa bir şey müqəddər edilərsə, onların həlakına səbəb olar.”[7]
Burada belə bir şübhə yarana bilər: Allah bizim məsləhətimizi daha yaxşı bilir, istədiyi şeyləri müqəddər edir və şübhəsiz, bunlar da baş verəcəkdir. Onda bizim dua etməyimizə hansı bir əsas qalır?! Cavabda bu miqdarla kifayətlənirik: Allahın müqəddər etdiyi bəzi işlərin gerçəkləşməsi bəndənin duası ilə şərtlənir. Bu mənaya ki, əgər bəndə dua edərək Allahdan istəsə, ilahi məsləhət onu əta etməyə təəllüq tapır. Əgər dua etməsə, heç bir məsləhət mövcud deyildir və onun üçün təqdir olunmur.[8]
Buna görə də Allah-taala, Onun xəlq etdiyi ən gözəl quruluşun əksinə və ya Onun qəti hökmünə zidd olan duaları qəbul etmir. Misal üçün, bir şəxs Allahdan həmişə diri olmasını və heç vaxt ölməməsini arzu edir. Bu dua qəbul olunmur, çünki Allahın “Ali-İmran” surəsinin 185-ci ayəsində “Bütün insanlar ölüm şərbətini dadacaqdır” deyə buyurulan qəti hökmü ilə müxalifdir. Yaxud bir nəfər Allahdan istəyir ki, onu məxluqların heç birinə möhtac eləməsin. Belə dua heç vaxt qəbul olunmur. Rəvayətdə qeyd olunur ki, həzrət Əli (əleyhis-salam) bir nəfərin öz dostu üçün dua edərək belə dediyini eşitdi: “Allah sənin üçün heç bir xoşagəlməz hadisə qarşıya çıxartmasın və belə şeyləri sənə rəva görməsin!” Əli (əleyhis-salam) buyurdu: “Sən öz dostunun ölümünü istədin!”[9] Yəni yaradılış aləmi və təbiət sisteminin tələbinə uyğun olaraq insan diri olduğu vaxta qədər daim xoşagəlməzliklərlə qarşılaşmalıdır, yalnız dünyadan gedən zaman onlardan xilas ola bilər.
Əllamə Məclisi (rəhmətulallahi əleyh) bir rəvayəti təfsir və izah edərkən duanın nə üçün qəbul olunmaması ilə əlaqədar suala cavabda bir neçə ehtimalı qeyd etmişdir:
Birincisi, duanın qəbul olunması ilə əlaqədar Allahın verdiyi vədə bununla şərtlənir ki, Onun istək və məşiyyəti ilə olsun. Yəni əgər istəsə və Onun məşiyyəti təəllüq tapsa, qəbul edər. Çünki Allah-taala buyurur: “Əgər Allah istəsə, onların çağırdıqları şeyləri onlardan uzaqlaşdırar” [10] – yəni əgər istəsə, bəla və məşəqqəti sizdən uzaqlaşdırar.
İkincisi: Rəvayətlərdə “qəbul olunmaq” dedikdə məqsəd onun tələbidir və onun Allah tərəfindən mərhəmətə layiq görülməsidir. Çünki mömin dua edən kimi Allah-taala onun duasını qəbul edir, lakin istədiyi şeyi ona əta etməsini bir qədər təxirə salır ki, dua etməyə davam etsin, Allah-taala Öz məhbubunun səsini eşitsin.
An yeki Allah miqofti şəbi,
Ta ki, şirin mişod əz zikrəş ləbi.
Bir nəfər sübhə qədər “Allah Allah” deyirdi,
Dodaqları zikrindən şirinləşirdi.
Qoft şeytan axir besyar qu!
İn həme Allah ra ləbeyk ku?!
Şeytan axırda cana gəlib dedi:
Bu qədər Allah deyirsən, bəs cavabın hanı?!
Qoft ləbeykəm nemiayəd cəvab,
Zean həm mitərsəm ki, başəm rəddi bab
Dedi: ləbbeykimin cavabı gəlmir,
Qorxuram ki, Allah dərgahından qovulmuş olam!
Qoft an Allah tu ləbeyki mast
Və an niyazo dərdo suzət peyki mast.
Dedi o Allah: sən Bizim ləbbeykimizsən,
O ehtiyac, dərd-qəm, ürək yağısı Bizim elçimizdir.
Hiylehavo çare cuyuhaye to cəzbi Ma
Cəzbi Ma budo qoşad in payi to
Sənin bu qədər çarə fikirləşməklərin,
Bizim tərəfimizdən cəzb idi; və sənin ayağının açılması.
Tərso eşqi tu kəməndi lutfi mast,
Zire hər “ya Rəbbi” to ləbeykhast.
Sənin qorxun və eşqin Bizim lütfümüzün kəməndi idi
Hər “ya Rəb” kəlməsinin altında çoxlu ləbeyklər vardır.[11]
Üçüncüsü: Allah-taala duanı qəbul etməyi bununla şərtləndirmişdir ki, dua, onu edən bəndənin məsləhətinə, xeyrinə olsun. Çünki, Allah-taala hikmət sahibidir və heç vaxt bəndələrin xeyir, məsləhət və səadətinə olan şerləri faydasız istəklər naminə tərk etməz. Buradan aydın olur ki, həkim şəxs (hikmət sahibi) tərəfindən verilən belə vədələrin məsləhətlə şərtləndirmiş olduğunu bilməliyik.[12]
“Üsuli-kafi” kitabında “icabət” (duanın qəbulu) üçün dörd məna qeyd olunmuşdur:
1. Allah-taala dua edən şəxsin istəyini dərhal əta edir.
2. Allah onun istəyini qəbul edir, amma onun səsini eşitməyi sevdiyindən, verəcəyi şeyi müəyyən müddətə qədər təxirə salır.
3. Onun duasını qəbul edir, lakin təsirləri onun günahlarının paklanması və kəffarəsi qərar verir.
4. Duasını qəbul edir və onu axirət üçün ehtiyat qərar verir.[13]
Yuxarıda qeyd olunanlardan aydın olur ki, duanın icabət və qəbulunun mənası onun dərhal qəbul olunması, təsirlərinin sürətlə zahir olması, dua edən şəxsin də öz istəyinə çatması deyildir; Çünki “Yunis” surəsinin 89-cu ayəsində xatırladılır ki, Allah-taala Musa (əleyhis-salam)-ın duasını qəbul etdi, Fironun məhv olmasından ibarət olan məsləhət xatirinə onun təsirlərinin qırx ildən sonra aşkar etdi.
Bəzən duanın qəbul olunması belə zahir olur: Allah-taala dua edən şəxsin istəyinin bir neçə qat artığını axirətdə ona verir. Bu, öz məsləhətinin nədə olduğunu bilməyən şəxslərə qarşı edilir. Belə ki, axirətdə öz istəyinin əvəzini müşahidə edən zaman “kaş, dünyada heç bir hacətim rəva, duam qəbul olunmayaydı!” - deyə təmənna edəcəkdir. (Bununla da duasının kamil şəkildə qəbul olunduğunu təsdiq edəcəkdir.)[14]
Bura qədər duanın mənası, əhəmiyyəti və şərtləri qeyd olundu və bəzi dualardan nə üçün qəbul olunmadığı, eləcə də “duanın qəbul olunması” dedikdə məqsədin nə olduğu aydınlaşdı. İndi yuxarıdakı suala cavab vermək lazımdır ki, dua hansı şərtlər daxilində qəbul olunur.
İslam alimləri və müfəssirlər Quran ayələrindən və məsumların (əleyhimus-salam) rəvayətlərindən istifadə edərək duanın özü və dua edən şəxs üçün müəyyən şərtlər və ədəb qaydaları qeyd etmişlər. Onlara riayət etməklə dua həyata keçir və qəbul olunur. “Dualar və Quran təhlilləri” kitabında dua üçün 17 şərt və ədəb qaydası zikr olunmuşdur. O cümlədən: Allah barəsində mərifət, qəlbin dil ilə uyğunluğu, vacib əməllərin yerinə yetirilib haramların tərk edilməsi, günahlardan istiğfar və tövbə edilməsi, Peyğəmbər (səlləllahu əleyhi və alih) və onun Əhli-beytinə salavat göndərilməsi və s.[15]
Həmçinin mərhum Feyz Kaşaninin “Məhəccətul-beyza” kitabında on, mərhum Əllamə Hillinin “Üddətud-dai” kitabında da digər on şərt nəql olunur. O şərtlərdən bəzilərini qeyd edirik: Duada qəti qərarda olmaq, cəm şəklində dua etmək, qəlbən Allaha üz gətirmək, hacətlərinin rəva olmasında Allahdan qeyrisinə etimad etməmək və s.[16]
Duanın qəti şəkildə qəbul olunması barədə rəvayətlərdə müəyyən təbirlərdən istifadə olunur ki, onların burada qeyd olunması münasib görürük: İmam Sadiq (əleyhis-salam) buyurur: “Həmişə dualar pərdə arxasındadırlar; yəni Peyğəmbərə salavat zikr olunan hallar istisna olmaqla, Allah dərgahına azad şəkildə yol tapmaq olmaz.”[17]
İmam Sadiq (əleyhis-salam)-dan nəql olunan başqa bir rəvayətdə belə deyilir: “Hər vaxt biriniz dua etsə, əvvəlcə Peyğəmbərə salavat göndərsin. Çünki Peyğəmbərə salavat göndərmək (duadır və) Allah dərgahında qəbul olunur. Allah üçün belə deyildir ki, duanın bir hissəsini qəbul etsin, başqa hissəsini yox.”[18]
Başqa bir rəvayətdə deyilir: “Duanın əvvəlində Peyğəmbərə salavat göndərdiyiniz kimi, axırında da Muhəmməd və Ali-Muhəmmədə salavat göndərin.”[19]
İmam Həsən Müctəba (əleyhis-salam) buyurur: “Əgər bir şəxs Allahın razı olmadığı vəsvəsə və xatirələrin qəlbinə nüfuz etməsin deyə, ehtiyatlı olsa və onlara yol verməsə, onun duasının qəbul olunmasına zaminəm.”[20]
İmam Sadiq (əleyhis-salam) buyurur: “Allahdan qeyrilərindən ümidinizi kəsin ki, qəlbiniz Allahdan başqa heç bir qüdrətə arxalanmasın. Bundan sonra dua edin, mütləq qəbul olunacaqdır.”[21]
Həmçinin rəvayət olunur ki, “Allahdan başqa heç bir pənahgahı, sığınacağı olmayan məzlumun duası mütləq qəbul olunur.”[22]
Deməli, dua edən dildə qabiliyyət olsa, dua edən şəxs əliboş qaytarılmaz və duası mütləq qəbul olunar. Çünki duanı qəbul edən Şəxs tamamdır və tamamın fövqündədir, Onun feyzi kamil və kamalın fövqündədir. Feyz zahir olmursa və ifazə edilmirsə, bu, dua edənin qabiliyyətinin nöqsanlı olduğuna görədir. Deməli, əgər əxz edənin feyzi qəbul etməyə qabiliyyəti olarsa, ilahi feyz sonsuz və nöqsanı olmayan xəzinədən, sonsuz feyz mədənindən ona ifazə olunar (verilər).[23]
Buna görə də deyilir ki, işlər üç qisimdir: birincisi o işlərdir ki, hətta dua olmadan da məsləhət onun verilməsindəndir. Bu halda istər şəxs dua etsin, istərsə də etməsin, Allah ona əta edəcəkdir. İkincisi o işlərdir ki, dua ilə yanaşı olsa da belə, məsləhət olmur. Belə olan halda dua etsə də, ona verilmir. Üçüncüsü dua etdiyi təqdirdə məsləhət onun verilməsindədir, dua etmədiyi halda isə məsləhət yoxdur. Belə olan halda onun verilməsi dua ilə şərtlənir. İnsan bütün işlərin məsləhət və ziyanının ayırd edilməsindən aciz olduğuna görə duada səhlənkarlığa yol verməməlidir. Əgər qəbul olunmasa, məyus olmamalı və bilməlidir ki, onun məsləhətinə deyilmiş.
Bunlardan əlavə, əvvəldə qeyd etdiyimiz kimi, dua ibadətdir, hətta ən yaxşı ibadətdir və insanın Allah dərgahına yaxınlaşmasına səbəb olur. Bu da ibadətin ən yaxşı faydasından biri sayılır.[24]
Məsumlarının (əleyhimus-salam) sünnətinə və rəvayətlərə uyğun olaraq yaxşı olar ki, insan əllərini asimana doğru qaldırdıb dua etdikdən sonra əllərini başına və üzünə çəksin. Çünki, Allahın lütfü bu əllərə cavab vermişdir. Allah dərgahına qaldırılan əllər şübhəsiz, boş qaytarılmaz. İlahi bəxşişləri əxz edən əllər əzizdir. Buna görə də yaxşı olar ki, insan onu başına və üzünə sürtsün.[25]
Ey yek delei səd dele, del yek dele kon,
Mehri digəran ra zedeli yəle kon.
Yek ruz be ixlas biya bər dəre ma,
Gər kami to bər nəyaməd, an gəh gele kon.
Ey bir qəlbi yüz yerə pərvaz edən! Qəlbini bir nöqtəyə təmərküzləşdir!
Başqalarının məhəbbətini qəlbindən çıxart!
Bir gün ixlasla Bizim dərgahımıza gəl,
Əgər hacətin rəva olmasa, onda gileylən![26]
Əlavə məlumat üçün bax: Görünüş: “Duada məsləhətin ayırd edilməsi yolları”, sual 764
[1] Fəlsəfi, Məhəmməd Təqi, “Məkarimul-əxlaq” duasının şərhi, 1-ci cild, səh. 2
[2] “Taha” surəsi, 25-28
[3] Qurəşi, Seyid Əli Əkbər, “Qamusi Quran”, “dua” kəlməsi
[4] “Daneş nameyi Quran və Quran pəjuhi”, Bəhauddin Xürrəmşahi, 1-ci cild, səh. 154
[5] Seyid Məhəmməd Baqir Şəhidi və Hibətuddin Şəhristani (rəhiməhuməllah), “Dualar və
uran təhlilləri”, səh. 43
[6] “Məsnəvi mənəvi”, Mövləvi, 6-cı dəftər, 4216-4222-ci beytlər
[7] Molla Hadi Səbzivari, “Əsmaul-husna”nın şərhi, Qum, “Bəsirət” çapxanası, səh. 32
[8] Məhəmməd Baqir Şəhidi, “Dualar və Quran təhlilləri”, səh. 43
[9] Fəlsəfi, Məhəmməd Təqi, “Məkarimul-əxlaq” duasının şərhi, 1-ci cild, səh. 7
[10] “Ənam” surəsi, ayə: 41
[11] Mövləvi, “Məsnəvi mənəvi”, 3-cü dəftər, 189-190 və 194-197-ci beytlər
[12] Məhəmməd Baqir Məclisi, “Miratul-uqul”, 12-ci cild, səh. 19-20, vəraqaltı haşiyə
[13] Kuleyni, “Kafi”, “Ər-rovzə”, 1-ci cild, səh. 330, vərəqaltı haşiyə
[14] Məclisi, Məhəmməd Baqir, “Miratul-uqul”, 12-ci cild, səh. 1-5
[15] Şəhidi və Şəhrisatani, “Dualar və Quran təhlilləri”, səh. 15
[16] Feyz Kaşani, “Məhəccətul-beyza”, 1-ci cild, səh. 301-380
[17] “Kafi”, 2-ci cild, səh. 491
[18] “Əmali”, Şeyx Tusi, 1-ci cild, səh. 157
[19] Fəlsəfi, Məhəmməd Təqi, “Məkarimul-əxlaq” duasının şərhi, 1-ci cild, səh. 9
[20] “Kafi”, 2-ci cild, səh. 67, hədis 11
[21] “Biharul-ənvar”, 72-ci cild, səh. 107, hədis 7
[22] Cavadı Amuli, Əbdüllah, “Hikməti ibadat”, səh. 220-234
[23] İmam Xomeyni, “Səhər” duasının şərhi, Seyid Əhməd Fehrinin tərcüməsi, səh. 38
[24] Məhəmməd Baqir Şəhidi, Hibətuddin Şəhristani, “Dualar və Quran təhlilləri”, səh. 45
[25] Cavadı Amuli, Əbdüllah, “Hikməti ibadat”, səh. 215
[26] “Rəvani Cavid”, 1-ci cild, səh. 296