İmam Əli (əleyhis-salam) Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə qohum və dost olmaqdan əlavə, həyatının müxtəlif mərhələlərində o həzrətin özünün və islamın fədakar müdafiəçisi, risalətin təbliğinin bütün səhnələrində onun köməkçisi idi. İmam Əli (əleyhis-salam) o həzrətin kürəkəni olmaqdan əlavə, həm də onun mehriban və hərarətli ağuşunda böyüyüb tərbiyə almışdı. Bunun özü də çox böyük imtiyaz, xüsusi səciyyə və üstün bir məqam idi ki, Peyğəmbərdən başqa heç kəs o mənəvi və ruhi kamallara nail olmamışdır.
Həzrət Əli (əleyhis-salam)-ın Allaha və məada, vəhy və nübüvvətə olan güclü imanı, dərin mərifəti və ümumi şəkildə varlıq aləminin sirlərinə və qeybə olan elmi, əməli və ixlası vəsfə sığmazdır. Həyatın müxtəlif səhnələrində onun şücaəti, zöhdü, təqvası, fədakarlıq və güzəşti, isarı (candan keçməyi), helm və səbri, qənaət və səxavəti, vücudi kamalı və bir sözlə, bütün insani dəyərlərə, müsbət xislətlərə və mənəvi kamallara əhatəliliyi dillər əzbəri idi. Belə ki, bir insanın o yüksək kamallara nail olması yalnız belə bir insan üçün mümkündür. Bundan əlavə, ilahi övliyaların malik olduğu bütün sifətlərə malik idi. Bu da Əli (əleyhis-salam)-ın məxsus sifətlərindən və xüsusiyyətlərindəndir. Elmi məqam, hər növ günah və xətadan məsum olmaq, imamət məqamına çatmaq o həzrətin digər səciyyəvi xüsusiyyətlərindəndir.
Bu kimi əxlaqi xüsusiyyətlərin, gözəl xislətlərin və imtiyazların hamısı o həzrətin öz səyləri və hümmətləri sayəsində və onun Peyğəmbərlə qohumluq əlaqələrini nəzərə almadan mümkün olmuşdur. Çünki Peyğəmbərin çoxlu qohumları var idi, lakin onlardan heç biri Əli (əleyhis-salam)-a çata bilməmişdir. Əlbəttə, Peyğəmbərin məktəbində tərbiyə alan bir şəxs, təbiidir ki, bu kimi kamalları və əxlaqi xüsusiyyətləri o həzrətdən və onun ilahi məktəbindən əldə etmişdir.
Həzrət Əli (əleyhis-salam) kimi yüksək məqama, əzəmətli şəxsiyyətə malik olan bir insanın vücud yönlərinin hamısını tanımaq və təqdim etmək adi insanlar üçün çox çətin bir məsələ, onu bəyan etmək qeyri-mümkündür. Ən aşağısı bunu deyə bilərik ki, o həzrətin yüksək şəxsiyyətini və misilsiz məqamını bu bir neçə sətirdə bəyan etmək çətindir. Odur ki, bu məqalədə Əli (əleyhis-salam)-ın səciyyəvi xüsusiyyətlərinin bir qismini dünyanın bəzi məşhur yazıçı və mütəfəkkirlərinin dilindən qeyd etməklə kifayətlənirik.
İmam Əli (əleyhis-salam) istər risalətdən qabaq, istərsə də 23 illik peyğəmbərlik dövründə həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-in köməkçisi, fədaisi, dostu və qohumu olmaqdan əlavə, islamın fədakar müdafiəçisi ünvanı ilə müxtəlif səhnələrdə fəal şəkildə iştirak etmişdir. Özü də zatən çox görkəmli və müstəsna şəxsiyyətə malik idi. Belə ki. Peyğəmbərdən başqa heç bir insan belə bir ruhi-mənəvi kamal dərəcəsinə çata bilməzdi.[1]
İslamın əvvəlindən indiyə qədər Əli (əleyhis-salam)-ın şəxsiyyətinin yönlərinin araşdırılması ilə əlaqədar tədqiqatların – istər o həzrətlə müasir olan, istərsə də sonrakı əsrlərdəki müsəlman və qeyri-müsəlman mütəfəkkirləri tərəfindən aparılan tədqiqatların nəticəsində bu həqiqət qəbul olunmuşdur ki, o həzrət nübüvvət məqamından başqa bütün xislətlərdə ulul-əzm peyğəmbərlərin, o cümlədən Nuh, İbrahim, Musa, İsa və Həzrəti Muhəmmədin (əleyhimus-salam) cərgəsində dayanır
Əli (əleyhis-salam) elə yüksək şəxsiyyətli bir insandır ki, dünyanın bütün şəxsiyyətləri və mütəfəkkirləri – istər müsəlman, istərsə də qeyri-müsəlman, onun əzəməti müqabilində təzimlə baş əyərək onu tərifləmişlər. Hətta dinsiz qərb dünyasının mütəfəkkirlərindən olan Şibl Şmil imam Əli (əleyhis-salam) barəsində yazır: “Rəhbər Əli ibni Əbi Talib – böyüklərin böyüyü və yeganə nüsxədir ki, nə şərq, nə qərb, nə keçmiş, nə də hazırkı dövr bu nüsxəyə müvafiq bir şey görməmişdir!”[2]
Ərəb mütəfəkkirlərindən, yazıçı və görkəmli şəxsiyyətlərindən biri olan məsihi Cübran Xəlil Cübran yazır: “Mən inanıram ki, Əbi Talibin oğlu (Əli) külli ruh ilə əlaqə bərqərar edən ilk ərəb idi... O, ərəblərin arasında ilk şəxsiyyət idi ki, onun dodaqları külli ruhun nəğmələrini insanların qulaqlarında səsləndirirdi. Belə ki, (bu nəğmə) ondan əvvəl (heç vaxt) eşidilməmişdir. O, dünyadan elə bir halda getdi ki, öz risalətini (hələ) bütün dünyaya çatdırmamışdı... O, bu dünyadan gedəndə peyğəmbərləri qəbul etməyə hazırlıqları olmayan cəmiyyətlərə məbus olan peyğəmbərlər kimi dünyadan getdi... O, peyğəmbərləri qəbul etməyə ləyaqətləri olmayan cəmiyyətə, həm də göndərilmə vaxtları hələ çatmayan peyğəmbərlər kimi (cahil) bir cəmiyyətə daxil olmuşdu...”[3]
Məşhur rus marksisti, tədqiqatçi alim Petroşovski də İmam Əli (əleyhis-salam)-ın şəxsiyyət və vücud yönləri barəsində belə yazır: “Əli başdan-ayağa dinə vəfadarlıq və eşqdən ibarət idi... O, doğruçu, düz danışan, əxlaqi məsələlərdə çox ciddiyyətli, mal-dövlət pərəstlikdən uzaq idi və əsla mal-dövlət dalınca deyildi. Şübhəsiz, o həm qəhrəman bir insan, həm də şair sayılırdı. Övliyaullahın sifətlərinin hər biri onun vücudunda bir yerə toplanmışdır.”[4]
Ustad Şəhid Mütəhhəri (r) İmam Əli (əleyhis-salam)-ın şəxsiyyəti barəsində belə yazır: “Əli (əleyhis-salam) başqaları üçün adil imam olmazdan, başqaları barəsində ədalətlə rəftar etməzdən öncə, şəxsən özü normal bir insan idi, insani kamalların hamısını bir yerdə özündə cəm etmişdi: həm dərin düşüncələrə, yüksək üfüqlərə malik idi, həm də vücudu dəqiq insani atifələrlə, dolğun ülvi hisslərlə dolmuşdu; həm ruhun, həm də cismin kamalına birlikdə malik idi. Gecələr ibadət zamanı Allahdan qeyri hər bir şeydən ayrılır, gündüzlər isə cəmiyyətin daxilində fəaliyyət göstərirdi... Həm arif və hikmət sahibi idi, həm də ictimai rəhbər; həm zahid idi, həm də əsgər; həm qazı idi, həm də fəhlə; həm xətib idi, həm də yazıçı. Bir sözlə, özünün bütün gözəllikləri ilə birlikdə bir mənalı şəkildə kamil insan idi.”[5]
İmam Əli (əleyhis-salam) zati istedadların və ilahi tövfiqlərin sayəsində, eləcə də Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in nəzarəti, səyi və fəaliyyətləri ilə bütün elmləri öyrənmiş və İbni Əbil-Hədid Mötəzilinin təbiri ilə desək, “bütün elm və maarifin mənşəyinə çevrilmişdi, müxtəlif elm sahələrində dərim biliyə sahib olan alimlərin elmi nəticə etibarı ilə Əli (əleyhis-salam)-ın elmində sona çatırdı...”
İbni Abbas deyir ki, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) buyurdu: “Minacat üçün hazır olduğum zaman Allah mənimlə danışdı və minacat etdi. Mən də Allahdan öyrəndiyim hər bir şeyi Əliyə öyrətdim. Əli mənim elmimin qapısı oldu.”[6]
Buna əsasən, İmam Əli (əleyhis-salam) hətta nübüvvət elmini belə, Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən öyrənmiş və “elmlər xəzinəsi”nə çevrilmişdi.
O həzrətin ən gözəl səciyyəvi xüsusiyyət və imtiyazlarından biri də “ismət” məqamına malik olmaq idi. Yəni hər növ günah, xəta və səhvdən uzaq olmaq – məsumluq o həzrətin xüsusiyyətlərindən biri idi. Belə ki, məhz onun sayəsində bütün səy və fəaliyyətlərini nəfs və onun istəkləri ilə mübarizəyə sərf etmiş və bunu da Allahın mərhəmət və inayətləri sayəsində əldə etmişdi. Bu xüsusi səciyyələrin başında imamət məqamı dayanır. Belə bir müstəsna şəxsiyyətə, bu qədər kamal və imtiyazlara sahib olduğuna görə nəhayət Peyğəmbərin canişinliyi – imamət məqamına çatdı.
Qeyd olunanların hamısı o həzrətin şəxsiyyət, xüsusiyyət və fəzilətlərindən cüzi bir qismi idi ki, o həzrətlə əlaqədar mütəfəkkirlərin və alimlərin vasitəsi ilə, özü də onların öz maarifləri və dərkləri çərçivəsində bəyan edilmişdir.
İmam Əli (əleyhis-salam) bütün insani sifətlərə, mənəvi kamallara, əxlaqi səciyyələrə bunların son həddində malik idi. Şücaət, zöhd (dünyaya məftun olmamaq), isar (Allahın razılığı yolunda özünün ehtiyacı olduğu şeylərdə başqalarını özündən qabağa salmaq), helm, güzəşt, səxavət, bəxşiş etmək, eləcə də islamın həyat bağışlayan məktəbində insani və islami dəyərlərin bir hissəsi sayılan hər bir şey o həzrətin vücudunda bir yerə toplanmışdı.) Özünün Peyğəmbərlə olan mövqeyini “Qasiə” xütbəsində bəyan etdiyi kimi, Əli (əleyhis-salam) bütün bu imtiyaz və kamalları, əksər hallarda Peyğəmbər (səlləllahu əleyhi və alih)-in təlim-tərbiyəsi sayəsində qazanmışdı.[7]
Əlbəttə, bu kamallar və səciyyələr o həzrətin özünün malik olduğu imtiyazların nəticəsində və onun vücudunda idi. Bununla eyni zamanda ilk əvvəldən Peyğəmbərlə yanaşı idi və o həzrətin risalət, nübüvət və vəhy evində böyümüş, onun qucağında tərbiyə almışdı.
Əlavə məlumat üçün bu görünüşə bax: “Kamil insanların hallarının müxtəlifliyi”, sual 351 (sayt 349)
[1] Ərdəbili, Seyid Əbdil-Ğəni, “İmam Xomeyninin fəlsəfi təqrirləri”, 4-ci cild, səh. 352
[2] Corc Cordaq, “Sovtul-ədalətil-insaniyyə”, səh. 19 ("Nəhcul-bəlağə"nin tərcümə və təfsirindən, Cəfəri, Məhəmməd Təqi, 1-ci cild, səh 171)
[3] Əbdül-Məqsud, Əbdül Fəttah, “İmam Əli (əleyhis-salam)”, 1-ci cild, müqəddimə, həmin
itabdan nəqlən, səh. 217
[4] Petroşovski,“İslam İranda”, səh. 49-50 (həmin kitabdan, səh. 168)
[5] Mütəhhəri, Murtaza, “Məcməul-asar”, 16-ci cild, səh. 17-18
[6] Qənduzi, Süleyman, “Yənaibul-məvəddət”, səh. 79
[7] "Nəhcul-bəlağə", xütbə 192:
قَدْ عَلِمْتُمْ مَوْضِعِی مِنْ رَسُولِ اللهِ (ص) بِالْقَرٰابَةِ الْقَرِیبَةِ وَ الْمَنْزِلَةِ الْخَصِیصَةِ ...
“Siz mənim Peyğəmbərlə olan münasibətimi və Peyğəmbərə nə qədər yaxın olduğumu yaxşı bilirsiniz. Mən uşaq olanda Peyğəmbər məni öz ağuşuma aldı. Məni öz sinəsinə yapışdırırdı, mənimlə öz övladı kimi rəftar edirdi...”