Qurani-kərim insanın yaranışının əvvəli ilə əlaqədar müxtəlif təbirlər bəyan etmişdir. Bəzi ayələrdə insanın ilkin maddəsi “palçıq” deyə təqdim edilir, bəzi ayələrdə deyilir ki, “insanı sudan xəlq etdik”, digər ayələrdə də insan xilqətinin mənşəyi nütfə, bəzilərində isə torpaq və nütfə müştərək olaraq insan yaranışının ilkin maddəsi hesab edilmişdir. Bu ayələrin məcmusu göstərir ki, insan ilk əvvəldə torpaq olmuşdur[i], sonra su torpaqla qarışdırılmış və palçıq şəklinə salınmışdır,[ii] bundan sonra çox pis iyli palçıq surətinə düşmüşdür.[iii] Daha sonra yapışqanlı bir halətə,[iv] ondan sonra qurudulmuş palçıq şəkilinə – Quranın buyurduğu kimi “səslasin kəl-fəxxar” halətinə düşmüş,[v] bundan sonra ona ruh verilmişdir.
Amma təbiətşünaslıq alimlərinin arasında canlı varlıqların barəsində – istər bitkilər, istər heyvanlar, istərsə də digər canlılar – iki nəzəriyyə mövcuddur:
a) Növlərin təkamülü və bir-birinə çevrilməsi fərziyyəsi;
b) Növlərin sabitliyi fərziyyəsi.
Növlərin təkamülü və bir-birinə çevrilməsi nəzəriyyəsində deyildir: Canlı varlıq növlərinin heç biri xilqətdə müstəqil olmamış, əksinə tədrici olaraq təkamülə çatmış, bir növdən digərinə çevrilmişdir. Bu təkamül silsiləsinin son və kamili hazırkı insandır. Bu nəzəriyyəni “transformizm” adlandırılar. Növlərin sabitliyi fərziyyəsi isə “fiksizm” adlanır və canlı varlıq növlərinin hər birinin əvvəldən ayrı-ayrılıqda və hazırkı şəkildə zahir olduğunu deyir, heç bir növün digərinə çevrildiyini iddia etmir.
Qurani-Kərim insan xilqətini ümumi və qısa şəkildə irəli çəkmiş, təkamülü, yoxsa növlərin sabit olmasını birbaşa bəyan etməmişdir. Amma tamamilə aşkar deyilməsə də, ayələrin zahiri (əlbəttə, təkcə insan xüsusində) müstəqil xilqət məsələsi ilə daha uyğun gəlir.
“İnsan” kəlməsi ya “üns” kökündən alınmışdır ki, insanların bir-biri ilə, yaxud hər bir başqa şeylə ünsiyyət yaratdığına görədir. Buna görə deyirlər ki, insan zatən mədənidir, çünki onda təbii olaraq üns yaratmaq haləti daha güclüdür. Yaxud “nisyan” kəlməsindən alınmışdır ki, onun da əsli “insiyan”dır. İnsan unutqan olduğuna görə ona insan deyilir. İmam Sadiq (əleyhis-salam)-dan bu məzmunda nəql olunan bir rəvayətdə deyilir: “Həzrət Adəm (əleyhis-salam) ilk əvvəldən qadağan olunmuş ağaca yaxınlaşmamalı idi, amma çox tez bir zamanda unutdu, ona yaxınlaşdı və meyvəsindən yedi.”[1]
Quran insanın xilqəti və onun necə yaranması ilə əlaqədar müxtəlif bəyanlara malikdir və insan xilqətinin bir neçə mərhələdən ibarət olduğunu deyir:
a) Bəzi ayələr insanın ilkin maddəsini palçıq kimi təqdim edir;[2]
b) Başqa ayələr isə insanın sudan xəlq olunduğunu bəyan edir;[3]
v) Bir sıra ayələr insanın xilqət maddəsinin yalnız nütfədən ibarət olduğunu deyir;[4]
q) Bir çox ayələrdə isə torpaq və nütfə müştərək şəkildə insanın xilqət maddəsi kimi təqdim olunur.[5]
Bu ayələrin mənası ilə əlaqədar iki nəzər verilmişdir:
1. Bu ayələrdə ayrı-ayrılıqda hər bir insanın yaradılış mərhələləri nəzərdə tutulur. Yəni “insanın torpaqdan yaradılması”nın mənsası budur ki, torpaq qida maddələri ünvanı ilə nütfəyə çevrilir. Deməli, torpaq nütfənin kökü, nütfə də insanın yaradılış maddəsidir, yəni torpaq insanın uzaq, nütfə isə yaxın yaranış maddəsidir.
2. Həzrət Adəm (əleyhis-salam)-ın xilqəti torpaqdan olduğuna və bütün insanların yaranışı o həzrətə çatdığına görə Adəmin yaradılış maddəsi digərlərinin də yaradılış maddəsi olacaqdır.
İnsanın yaradılışı ilə əlaqədar Quran ayələrinin zahiri mənası müəyyən cəhətlərdən fərqli olsa da, azacıq diqqət yetirməklə məlum olur ki, bu ayələrin arasında heç bir ixtilaf və ziddiyyət yoxdur. Çünki bəzi ayələr ilkin insanın (Adəmin) yaradalışı ilə əlaqədardır. Deməli, ilkin insanın yaradılış maddəsi məlum olsa, digər insanların da maddəsi – tarixi cəhətdən – məlum olar. Yəni əgər “Adəm palçıqdan yaradılımışdır” desək, bütün insanların palçıqdan yaradılmasını demək də səhihdir.
Amma ikinci cəhətdə isə bütün insanların ayrı-ayrılıqda yaradılışı nəzərdə tutulur. Əlbəttə, bu cəhətdə birinci cəhət inkar olunmur. Yəni əgər “hər insan nütfədən yaradılışmıdır və nütfə də yeyinti məhsullarından, heyvanların ətindən, meyvələrdən, ağaclardan, mineral maddələrdən təşkil olunmuşdur və bunların hamısının mənşəyi torpaqdır” desək, səhihdir. Deməli, ilkin insanın torpaqdan yaradılmasını nəzərə almadan hər bir insanın ayrı-ayrılıqda yaradılışının əvvəlinin torpaqdan olmasını da demək olar. Buna görə də bəzi Quran ayələri xüsusi şəkildə Adəmin yaradılışı ilə əlaqədardır.[6] Bəziləri isə ümumiyyətə malik olaraq bütün insanlar barəsində tətbiq oluna bilər.
Allah-taala bir ayədə buyurur: “Biz bəşəri palçıqdan yaratdıq və ona Öz ruhumuzdan nəşət tapan bir ruh verdik.”[7] Başqa bir ayədə buyurulur: “Quru palçıqdan və üfunətli ləcəndən bəşər yaratmaq istəyirəm; onun xilqətini sona çatdırdığım və Öz ruhumdan ona verdiyim zaman...”[8] Aydındır ki, bu ayələrdə Allah-taala həzrət Adəmin xilqətini və İblisin ona səcdə etməməsini irəli çəkir. Bu ayələrdə Adəmi “bütün insanlar” mənasına götürmək olmaz. Çünki həmin hadisənin axırında Allah-taala şeytanın sözünü nəql edib buyurur: لَأَحْتَنِکَنَّ ذُرِّیَّتَه “Azacıq dəstə istisna olmaqla onun bütün övladlarını yoldan azdırıb kökünü kəsəcəyəm.”[9]
Bəzi ayələr də ümumi yönə malikdir və onlarda bütün insanların xilqəti nəzərə alınmır. O cümlədən: “O həmin Allahdır ki, insanı sudan yaratdı.”[10] “Gərək insan baxıb görsün ki, nədən xəlq olunmuşdur: atıcı bir sudan xəlq olunmuşdur.”[11] Bu və bu kimi digər ayələrdə aşkar şəkildə deyilir ki, insan sudan, nütfədən və s. xəlq olunmuşdur. Bu kimi ayələrdə insanların xilqəti ümumi şəkildə bəyan olunur.
Hər bir halda müxtəlif ayələrdən, eləcə də insanın xilqəti ilə əlaqədar müxtəlif təbirlərdən aydın olur ki, insan əvvəldə torpaq olmuş,[12] sonra su ilə qarışdırılaraq palçıq şəklinə düşmüş,[13] sonra isə üfunətli palçıq şəkilinə düşmüşdür.[14] Bundan sonra onda yapışqanlıq haləti yaranmış,[15] daha sonra quru palçıq şəkilinə düşmüş və özünə saxsı şəkli almışdır.[16]
Zaman baxımından bu mərhələlərin hər birinin nə qədər davam etməsinə və hansı amil və şəraitlər daxilində vücuda gəlməsinə gəldikdə isə, bizim elmimiz ona çata bilməz, yalnız Allah-taala onlardan agahdır.
Qeyd olunmalıdır ki, Qurani-kərim insan xilqətini ümumi və yığcam şəkildə irəli çəkmişdir. Çünki bu səmavi kitabın əsl məqsədi tərbiyəvi məsələlərin bəyanıdır. Quran təbii elmlər kitabı yox, insanyaradan bir kitabdır. Biz bu elmlərin incəliklərinə qədər, eləcə də insanın təkamülü, daxili quruluşu, rüşeym şünaslıq və s. onda irəli çəkilməsini təvəqqe etməməliyik, amma bununla eyni zamanda tərbiyəvi bəhslərə münasib olaraq bu elmlərin müəyyən hissələrinə qısa işarələr etməsinin maneəsi yoxdur.
Burada bəhsimizə münasib olduğuna görə “növlərin təkamülü” mövzusunu irəli çəkirik.
Təbiətşünaslıq alimləri arasında istər bitki, istərsə canlı varlıqların yaranması ilə əlaqədar iki nəzəriyyə mövcuddur:
a) Növlərin təkamülü, yaxud “transformizm” nəzəriyyəsi.
Bu nəzəriyyədə deyilir ki, canlı varlıqlar əvvəldə hazırkı kimi olmamış, ibtidai və birhüceyrəli (bəsit) varlıqlar şəklində okeanlarda, dəryaların dərinliklərində, ləcənlərin layları arasında sıçrayışlı bir hərəkətlə yaranmışlar. Yəni cansız varlıqlar xüsusi şəraitlərdə qərarlaşmış, onlardan ilkin ibtidai təkhüceyrəli canlılar əmələ gəlmişdir. Bu mikroskopik varlıqlar tədrici olaraq təkamülə çatmış, bir növdən digər növə çevrilmişdir. Bu təkamül silsiləsinin ən kamili hazırkı insanlardan ibarətdir ki, meymuna oxşar varlıqlardan yaranmış, daha sonra insana oxşar meymun şəklinə düşmüşdür.
b) Növlərin sabitliyi fərziyyəsi “fiksizm”. Bu nəzəriyyədə deyilir ki, canlı varlıqların hər biri ayrı-ayrılıqda ilk əvvəldən elə həmin hazırkı şəkildə zahir olmuşdur və heç bir növ digərinə çevrilməmişdir. Təbii olaraq insan da müstəqil xilqətə malik olmuşdur və əvvəldən həmin şəkildə xəlq edilmişdir.
Adəmin ilkin xilqəti ilə əlaqədar Quran ayələrinin zahirindən belə nəzərə çarpır ki, o, ilk növbədə qara rəngli palçıqdan yaradılmış, bədəni təkmil olduqdan sonra ona ilahi ruh verilmiş, bunun ardınca İblisdən başqa bütün mələklər onun qarşısında səcdəyə düşmüşlər. Ayələrin bəyan üslubu göstərir ki, Adəmin torpaqdan xəlq olunması ilə hazırkı şəklə düşməsi arasında heç bir digər növ varlıq olmamışdır. Deməli, Quran ayələrinin növlərin sabit olması, yoxsa təkamülə uğraması barədə birbaşa bəyanı yoxdur. Ayələrin zahiri (əlbəttə, insanın xüsusunda) bunu aşkar deməsə də, müstəqil xilqət məsələsi ilə daha uyğun gəlir. Amma Quranın Adəmin xilqəti ilə əlaqədar zahiri ayələri daha çox ikinci nəzəriyyəni – xilqətin müstəqil olmasını dəstəkləyir.
Sonda bu məsələni də qeyd etmək yaxşı olardı: Quran ayələrindən aydın olur ki, insan iki müxtəlif ünsürdən yaradılmışdır. Onların biri əzəmətin son həddində, digəri isə dəyər cəhətindən ən aşağı səviyyədədir. İnsanın maddi yönünü üfunətli, qara rəngli, ləcənli maddə, onun mənəvi yönünü isə ilahi mənşəyə malik olan ruh təşkil edir.
Burada mühüm məsələ budur ki, insanın ilkin maddəsi çox dəyərsizdir və yer üzündə mövcud olan ən alçaq təbiətli bir şeydən xəlq edilmişdir. Amma mütəal Allah belə dəyərsiz maddədən elə dəyərli bir məxluq xəlq etmişdir ki, bütün yaradılış aləminin gövhəri olsun.
Əlavə məlumat üçün bax:
1. “Əl-mizan”, Əllamə Təbatəbai, 4-cü və 17-ci cildlər
2. "Təfsiri-nümunə", 11-ci cild, səh. 82-dən sonra və 23-cü cild
3. “Rahnuma şenasi”, Məhəmməd Təqi Misbah
4. “Quranın elmi möcüzəsi barədə tədqiqat”, Məhəmməd Əli Rzai, 2-ci cild, səh. 429-564
5. “İnsanın xilqəti”, Yədulah Səhabi
6. “İləluş-şəraye”, Şeyx Səduq, 15-ci cild, bab 11
[1] Səduq, “İləlulş-şəraye”, 15-ci cild, bab 11
[2] “Ənam” surəsi, ayə: 1; “Səcdə” surəsi, ayə: 7; “Saffat” surəsi, ayə: 18
[3] “Furqan” surəsi, ayə: 54; “Tariq” surəsi, ayə: 6
[4] “Nəhl” surəsi, ayə: 4; “Yasin” surəsi, ayə: 77; “Dəhr” surəsi, ayə: 2; “Əbsə” surəsi,
yə: 19 və sair
[5] “Həcc” surəsi, ayə: 5; “Ğafir” surəsi, ayə: 67; “Fatir” surəsi, ayə 11; “Kəhf” surəsi, ayə: 37
[6] “Sad” surəsi, ayə: 72; “Hicr” surəsi, ayə: 29
[7] “Sad” surəsi, ayə: 72
[8] “Hicr” surəsi, ayə: 29
[9] “İsra” surəsi, ayə: 62
[10] “Furqan” surəsi, ayə: 54
[11] “Tariq” surəsi, ayə: 5 və 6
[12] “Həcc” surəsi, ayə: 5
[13] “Ənam” surəsi, ayə: 2
[14] “Hicr” surəsi, ayə: 28
[15] “Saffat” surəsi, ayə: 11
[16] “Ər-Rəhman” surəsi, ayə: 14