Please Wait
7134
İnsan öləndən sonra ruhunun əbədi qalmasına dəlalət edən ayələr olduqca çoxdur və onların məzmun və dəlalətində heç bir münaqişəyə yer yoxdur. Onlardan biri olan “Ali-İmran” surəsinin 169-cu ayəsində deyilir: “Onlar (şəhidlər) Pərvərdigarlarının yanında ruzi yeyirlər.” Əlbəttə, bir çox əqli və nəqli dəlillər də bu ayələri dəstəkləyir, yəni mücərrəd varlıqlar, o cümlədən ruhlar yox ola bilməzlər. Ruhun əbədiyyətinə dəlalət edən möhkəm dəlillərə istinad edərək insanların məhv olub aradan getməsinə dəlalət edən ayələri başqa cür bəyan və izah etmək lazımdır ki, bu ayələrlə təzadda olmasın. Müfəssirlər buyurmuşlar ki, varlıqların həlak və məhv olmasına dəlalət edən ayələr onların küllü şəkildə və birdəfəlik məhv olması mənasına deyildir; əksinə, bu mənayadır ki, onların zahiri forması aradan gedir, amma onları təşkil edən hissələr və möhtəvası həmişəlik qalır. Bunun misalı zəlzələ nəticəsində uçub dağılan bir evə bənzəyir; onu zahirdə məhv olmuş hesab etmək olar, amma onu təşkil edən xammal və hissələr həmişəlik qalır, sadəcə onların zahiri forması və şəkli dəyişir. Aləm də zahiri forma baxımından məhv olur, amma bu, onun bütün varlıqlarının, o cümlədən ruhun məhv olması mənasına deyildir. Ruhlar Allahın bəqası (qalmağı) ilə davam edirlər.
Bu suala cavab vermək üçün əvvəlcə gərək ruhu ayrıca şəkildə tədqiq edək. Quranın müxtəlif yerlərində “ruh” kəlməsi müxtəlif formalarda olmaqla 21 dəfə gəlmişdir. Əlbəttə onların müxtəlif mənaları nəzərdə tutulur. Burada mühüm əhəmiyyət kəsb edən və müfəssəl şəkildə bəhs aparılmalı şey budur: görəsən, insan öldükdə onun ruhu əbədi qalırmı, yoxsa ruh da cisim kimi ölüb aradan gedir?![1]
Mühüm Quran maariflərindən biri ölümdən sonra ruhun əbədi qalması və ölümün həyatın sonu olmamasıdır. Ölüm – daha üstün olan digər bir aləmə açılan bir bacadır.[2]
Quranın bəzi ayələri ölümdən sonra ruhun əbədi qalmasına aşkar şəkildə dəlalət edir. Burada həmin ayələrdən bəzilərini qeyd edirik:
1. Şəhidlərin diri olmasına dəlalət edən ayə: “(Ey Peyğəmbər!) Allah yolunda qətlə yetirilənlərin ölü olmasını əsla güman etmə; əksinə, onlar diridirlər və Pərvərdigarlarının yanında ruzidən bəhrələnirlər...”[3]
Quran ayələrində ölümdən sonra şəhidlər üçün qeyd olunan bu həyat ictimai bir həyat deyildir (yəni onların cəmiyyətin maddi işlərində təsirləri yoxdur), çünki onlar insanların qəlbində özünə yer açmış və bu yolla cəmiyyətdə çoxlu mənəvi təsirlər qoyurlar. عِنْدَ رَبِّهِمْ يُرْزَقُون Ayədəki “Rəblərinin yanında ruzi yeyirlər” kimi ifadələrdən məlum olur ki, bu, onların ölümdən sonrakı ruhi həyatlarıdır və orqanizmlərinin ölməsi ilə ruhları ölmür.[4]
2. Bəzi ayələr də Ali-Fironun ölümdən sonra və qiyamətdən əvvəl əzaba düçar olmalarına dəlalət edir. Bu ayələr də yuxarıdakı ayələr kimi ölümdən sonra ruhların həyatına dəlalət edir. Bu fərqlə ki, əvvəlki ayələr şəhidlər kimi saleh insanların ilahi və mənəvi nemətlərdən bəhrələnməsinə, bu ayələr isə fironçular kimi kafirlərin ağır ilahi əzaba düçar olmasını bəyan edir: “Onların əzabı hər səhər-axşam onlara təqdim edilən cəhənnəm odudur. Qiyamət günü başlanan zaman (Allah-taala buyurar:) Ali-Fironu ən ağır əzablara daxil edin!”[5]
Ölümdən sonra da həyatın olmasını, özü də qiyamətdən qabaq olmasını aşkar şəkildə göstərən bu ayə ruhun ölümdən sonrakı həyatına dəlildir. [6]
3. Ölümdən sonra həyatın varlığına dəlalət edən üçüncü qisim ayələr Nuh qövmünün öldükdən sonra cəhənnəm oduna daxil olmalarını göstərən ayələrdir: “(Bəli, axırda) hamılıqla günahlarına görə qərq və cəhənnəm oduna daxil oldular, Allahdan başqa özləri üçün heç bir köməkçi tapmadılar!”[7] Bu ayədə “cəhənnəm oduna daxil oldular” deyə keçmiş zaman felindən istifadə edilməsi göstərir ki, onların oda daxil olması hələ qiyamətin baş vermədiyi keçmiş dövrdə baş vermişdir.[8]
Ölümdən sonra ruhun diri qalması islam alimləri və filosofları tərəfindən də təsdiq olunur. Onlar ruhun əbədi qalmasını özlərinin danılmaz etiqad prinsiplərindən biri hesab edirlər. Hazırkı dövrdə də islam alimləri bu dəlillərdən qaynaqlanan görüşlərə əsasən materialist dünyagörüşü qarşısında möhkəm dayanaraq ölümü yeni bir həyatın başlanğıcı hesab edirlər. Əlbəttə, ölümdən sonra ruhun həyatda olmasına etiqadın mənası qiyamət günündə ruhun təklikdə və bədənsiz məhşur olması və cismin ölüm ilə həmişəlik məhv olub aradan getməsi deyildir. Əksinə, biz inanırıq ki, qiyamət günü Allahın iradə və istəyi ilə maddi bədənlər də diriləcək, ruh həmin bədənlə məhşur olacaq və öz əməllərinin nəticəsini görəcəkdir.[9]
İndi isə insanların fani olmasına dəlalət edən ayələr və onların nəyə dəlalət etməsini aşağıda qeyd edirik:
a) İnsanların fani olmasına aşkar şəkildə dəlalət edən ayələrdən biri “Ər-Rəhman” surəsinin 26-cı ayəsidir: كُلُّ مَنْ عَلَيْها فانٍ “Onda olan hər bir şey fanidir” Bu ayə insanların fani və məhv olmasına dəlalət edir. Amma ayənin dəlalətində qeyd olunmalı müxtəlif məsələlər vardır. Allah-taala Öz nemətlərini insanlara sadalamaq məqamında bu ayəni nazil etdiyinə görə müfəssirlərin bəzisi inanırlar ki, bu fəna “mütləq fəna” mənasına yox, əksinə əbədiyyət aləminə bir keçid mənasınadır və əbədi aləmə nail olmağın şərti ondan ötüb keçməkdir. Dünya özünün bütün nemətləri ilə mömin üçün bir zindandır, bu dünyadan xaric olmaq (ölüm) isə bu darısqal və qaranlıq zindandan azad olmaqdır.”[10]
b) İnsanın fani olmasına dəlalət edən ayələrdən biri də “Qəsəs” surəsinin 88-ci ayəsidir: “Allahdan başqa heç bir məbudu çağırma! Çünki Ondan başqa heç bir məbud yoxdur və Onun pak zatından başqa hər bir şey fanidir.” Bu ayə bütün varlıqların fani və məhv olmasına tam aşkar şəkildə dəlalət edir. Onun ümumiliyi əvvəlki ayədən də çoxdur və həm yerdə, həm də asimanlarda olan varlıqlara aiddir. Amma əvvəlki ayə yalnız yer üzündə olan varlıqlara şamil idi.
İndi görək zahirdə bir-birini inkar edən və aralarında uyğunluq olmayan bu iki qəziyyə necə qəbul oluna və Quranda hər ikisi necə irəli çəkilə bilər?
Biz müsəlmanlar Quranı ilahi vəhy hesab edir, Allah-taalanı ziddiyyətli sözlər bəyan etməkdən pak-pakizə bilirik. İndi gərək bu ayələrin həqiqi məqsədinin nə olduğunu başa düşək ki, ayələr arasındakı zahiri təzad aradan qalxsın.
Bir çox müfəssirlərin nəzərinə əsasən insanların fani və həlak olmasına dəlalət edən ayələr məhdud dəlalətə malikdir və yalnız dünya işlərinə, maddi varlıqların məhv olmasına dəlalət edir. İzahı yuxarıda qeyd olunan “Ər-Rəhman” surəsinin 26-cı ayəsində olduğu kimi. Bu kimi ayələr insanı başa salmaq istəyir ki, bu maddi işlərin hamısı istisnasız olaraq aradan gedəcəkdir, bunlara ürək bağlamaq ötəri və fani şeylərə ürək bağlamaqdır.
Amma görəsən ruhun əbədi qalması ilə ziddiyyətli olan digər ayələri nə etməliyik? Bu sual behişt və cəhənnəm barəsində də irəli gəlir, yəni bu dünyanın axırında behişt və cəhənnəm də məhv olub aradan gedəcəkdirmi? Yoxsa varlıqların həlak olmasına dəlalət edən ayələrin bu məfhumlarla ziddiyyəti yoxdur?
Müfəssirlər varlıqların “mütləq faniliyi”nə dəlalət edən və zahirdə ruh kimi qeyri-maddi varlıqlara da şamil olan bu ayələri digər mənaya izah etmişlər ki, fənanın onlara dəlalətini aradan götürsünlər, nəticədə ruhu bu ayələrin dəlalət hüdudlarından xaric etsinlər. Bu məsələ ruhun əbədi qalmasına dəlalət edən digər möhkəm əqli və nəqli dəlilin, ayələrin şahidliyi ilə baş verir. Çünki ruh Allahın bəqası ilə baqidir, Allah həmişə baqi qaldığından, ruh da əbədi qalacaqdır. Buna görə də əzəli olmayan, ruhu və bədəni Allahın məxluqu olan bir insan əbədi olacaq və fani olmayacaqdır.
Müfəssirlərin bəziləri insanın həlak olmasına dəlalət edən ayələrlə əlaqədar müxtəlif mənalar qeyd etmişlər ki, ruh, behişt və cəhənnəmin əbədiliyi barədəki bu əqidə ilə zidd deyildir. Onlar deyirlər ki, çox hallarda həlak, fani və məhv olmaqda məqsəd varlıq sisteminin təşkiledici ünsürlərinin aradan getməsi yox, onun sisteminin bir-birinə dəyməsidir. Məsələn, əgər bir bina zəlzələ nəticəsində uçub dağılsa “həlak olmaq” və “fani olmaq” mənaları ona aid edilir, halbuki onun təşkil edici maddələri mövcuddur və sadəcə onun quruluşu və forması dağılıb aradan gedir. Bildiyimiz kimi, bu dünyanın axırında Günəşin və Ayın işığı aradan gedəcək, dağlar dağılacaq və hər bir canlı varlıq öləcəkdir. Onların həlak olmasının mənası da bundan ibarətdir.
Digər tərəfdən, həlak və fani olmaq bu maddi dünya və onda olan şeylərə aiddir, amma behişt və cəhənnəm – istər onları bu dünyanın batinində hesab edək, istərsə də bu dünyanın xaricində olub ona əhatəli olan bir aləm hesab edək – bu maddi dünyanın bir hissəsi deyildir ki, onların sistemlərinin məhv və fani olması hökmünə şamil olsun. Onlar tamamilə başqa bir dünyaya və axirət aləminə aiddir, bu dünyaya yox.”[11]
Bu məsələ ruh barəsində də doğrudur. Çünki ruh da bu maddi aləmdən yüksəkdədir və onu maddi dünyanın bir hissəsi hesab etmək olmaz. Deməli, maddi dünyanın məhvi ilə o məhv ola bilməz.
Əlbəttə, bu ayələr üçün digər yozum və izahlar da vardır. Bəziləri bu cür həlak olmanı “ədəmi zati” (zati yoxluq) hesab etmişlər. Yəni bütün maddi və qeyri-maddi varlıqlar zatən mə’dum (yoxluq) olmuş, yalnız Allahın vasitəsi ilə vücud və həyat kəsb etmişlər. Bu həyat ruh kimi qeyri-maddi varlıqların hamısında da əbədi qalacaqdır. Çünki mücərrəd varlıqlar heç bir ədəmi (yoxluğu) qəbul edə bilmirlər. Ruhlar da Allah-taaladan nəşət tapdıqlarına və Onun bəqası ilə baqi qaldıqlarına görə fani olaraq yoxluğa çevrilə bilməzlər.
[1] Bu barədə əlavə məlumat üçün bax: “Ölümdən sonra ruhun taleyi”, sual 7803 (sayt: 8062)
[2] Sübhani, Cəfər, “Quran nəzərindən ruhun ilkinliyi”, səh. 60 “Ümid” nəşriyyatı, Qum, 1358-ci hicri qəməri il; həmçinin bax: “Ölüm və insan varlığının sonu”, sual 5268 (sayt 5766)
[3] “Ali-imran”, surəsi, ayə: 169
[4] Təbatəbai, Məhəmməd Hüseyn, “Əl-mizan fi təfsiril-Quran”, 4-cü cild, səh. 61, “İslami nəşriyyat”ın dəftərxanası, Qum, 1417-ci hicri qəməri ili; Fəxrəddin Razı, Əbu Əbdillah, Məhəmməd ibni Ömər, “Məfatihul-ğeyb”, 21-ci cild, səh. 395, “Daru ehyait-turasil-ərəbi”, Beyrut, 1420-ci hicri qəməri il.
[5] “Ğafir” surəsi, ayə: 46
[6] Məkarim Şirazi, “Təfsiri-nümunə”, 20-ci cild, səh. 11, "Darul-kutubil-islamiyyə", Tehran, 1374-cü il; “Məfatihul-ğeyb”, 21-ci cild, səh. 395
[7] “Nuh” surəsi, ayə: 26
[8] “Quran nəzərindən ruhun ilkinliyi”, səh. 68
[9] “Cismani məad”, sual 6234 (sayt 6492); “Cismani məadda bədənin məhşur olması”, sual 6335 (sayt 6502)
[10] “Təfsiri-nümunə”, 23-cü cild, səh. 135
[11] Yenə orada, 16-cı cild, səh. 193