Please Wait
8449
İşlərin bəziləri, şübhəsiz, ilahi imtahanların ayrılmaz hissəsidir və məqsəd budur ki, insanın onların müqabilində seçdiyi mövqeyi aydınlaşsın. Bu kimi mövqe seçmələr və insanın bu hadisələrlə qarşılaşmağı nəticəsində onun batini və həqiqi şəxsiyyəti formalaşır. Həmçinin hadisələr qarşısında onun öz daxili səciyyə və niyyətlərinin büruz etməsi ardınca mömin, kafir və münafiq bir-birindən seçilib ayrılır. Bu işlərin bəziləri aşağıdakılardır: bir tərəfdən ölüm və həyat, yoxsulluq və varlılıq, əql və şəhvət, peyğəmbərlər və vəsilər, digər tərəfdən isə şeytanlar və şeytansifət insanlar, dünyanın nağd, axirətin isə nisyə olması, insanların irq, istedad, bədən quruluşu və s. ilə əlaqədar mövcud...; və insana əziyyət verən şər, zərərli varlıqların olması və s.
İnsan özünün heç bir ixtiyarı olmadan: istər səlahiyyətli və əməli saleh, istərsə də yaramaz işlər görən olsun, bu imtahanlardan keçməlidir. Lakin günahların ardınca və “cəza” ünvanı ilə gələn bəlalar insanın qəflət yuxusundan ayılmasına, günah əməlləri tərk edib Allahdan bağışlanmaq diləməsinə, onların qarşısında səbirli və dözümlü olmasına, günahların bağışlamasına səbəb olur. Çünki, insan öz nəfsinə hamıdan artıq agahdır və öz xətalarını ayırd edə bilər; bu günahların ardınca baş verən problem və çətinliklər onu sair imtahanlardan seçməyə dair bir əlamət ola bilər.
İnsan təbiəti elə yaradılmışdır ki, əgər özbaşına buraxılsa və heç bir xüsusi çətinlik və problemlə qarşılaşmasa, öz-özünə məğrurlaşır, təkəbbür hissi keçirir, öz pis əməllərinin acınacaqlı aqibətindən, sonrakı ağır nəticələrindən qafil olur. Bu problemin qarşısını almaq üçün ilahi hikmət tələb edir ki, insanın dünyəvi həyatı zəifliklər, çətinliklər, təbii problemlər, yaxud insanın öz əli ilə yaratdığı çətinliklərlə qarışıq olsun. Buna görə də xəstəliklər, ölüm, əlillik, fəqir və ya zəngin olmaq, sel, zəlzələ, tufan, vulkan, əziyyət verən həşəratlar, yırtıcı heyvanlar və s. kimi şeyləri insana hakim edir. Onun əql və şəhvət ilə yanaşı olan nəfsini bir tərəfdən ilahi hidayətçilər, digər tərəfdən isə insan növündən olan xənnas və şeytanlar vasitəsi ilə, habelə dünyada məhdudiyyətlərlə, qeyb elminə elm və imanın tələbi və s. ilə qarşılaşdırır. İnsanın öz cismi və nəfsi ilə əlaqədar problemlərə sinə gərməsi onun mənliyini və şəxsiyyətini formalaşdırır. Əql və fitrət daxildən, ilahi övliyalar və peyğəmbərlər isə xaricdən onu düzgün mövqe seçməyə, insaniyyət kamalına nail olmağa doğru hidayət edir. Heyvani şəhvətləri, meylləri və uzun-uzadı arzuları daxilindən, insanlardan olan şeytanları – bunlar onun səadətini məhv edən amillərdir – da xarici aləmdən hakim etməklə özünün yarandığı ən yüksək məqamlara doğru istiqamətləndirir. Çünki Allahın qəti iradə və hökmü insanın ixtiyarlı olması əsasında qərarlaşmışdır və insan bu işlərdən heç bir vəchlə qaçıb qurtara bilməz!
Buna görə də demək lazımdır: bütün varlıq aləmi özünün mövcud nemətləri və bəlaları ilə birlikdə insanın imtahan olunması üçün bir sınaq meydanıdır. Onun başına gələn bəla və müsibətlər də həqiqətdə bir nemət olmaqla eyni zamanda, onun düzgün yol seçməsinə imkan yaradır. Bunun ardınca da nəfsinin və ruhunun dünya və axirətdə yüksək məqamlara yüksəlişinə şərait yaranır. Əgər bu çətinliklər və sınaqlar olmasaydı, insanın bu qədər mənəvi yüksəlişi mümkün olmazdı.
İlahi övliyaların bəla və müsibətlərdən olan payı daha artıqdır. Çünki onlar ruhi təkamül üçün daha artıq qabiliyyət və istedada malikdirlər. Peyğəmbərlər və övliyalar (əleyhimus-salam) üçün baş verən bəla və müsibətlərin bir neçə nəticəsi ola bilər:
1. Onların iradə və nəfslərinin gücləndirilməsi, vücud dairəsi və əhatəsinin genişləndirilməsi və onlardakı təkvini vilayət ruhunun qüvvətləndirilməsi;
2. Axirət mənzillərində onların dərəcələrinin yüksəldilməsi;[1]
3. Onların dünya və ona aid olan şeylərdən mümkün qədər ikrah hissi keçirib, axirətə daha artıq rəğbətli olması və Allah yanında onlar üçün nəzərdə tutulan nemətlərə ürək bağlaması.
4. Allah dərgahında təzərrönü (ah-nalə və yalvarışı) həddindən artıq çoxaldıb Onun dərgahına pənah aparmaq və axirət üçün daha artıq yol ehtiyatı əldə etmək.
Əlbəttə, ilahi övliyalar bu bəla və imtahanları səmimi qəlbdən, tam rəğbətlə, alqışla qarşılamışlar. Bu çətinliklərin qarşıya çıxması ilə onların yəqin, iman və Allahın qəza-qədrinə razılıqları daha da artmış, Allaha və Onunla görüşə daha artıq şövq və rəğbət bəsləmişlər. Çünki hər imtahandan başıuca çıxıb, sınağın arxada qoyulması dərəcənin daha da yüksəlməsinə səbəb olur. Axirətlə müqayisədə dünyanın ömrü qısadır və bu dünyanın bəlaları axirətin əbədi nemətləri ilə müqayisədə əsla nəzərə çarpmır. Əgər hicrətin 61-ci ilində baş verən Kərbəla faciəsinə dərindən diqqət yetirsək, Allahla eşq sevdasının ən bariz nümunəsini tapa bilərik.
Amma ruhlarının tutumu az olan insanlar yalnız öz tutumları, qüdrətləri və kəsb etdikləri şeylər miqdarında imtahana məruz qalırlar. Əgər o imtahanlardan başıuca çıxsalar, sonrakı imtahanlara növbə çatır. Bütün insanların imtahan və sınaq vasitəsi eyni səviyyədə deyildir; belə ki, biri varlılıqla, digəri yoxsulluqla; biri müsibətlə, digəri isə firavanlıqla; biri övlad sahibi olmaqla, digəri isə sonsuzluqla; biri sağlamlıqla, digəri isə xəstəliklə; biri elm və elmi müvəffəqiyyətlə, digəri isə riyazət və ibadət tövfiqi ilə. Bir insanın bəzən bir, bəzən isə tam başqa bir nemətlə imtahan olunması mümkündür. Bu da onun hansı imtahana hazırlıqlı olmasına bağlıdır. Əlbəttə, bu hazırlıq onun keçmişdəki əməllərinin nəticəsinə aiddir. Çox hallarda insanın özü də ondan agah olmaya bilər. Yuxarıda qeyd olunan bəla müsibətlərin miqyası genişdir və hər bir insan müəyyən mənada onunla qarşılaşıb sinə gərir və ondan heç bir qaçış yeri yoxdur.[2]
Lakin bəzi müsibətlər və bəlalar insanların ilahi fərmanlar qarşısında inadkarlıq və imtina etməsinin nəticəsində əmələ gəlir. O, bu müsibət və bəlalar ilə tənbeh edilir və öz xətası ona anladılır. Bu kimi bəlalar məsumlardan qeyriləri üçün baş verir. Çünki, onlar (məsumlar) hər növ üsyankarlıqdan pak və amandadırlar, onların (mövcud olmayan) günahının bu imtahanlar vasitəsi ilə bağışlanması heç bir məna kəsb etmir.
Başqaları barəsində də bir neçə variantda gerçəkləşir:
a) Müvəqqəti və qısamüddətli əzab
Belə ki, onların tənbeh edilməsi, qürur və təkəbbürünün aradan qaldırılması, Allah dərgahında yalvarışa, ibadətə və təzərröyə sövq edilməsi, Allahın xatırladılması üçündür və höccəti insana tamamlayır (bəhanə yollarını bağlayır).[3]
b) Möhlət vermək və “istidrac”la olan əzab
Bu, inadkar olan, qürur və təkəbbürdən əl çəkməyənlərə aiddir. Belə ki, Allah-taala onları Özünün dünyəvi nemətlərində qərq edir, Allahı, qiyaməti, ölümü, insani kəraməti ona unutdurur.[4]
v) “İstisal” ilə əlaqədar əzab;
Təkəbbür və qürur hissləri son nöqtəyə çatdığı zaman ilahi cəza onları əhatə edir və bütünlüklə bərzəx cəhənnəminə daxil olurlar ki, qiyamətdə də axirət əzabına düçar olsunlar.[5]
Birinci növ bəlanın özü də ilahi bir nemətdir, insanın qəflət yuxusundan ayılmasına və bütün ömrü boyu imanlı olmasına səbəb olur, xoşagəlməz hadisələr və müsibətlər müqabilində səbrini artırır, Allah dərgahında istiğfar, təzərrö və tövbə edir. Bu da onun günahlarının məhv edilib gözəl əməllərə çevrilməsinə, Allah yanındakı dərəcəsinin yüksəlməsinə, qəflət və xəbərsizlikdən uzaqlaşmasına səbəb olur. Nəticə etibarı ilə, Qiyamətdə Allahın qəzəb və qəhrindən xilas olur, Onun dərgahına yaxınlaşır. Amma digər iki növ əzab isə, dünyada (zahirdə) rifah və firavanlığın yüksək səviyyəsində yaşasalar da, tağut əhlinə və inadkarlara çatan ilahi əzabdır.
Quranın təbiri ilə desək, “Əgər hər bir insan bəhanə və üzrü kənara qoysa, öz nəfsinə hamıdan artıq agahdır.”[6] O özünün niyyət, əməl və hədəflərinə hamıdan artıq agahdır. Əgər insafla mülahizə yürütsə, yersiz izah, bəhanə və yozumlardan uzaqlaşsa, təqsirlərini başqalarının boynuna atmaqdan çəkinsə, öz əməllərinin düz və ya səhv olduğunu anlaya bilər. Buna görə də əgər sui-niyyət, yaxud üsyankarlıq ardınca onun üçün bir bəla və müsibət baş verərsə, bu onu göstərir ki, Allah ona inayət etmişdir. Bu işdə onun ağlını başına yığmaq məqsədi güdüldüyünü bilməlidir ki, pis niyyətdən, günah və yaramaz işlərdən əl çəksin. Əgər bu nemətlərin (bəla və tənbeh) şükürünü yerinə yetirib pis işlərdən çəkinsə, Allahın sonsuz rəhmət və nemətlərinə nail olacaq, ilahi ilham və yol göstərmələrdən bəhrələnəcək, tutduğu yolun düz olmadığını başa düşəcək və çirkin işlərdən, günah əməllərdən kənara çəkiləcəkdir.[7]
Lakin əgər Allahın əmr və nəhyləri müqabilində süstlük, laqeydlik göstərsə, Onun höccəti tamamlaması və qəflətdən oyatması qarşısında etinasız yanaşsa, Allah da onu özbaşına buraxacaq, asayişə və firavanlığa qərq edəcəkdir ki, tədrici olaraq Allahdan və Onun rəhmətindən büsbütün uzaqlaşsın, əbədi əzaba düçar olsun (buna “istidrac” deyilir).
Biz sözlə, dünya və onun maddi nemətləri, baş verən bütün hadisələr insan üçün ilahi imtahan və sınaqdır. Belə ki, onlarla qarşılaşmaq insanın mənlik və şəxsiyyətinin düzgün formalaşmasına, insaniyyət dərəcəsinin yüksəlməsinə səbəb olur. Bu şərtlə ki, ondan düzgün şəkildə bəhrələnsin, peyğəmbərlərin yol göstərməsindən istifadə edərək onların qarşısında münasib əksül-əməl göstərsin. Lakin əgər xəta yolunu seçərsə, bir neçə dəfə tənbeh edilir ki, inadkarlıqdan əl çəksin. Əgər inad və qəflətdən ayılmasa, ya “istisal” əzabına, ya da “istidrac”a düçar edilir.
MƏNBƏLƏR:
1. Qurani-kərim
2. Müxtəlif təfsirlər və vərəqaltı haşiyələrdə qeyd olunan ayələrin izahı.
3. İmam Xomeyni (r), “Qırx hədisin şərhi”, səh. 236-246 , 589, “İmam Xomeyninin əsərlərinin tənzim və nəşri” müəssisəsi, Tehran, 1376
4. Misbah Yəzdi, Məhəmməd Təqi, “Quran maarifi”, (“Yol və yol tanımaq”), 4-5-ci cild, səh. 115-153
[1] Bax: Görünüş, “Vilayətin mənası”, sual 128 (Sayt: 1068)
[2] “Muhəmməd” (səlləllahu əleyhi və alih) surəsi, 31; “Ənbiya” surəsi, 35, “Bəqərə” surəsi, 155 və s.
[3] “Əraf” surəsi, 68, 90-94
[4] “Muminun” surəsi, 53-56, “Əraf” surəsi, 182-183
[5] “Fussilət” surəsi, 16, 27, 50
[6] “Qiyamət” surəsi, 14-15
[7] “Ənfal” surəsi, 26, “Ənkəbut” surəsi, 69, “Bəqərə” surəsi, 282