Please Wait
7915
Bu sualın cavabı ağlamağın mahiyyətinin və harada istifadə olunmasının tanınmasına bağlıdır.
Ağlamağın bir zahiri, bir də batini vardır. Onun batini insanın ülvi (emosional) duyğularından və ruhi təsirlənmələrindən qaynaqlanır. Belə ki, onun insanda hasil olması ilə eyni zamanda beyində müəyyən fəaliyyətlər baş verir və gözdən yaş axmağa başlayır.
Bu ruhi təsirlənmənin müxtəlif amilləri ola bilər. Bəzən bizimlə əlaqəli olan müəyyən şeylərin itirilməsi, bəzən kamal axtarmaq hissi, yaxud malik olduğumuz etiqadlar, yaxud da məzlumun halından riqqətə gəlib tərəhhüm hissi keçirmək və s. işlər qəlbin təsirlənməsinə səbəb ola bilər. Bəzən də ruhi təsirlənmə və onun ardınca ağlamaq fəraq və ya vüsal nəticəsində əmələ gəlir, bəzi vaxtlarda bacarıqsızlıq, acizlik, zəlillik ucbatından və yaxud başqalarını aldatmaq və riyakarlıq üzündən baş verə bilər.
Hər bir halda şiələrin “Bəqi” qəbiristanlığında öz imamları üçün axıtdıqları qanlı göz yaşları oyuncaqlarını itirib əldən verən uşağın ağlaması, yaxud mal-dövləti qarət edilən böyük bir insanın ağlaması kimi deyildir. Əksinə, bu, kamala olan eşqdən irəli gələn ağlamaq, şiənin ictimai təkamülündən hekayət edən qəm-qüssədir. Bu qəm-qüssə onlara qarşı rəva görülən zülmlərə axıdılan göz yaşlarının nəticəsidir.
Bu ağlamaq acizlik, zəlillik və ya riyakarlıq üzündən deyil, aşiq bir insanın ağlamağıdır ki, bəzən fəraqdan nalə edir, bəzən vüsaldan şövq və sevinc göz yaşları axıdır. Bu, elə bir insanın ağlamağıdır ki, qəlbi daş deyil və məzlumlara rəva görülən zülmü müşahidə etməklə həyəcanlanıb, cuşa gəlir. Bu, kamala eşq bəsləyən bir insanın ağlamağıdır ki, bəşəriyyətin kamala olan yanğısını hikmət və kamal mənbəyindən təmin edə bilən insanların halına qəm-qüssə keçirir.
Bu ağlamaq insanın daxili yönündə nəinki stressə, ruhi pərişanlığa və sarsıntıya səbəb olmur, əksinə ruh yüksəkliyində mühüm rol ifa edir, nəzərdə tutduğu mövzunun ayırd edilməsində insani duyğuların və məhəbbətin güclənməsinə, rəftar və davranış baxımından hazırlığın əmələ gəlməsində və nəticə etibarı ilə özünü məhəbbət bəslədiyi mövzular və şəxslərə oxşatmağa şərait yaradır.
Xarici yöndə isə, ictimai və siyasi məsələlərdə inkişafında, ictimai rəftar və hərəkətlərin icad olunmasında, təvəlla (Allah dostlarını sevib onlarla dost olmaq) və təbərra (Allah düşmənlərindən bezarlıq edib onlarla düşmən olmaq) məsələsində mühüm bir amil sayılır.
Ağlamaqla insan nəzərdə tutduğu hər hansı bir mövzunu canlı saxlaya bilər, belə ki, heç vaxt onun xatirəsindən silinməz. Hətta demək olar ki: Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-in əsil məram və ideologiyasının qorunub-saxlanması, zülm ilə mübarizə və s. kimi məsələlər ağlamağın nəticələrindəndir və bu da şiələrin “Bəqi” qəbiristanlığının kənarında ağlamağının sirlərindən biridir.
Bu sualın cavabı ağlamağın mahiyyətini, istifadə olunma yerlərini və təsirlərini öyrənmədən, eləcə də şiənin əzadarlıq və matəm mərasimlərinə necə yanaşmasını bilmədən mümkün deyildir. Biz dinləyicilərin vəziyyətinə riayət etməklə bu bəhsi ətraflı şəkildə araşdırırıq.
Ağlamağın mahiyyəti:
Ağlamaq iki yöndən təşkil olunur: zahiri və batini. Onun zahiri – bədəndə baş verən fizioloji bir məsələdir, batini təsirləri isə insanın batini və ülvi təsirlənməsidir. Bu da təfəkkür kimi daxili və ya xarici mühərriklərin (maddi və təbii) vasitəsi ilə hasil olur. Atifi (emosional, ülvi) təsirlər ilə beynin müəyyən bir hissəsi fəallaşır, göz yaşı vəzilərinə fəaliyyət fərmanı verir. Məhz bu zaman gözdən yaş axmağa başlayır.
Amma ağlamağın batini (ülvi, emosional) təsirlənmələrinin isə, müxtəlif amilləri ola bilər. Buna görə də ağlamağın müxtəlif qisimləri olacaqdır:
1. Ağlamaq insanın özünə və onunla əlaqədar olan şeylərə təbii bağlılıqdan irəli gələ bilər. Bu növ ağlamaq müsibət baş verən zaman,[1] özü də ixtiyarsız olaraq baş verir və keçmişə nəzər yetirmiş olur. İnsan məhəbbət bəslədiyi, ürək bağladığı hər hansı bir şeyi əldən verməklə təsirlənir və camaat arasında deyildiyi kimi, onun qəlbi kövrəlib riqqətə gəlir və göz yaşı axıtmağa başlayır.
2. Kökü etiqadda olan ağlamaq.
Misal üçün, bu, Allahla raz-niyaz və minacat edən zaman hasil olur. İnsan özünü Allahın hüzurunda görür, özünü günahkar bilir, əməl və rəftarlarının qeyd olunduğuna etiqad bəsləyir və buna görə də təsirlənir.[2] Bu növ ağlamaq gələcəklə əlaqədardır və əlbəttə, keçmişlə də əlaqəsiz deyildir. Peşmançılıq və tövbə üzündən olan ağlamaq məhz belədir.
3. Fəzilət və kamal axtarmaqdan yaranan ağlamaq.
Misal üçün, müəllim və əxlaq tərbiyəçisinin, İmamın və Peyğəmbər (səlləllahu əleyhi və alih)-in əldən getməsi ilə baş verən ağlamaq. Səbəbi də odur ki, biz öz daxilimizdə kamalı tərifləyir, o kamallara malik olan zaman vəcdə gəlir və onu əldən verdiyimiz zaman narahat olub qüssələnirik.[3]
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra Ümmü Əymən ağlayırdı. İkinci xəlifə (etirazla) ondan soruşdu: “Nə üçün ağlayırsan?! Məgər Peyğəmbər Allahın hüzuruna getməyibmi?” O dedi: “Ona görə ağlayıram ki, bu işlə bizim vəhylə əlaqəmiz kəsilmişdir!”[4]
4. Məzlumun halına ağlamaq.
İnsanın qəlbi daş deyildir. O, soyuq qış gecəsində anasının ağuşunda yetim uşağın can vermə mənzərəsini görəndə bədəni lərzəyə düşür. İnsani duyğular və ülvi hislərlə dolu olan bir qəlb südəmər uşağın atasının ağuşunda can verməsini, boğazından axan qan ilə sirab olunmasını gördükdə qəlbi kövrəlib həyəcanlanır və döyünməyə başlayır, qəlbin atəşin şölələri göz yaşı şəklində üzündən axmağa başlayır. Səbəbi də onun qəlbinin məzluma rəva görülən belə bir zülmdən təsirlənməsidir.
5. Acizlik və zəlillik üzündən olan ağlamaq.
Bəzən insan müəyyən bir şeyi əldən verdiyinə görə, yaxud müəyyən bir məğlubiyyətdən acı xatirələrə malik olduğuna görə acizlik, zillət hissi keçirir və nəticə etibarı ilə təsirlənir, zəlilcəsinə ağlamağa başlayır. Bu ağlamaq öz hədəflərinə çata bilməyən zəif insanların ağlamağıdır. Saib Təbrizinin dediyi aşağıdakı beyt də zahirən bu mənayadır:
Geryeye şəm əz bəraye matəmi pərvane nist,
Sübh nəzdik əsto dər fekre şəb tari xodist.
Şamın ağlamağı pərvanənin matəmi üçün deyil;
Sübh yaxındır və özünün qaranlıq gecəsinin fikrindədir.
6. Şövq və sevinc ağlamağı.
Uzun illər əziz balasının ayrılığına dözdükdən, həsrətlə gözünü yola dikdikdən sonra övladını tapan ananın sevinc göz yaşları üzünə axır. Bir ömür fəraq və məhrumiyyətdən sonra öz məşuquna qovuşan pak niyyətli bir aşiqin sevincdən ağlamağı da bu qəbildəndir.[5]
7. Fəraq və ayrılıq ağlamağı. Buna misal olaraq öz məhbub və məşuqunu əldən verdiyinə görə ah-fəğan edən, yaxud vüsal dövrünün keçməsindən ah-nalə edən aşiqin ağlamağını qeyd etmək olar:
Ze geryeye mərdom çeşməm neşəste dər xun əst,
Bebin ke dər tələbət hali mərduman çun əst.
Əz an dəmi ke zeçeşməm, berəft yari əziz,
Kenari daməni mən həmçu rəvəd ceyhun əst.
Ağlamaqdan gözümün bəbəyi qanda oturdu,
Gör səni axtarmaqda camaatın halı necədir!
Gözümdən əziz yarım getdiyi zamandan
Ətəyimdin yanından göz yaşım qan kimi axır.
Hafiz
8. Mərhəmət, mehribanlıq və nəvaziş üzündən axan göz yaşı.
Alimlərin dediyinə əsasən, insanın vücud yönündən biri onun atifi (ülvi, emosional) və insani duyğulardan ibarət olan yönüdür. İnsani duyğulara, mehr-məhəbbətə malik olmayan bir insanın insaniyyətdən əsla xəbəri yoxdur. Buna görə də bütün ömrü boyu bir dəfə də olsun, atalıq məhəbbəti üzündən öz əziz övladını öpməyən bir insan Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) tərəfindən məzəmmət olunur və həzrət belə bir şəxs barəsində buyurur: “Hər kəs (başqalarına) mərhəmət etməzsə, ona da rəhm edilməz.”[6] Buna görə də həzrət öz övladı İbrahimin vəfatında ağlayırdı. Səhabələri onun ağlama səbəbini soruşduqda, həzrət buyurmuşdu:
“Bu (qəzəb üzündən olan) ağlamaq deyil; həqiqətən bu bir rəhmətdir. Hər kəs rəhm etməzsə, ona da rəhm olunmaz.”[7]
9. Riyakarlıq üzündən olan ağlamaq.
Bu, “timsahın göz yaşları” kimi təbir edilir.[8]
Ağlamağın təsir və nəticələri.
Ağlamağın hədəfi:
Ağlamağın bütün növləri insanın siyasi, mədəni və dini cəhətdə istiqamətləndirilməsində mühüm rol oynaya bilər. Misal üçün, məsum imamların (əleyhimus-salam) ağlaması barəsində deyilir: Onlar dini təbliğat imkanlarını əldən verdikləri zaman zalım hakim əleyhinə soyuq müharibə ünvanını seçmişdilər. Onlar ağlamaqla camaatın zehnində bu sualın baş qaldırmasını istəyirdilər: “Axı nə üçün bu böyük şəxsiyyətlər bu qədər narahatdırlar? Məgər qəm-qüssəli bir hadisə baş vermişdir?!”
Onlar İslam göstərişlərinin həqiqətini bəyan etmək, İslamı insanlara başa salmaq, onları agah edib qəflət yuxusundan ayıltmaq, zalımların, qəsbkarların batini üzlərini və mənfur niyyətlərini ifşa etmək üçün göz yaşı axıdırdılar. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in yeganə qızı Fatimə (əleyha salam)-ın tarixdə qeyd olunan ağlamağının sirri də bundan ibarət idi. O, uzun müddət Həsənlə Hüseynin (əleyhiməs-salam) əlindən tutub, Mədinə darvazasının yanında ağac kölgəsində dayanır və ağlayırdı. Oradan keçənlərin zehnində belə sual yaranırdı: “Nə üçün Fatimə ağlayır?! Məgər nə olmuşdur?! Məgər atası onun barəsində buyurmayıbdırmı ki, “Fatimənin qəzəbi mənim qəzəbimdir?![9]
Bundan sonra camaatın zehnində belə sual yaranırdı: Fatimə (əleyha salam) kimə qəzəblənərək ağlayır?! Məhz belə olan şəraitdə həzrət özünün atəşin sözləri ilə camaatı həqiqətlərdən agah edirdi. Buna görə də onun müxalifləri gecə ikən gəlib o ağacı kəsdilər. Lakin dərhal Əli (əleyhis-salam) o böyük İslam xanımı üçün digər bir kölgələnəcək düzəltdi. Öz xanımının müsafirlərin keçdiyi yolda əyləşib ağlamasını və bu yolla (camaatdan) kömək istəməsinə razı olan Əli (əleyhis-salam) camaatı, islami mənbələrdə deyilən böyük bir siyasi sirrə doğru hidayət edirdi. Məhz buna görə də inanırıq ki, Fatimeyi-Zəhranın göz yaşları Əlinin qılıncının köməyi idi. “Bəqi” qəbiristanlığı Fatimə (əleyha salam)-ın hüzn və qəm-qüssələrini xatırladır, elə müsibətləri zehinlərdə canlandırır ki, o böyük İslam xanımı və məsum imamlar (əleyhimus-salam) islamı qorumaq yolunda onlara sinə gərmişdilər.
Bilmək lazımdır ki, şiələrin “Bəqi” qəbiristanlığında qəm-qüssəyə batıb ağlamağı oyuncağını əldən verən uşağın ağlaması kimi deyildir. Hətta həddi-buluğa çatmış bir şəxsin mal-dövlətini və s. əldən verməsindən yaranan ağlamaqla da fərqi vardır. Bu, şiənin ictimai təkamül və inkişafından hekayət edən bir qəm-qüssədir və o böyük şəxsiyyətlərə rəva görülən zülmdən irəli gəlir. Elə bir ağlamaqdır ki, şiənin kamal axtarmağını göstərir. Həqiqətdə bizim ağlamağımız bir tərəfdən imamlara görədir, bir tərəfdən isə özümüzə görə. O əzizlərinin günahları nə idi ki, bu qədər zülm və haqsızlığa dözməli idilər?! Məgər onlara məhəbbət bəsləmək ilahi risalətin (peyğəmbərliyin) muzdu, əvəzi deyildimi?! Nə üçün bir dəstə adam daxili yanğımızı o əzizlərin hikmət mənbəyindən sirab etməyə mane oldu?!
Hər bir halda, şiənin ağlamağı məzluma ağlamaq qəbilindəndir, fəzilətə olan batini yanğıdan irəli gəlir və onun etiqadda kökləri vardır. Əlbəttə, söhbətin davamında işarə edəcəyimiz kimi, belə qəm-qüssə öz ardınca ictimai qarşıdurmanı, təvəlla-təbərranı da gətirir. Yəni, bu halət insanda süstlüyə, tənbəlliyə yox, əksinə, ictimai coşqunluğa səbəb olur. Şiənin ağlamağı acizlik üzündən ağlamaq deyildir. Çünki biz inanırıq ki:
İzhari əcz pişe setəmgər rəva mədar,
Əşki kəbab baisi tuğyani atəş əst.
Zalımın yanında acizlik göstərməyi rəva bilmə,
Çünki kababın damcıları atəşin tüğyan etməsinə səbəb olur.
Bu ağlamaq fəraqdan irəli gələn ağlamaq da ola bilər.[10] Necə ki, həzrət Əba Əbdillah imam Hüseyn (əleyhis-salam)-a xitab edərək deyirik:
“Kaş sizinlə bildikdə olaraq böyük bir feyzə çataydım!”[11]
Bu, sevinc ağlamağı ola bilər. Misal üçün: İnsan zahirdə əsir olan qadınların və kişilərin rəşadətlərini, şücaətlərini, alicənablıqlarını və atəşin xütbələrini dinləməklə təsirlənir və ağlayır.
Belə ehtimal da var ki, bu ağlamaq sırf mərhəmət və insani duyğular üzündən olsun. Görəsən, mümkün ola bilərmi ki, insan Kərbəlada baş verən bu qədər cinayətləri eşidib ağlamasın?!
Ağlamağın təsirləri və əsərləri:
Ağlamağın əsərləri iki yöndə: daxili və xarici yöndə mülahizə edilə bilər. Onun daxili yöndəki təsirləri kimi aşağıdakıları qeyd etmək olar:
1. Bəyan olunduğu kimi, ağlamaq bir növ daxili hislərin və həyəcanların təhrik olunmasıdır. Əgər riyakarlıq, acizlik və birinci qisimdə deyilənlərdən olmasa,[12] öz ardınca ruhi aramlıq gətirir və həqiqətdə qəlbin cilalanmasına, saflaşmasına səbəb olur.
Həyəcanlara bu cür təskinlik verilib aradan qaldırılması insanın ali məramına aid olur. İnsan daim onun yüksək həddində olmaq istəyir. Amma belə olmur. Bunu dərk edərək həyəcana gəlir, zülm və haqsızlığın aradan qalxmasını istəyir, amma bunların hələ də mövcud olduğunu görərək təsirlənir. Özünün və başqalarının haqqındakı ilahi nemət və xeyir-bərəkətləri müşahidə edir, onları xatırlamaqla... Belə olan ağlamaq insana ümid verir və onda hərəkət, canlanma yaradır. Bu da insanın süst olmasının tam əksinədir[13] və onda ruh yüksəkliyi yaradır. Nəinki insanın həyatında sarsıntı yaratmır, əksinə çox hallarda da müalicə rolunu ifa edir.[14]
Belə əzadarlıq mərasimlərində iştirak edənlər etiraf edirlər ki, onlara xüsusi bir (müsbət) halət baş verir. Səbəbi də məhz budur ki, bu məclislərə hakim olan qəm-qüssələr axirət qəm-qüssəsi, məzlumların məzlumiyyətinə ağlamaq qəm-qüssəsi və s-dir.
2. Ruhi həyəcanlar və təsirlənmələr mərifət yönündə də təsirlidir. O, insanın nəzərdə tutduğu mövzu barəsində axtarışçılıq ruhiyyəsini, tədqiqat dərrakəsini gücləndirir.
3. İnsani duyğuları, mərifəti gücləndirir, habelə mərifət və atifələrə mütənasib olaraq insanı rəftar cəhətindən hazırlayır.
4. Ağlamağın digər təsirlərindən biri budur: o, nəzərdə tutduğu insan və mövzularla uyğunlaşır.
5. İnsanın nəzərdə tutduğu mövzu barəsində məhəbbət və əlaqəsini artırır. Əlbəttə, aydın məsələdir ki, ruhi təsirlənmələr, məzlum şəxsə atifi (ülvi duyğu) əlaqənin varlığını bəyan edir. Çünki insan yadların müsibət və qəm-qüssələrindən təsirlənməz.
6. Kamil insan o insandır ki, vücudunun bütün yönləri eyni zamanda və eyni səviyyədə inkişaf etsin, güclü atifə, təfəkkür və mərifət qüvvəsindən bəhrələnmiş olsun.
Ağlamaq da həm atifələrin, emosional hislərin inkişafına səbəb olur, həm də lətif ruhdan hekayət edir. O həm gücləndirir, həm də nümayiş etdirir.
Buradan Əli (əleyhis-salam)-ın öz hökuməti dövründə yəhudi bir qadına zülm edilərək ayağındakı xalxalını (bəzək əşyasıdır) çıxardılan zaman nə üçün “Əgər bir kəs bu qəmdən ölsə, onu məzəmmət etməzlər!”[15] dediyini başa düşmək olar.
Ağlamağın xarici yöndən təsirləri:
İctimai və siyasi yöndən öz ardınca təvəlla və təbərranı gətirən ağlamaq, ictimai və siyasi hərəkat və canlanmalar üçün mühüm amil sayılır. Buna görə də zalım hökumətlər Kərbəla şəhidləri və imam Hüseyn (əleyhis-salam) üçün əzadarlıq təşkil edilməsini qadağan edir və ona maneçilik törədirdilər. Biz ixtisarla bu ağlamağın ictimai və siyasi təsirlərini qeyd edirik:
1. Ağlamaq – zülmlə, haqsızlıqla müharibə elan edir:
Bəzən göz yaşları hədəflərin peyğamını çatdırır. İmam Hüseyn (əleyhis-salam) və onun vəfalı səhabələrinin məramı ilə həmrəy və o əzizlərin hədəfi ilə həmahəng, müvafiq olduqlarına demək istəyənlər bu işi bəzən atəşin şüarlarla, şer oxumaqla, həmasə – həyəcanlı səhnə yaratmaqla; bəzən isə başqa yollarla göstərirdilər.[16] Bunların hamısının riyakarlıq üzündən olması mümkündür, lakin bu canyandıran hadisəni eşitməklə gözündən qan-yaş axan bir kəs bu həqiqətin ən sədaqətlilərinin (imam Hüseyn (əleyhis-salam) və onun vəfalı köməkçilərinin) müqəddəs hədəfləri ilə vəfadarlığı elan edir. Bu da onlarla qəlbən bağlılıq, zülm və haqsızlıqla müharibə elan etməkdir. Aydındır ki, belə ağlamaq o əzizlərin pak və müqəddəs hədəfləri barədə agahlıq olmadan mümkün deyildir.
2. Ağlamaq və İslam ideologiyasının dirçəldilməsi.
Şiələrin məsum imamların (əleyhimus-salam) məzlumiyyətinə, o cümlədən Fatimeyi-Zəhra (əleyha salam)-ın və “Bəqi”də dəfn olunan sair imamların, xüsusilə imam Hüseyn (əleyhis-salam)-ın məzlumiyyətinə ağlamağı tarix boyu həqiqi İslam ideologiyasının qalıb hifz olunmasına səbəb olur.
İmam Xomeyni (r) buyurur: “Seyyidüş-şuhəda (əleyhis-salam)-ın məramını bu kimi ağlamaqlar qoruyub saxlamışdır... Hər məktəbdə sinə vurmaq olmasa, onun ağlayanları olmasa,... qorunub saxlanmaz.”[17]
“Aşuranın canlı saxlanması çox mühüm siyasi və ibadi bir məsələdir.”[18]
Şəhid Mütəhhəri (r) bu barədə yazır: “Bir cavan məndən soruşdu: Əgər İmam Hüseyn (əleyhis-salam)-ın yolu və ideologiyası dirçəldilməlidirsə, o həzrətin müsibətini xatırlamaq da zəruridirmi?” Dedim: “Bəli, bu bir göstərişdir və onu imamlar bizə tövsiyə etmişlər. Bu göstərişin bir fəlsəfəsi vardır: hər bir ideologiya və məktəbdə atifələrlə, insani duyğularla yanaşı olan çaşnisi olmasa və sırf fəlsəfi və ideoloji məktəbi olsa, bizim ruhumuza çox da nüfuz etməz, onun qalma, davam etmə ehtimalı olmaz. Lakin əgər onda atifi duyğular təsirli olsa, bu atifə ona hərarət gətirir... Şübhəsiz, imam Hüseyn (əleyhis-salam)-ın məktəbi məntiq və fəlsəfə əsasında olan bir dərsdir və onu öyrənmək lazımdır. Amma əgər bu məktəbi sırf ideologiya şəklində xatırlatsaq, hərarəti ondan alınar və əsas etibarı ilə köhnələr.”[19]
İmamlara qarşı rəva görülən zülmlər qarşısında ağlamaq səbəbi ilə həmişə bu yaralar təzələnir və artıq bir kəs Qədir-Xum, Aşura vaqiəsi kimi hadisələri inkar etmir. Aşuranın canlı saxlanması – İslam məktəbinin diri saxlanmasıdır. Çünki o imam islamın hifz olunması üçün qiyam etmişdir.
Nəticə: Şiələrin “Bəqi” qəbiristanlığında, imam Hüseyn (əleyhis-salam)-ın əzadarlıq mərasimində və s.də ağlamaları əvvəla, təbii və insani bir işdir, ikincisi bəyan olunan hədəfləri əldə etmək məqsədi daşıyır və belə ağlamaq Quran və rəvayətlərdə dəstəklənir, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in və səhabələrin davranışı da buna şəhadət verir.[20]
Əlavə mütaliə üçün mənbələr:
1. “Biharul-ənvar”, 44-cü cild, səh. 289, 293, 21-ci cild, səh. 24
2. “Vəsailuş-şiə”, 12-ci cild, səh. 90
3. Təbəqat, İbni Səd, 8-ci cild, səh. 282
4. A. Kaviyani, “Ağlamaq şiənin əlində bir vasitədir”
5. Şəhid Mütəhhəri, “İmamət və rəhbərlik”, səh. 53
6. Məkarim Şirazi, “Şəhadətin fəlsəfəsi”, səh. 10-13
7. Şəhid Mütəhhəri, “İmam Məhdi (əleyhis-salam)-ın qiyam və inqilabı”, səh. 108
8. Hüseyn Rəcəbi, “Əzadarlıq şübhələrinə cavab”
9. “Ricali Kəşşi”, səh. 187
10. “Nəfəsul-məhmum”un tərcüməsi, səh. 15-17, 23,34
11. Səmhudi, “Vəfaul-vəfa”, səh. 468
[1] Müsibət hissi – ruh və batinlə əlaqədar bir məsələdir. Bu, insanın özünə aiddir və ixtiyar üzündən baş verir. Əlbəttə, bəzən gözlənilmədən. Misal üçün, insanın yaxın adamlarından birinin yol qəzası nəticəsində ölüm xəbərini verən zaman baş verir. Bəzən də əvvəlcədən hazırlıq ilə baş verir. Bax: “Nur yolçularının yol azuqəsi”, “Baqirul-ulum” adına ixtisasçı təlim mərkəzi, nömrə 46, səh. 235-254
[2] İmam Səccad (əleyhis-salam) buyurur: “Ən sevimli göz yaşı odur ki, gecə qaranlığında Allah qorxusundan və ixlas (tam sədaqət) üzündən axıdılmış olsun.” “Biharul-ənvar”, 9-cu cild, səh. 329, “Ağlamağın fəziləti” babı. Şübhəsiz, belə göz yaşlarının kökləri etiqad növünə qayıdır ki, bu da Allaha və axirət aləminə inancımızdan irəli gəlir.
[3] “Tövbə” surəsinin 92-ci ayəsində bir dəstə adamın təsvirində buyurulur: “Onlar qəm-qüssənin şiddətindən göz yaşları axıdır və qayıdıb (deyirdilər:) nə üçün Allah yolunda cihad etmək üçün bir şey tapmırlar!”
[4] “Dəlailun-nübuvvət”, Beyhəqi, 7-ci cild, səh. 266
[5] Cəfər ibni Əbu Talib (əleyhis-salam) Həbəşistandan Mədinəyə qayıdanda Peyğəmbər (səlləllahu əleyhi və alih) onun pişvazına çıxdı və “onu görməkdən hasil olan fərəh və sevincdən ağlamağa başladı.” “Biharul-ənvar”, 21-ci cild, səh. 24
[6] “Mizanul-hikmət”, 10-cu cild, səh. 700; “Biharul-ənvar”, 43-cü cild, səh. 282-283
[7] “Biharul-ənvar”, 23-cü cild. səh. 151
[8] Qeyd: Ağlamağın bəzi növləri müəyyən cəhətlərdən ümumi və sair növlərə şamil olsa da, eləcə də ağlamağın yaranmasında bir neçə amil təsirli olsa da, amma əlavə izah vermək, mühüm və əsaslı amilə diqqət yetirmək üçün bəhsi bu cür irəli çəkmişik.
[9] “Fatimə mənim canımın parçasıdır; hər kəs onu sevindirsə, şübhəsiz, məni sevindirib; hər kəs onu narahat etsə, şübhəsiz, məni narahat edib. Fatimə camaat arasında mənim üçün ən əziz insandır.” “Biharul-ənvar”, 43-cü cild səh. 23, “Səhihi Müslim”, 5-ci cild, səh. 54. “Həqiqətən Allah Fatimənin qəzəbi ilə qəzəblənir, onun razılığı ilə razı olur.” “Kənzul-ummal”, 12-ci cild, səh. 111; “Biharul-ənvar”, 43-cü cild, səh. 19. “Fatimə mənim iki yönüm (elm və əməl) arasında olan qəlbim və ruhumdur; hər kəs ona əziyyət versə, mənə əziyyət vermişdir.”
[10] Həzrət Yəqub (əleyhis-salam) öz övladının fərağında o qədər ağladı ki, axırda gözləri tutuldu. İmam Səccad (əleyhis-salam)-dan çox ağlamasının səbəbini soruşanlara belə cavab vermişdi: “Yəqub öz oğlanlarından birinin fərağında o qədər ağladı ki, qəm-qüssədən gözləri tutuldu. Halbuki, Yusifin diri olduğunu bilirdi. Mən necə qüssələnməyə bilərəm...” “Hilyətul-övliya”, “Ə’yanuş-şiə” kitabının tərcüməsindən nəqlən, Seyyid Möhsün Əmin, səh. 72
[11] “Məfatihul-cinan”, səh. 779. “Varis” ziyarətində də şəhidlərə xitabən deyirik: “Siz böyük bir feyz məqamına çatdınız. Kaş mən də sizinlə birlikdə olub sizinlə birlikdə feyzə çataryım!” Məfatihul-cinan”, səh. 787
[12] Psixoloqların nəzərində birinci qisimdə də ağlamaq ruhun aramlığın və, müsibətlərdən yaranan qəm-qüssənin yüngülləşməsində təsirlidir.
[13] Bəzən deyilir ki, İranda əzadarlıq mərasimi öz ardınca süstlük gətirir. Zahirən bu sözləri deyənlərin ruhi pərişanlıq, sarsıntı, stress kimi nasazlıqlar dedikdə məqsədləri çox şiddətli olan ümdə növüdür. Onların məqsədləri aşağıdakı xüsusiyyətlərə malik olan ruhi gərginlik, sarsıntı, stress kimi nasazlıqlardır:
a) İki və ya bir neçə halda iştahasızlıq, yaxud həddindən artıq aclıq hissi, yuxusuzluq, yaxud yuxucul olmağı, enerjinin azlığı, yorğunluq hissi, az izzəti-nəfsə malik olmaq, zəif təmərküzləşmə kimi halları, qərar çıxarmaqda problem, insanda sərgərdanlıq hissi və s.-dən ibarətdir.
b) Bu nişanələr heç olmazsa, iki il müddətində günün ümdə hissəsində və ya bir gündən artıq miqdarda xəbər verilmişdir.
v) Bu nişanələr ictimai məşğuliyyət və s. kimi hallarda xələl yaranmasına səbəb olur və s.
Bundan əlavə, psixoloqlar insanın qəm-qüssəli olma amillərindən üç bioloji amili (beynin özünün və onun müxtəlif hissələrinin fəaliyyətinin zəifləməsi), irsi (ailə və genlərlə əlaqədar olan) və mühitlə əlaqədar həyəcanlar, o cümlədən: şiddətli stress hadisələri, məhrumiyyətlər, böhranlar zehnə təsir göstərə bilər. Əlbəttə, mühitlə əlaqədar stress yaradan təcrübələr, yalnız irsi və bioloji şəraitə malik olan insanlarda ruhi pərişanlığa, sarsıntıya, stressə səbəb olur. Stress yaradan amillər aşağıdakılardan ibarətdir:
İşin-peşənin əldən verilməsi, müəyyən əlaqənin kəsilməsi, yaxınlarından birinin əldən getməsi, talaq, uğursuz evlənmələr, iqtisadi çətinliklər və nəhayət müsibət baş verməsi ruhi pərişanlıq və stressin yaranmasında müəyyən qədər rol oynayır. (Bu bölmədə Amerika psixoloqlar cəmiyyətinin yazdığı kitaba müraciət edə bilərsiniz. Nikxu, Məhəmməd Rzanın tərcüməsi, səh. 88-96, 564-602)
Amma əzadarlıq mərasimlərinə gəldikdə isə, nəinki stress və ruhi nasazlıqlar yaratmır, əksinə stressləri aradan qaldırmaq vəzifəsini belə öhdəsinə alır, qeyd olunan stress nişanələrindən heç birinə səbəb olmur. Əlbəttə, bu, əzadarlıq mərasiminə maddi təhlil əsasındadır. Amma İslam nəzərindən və mənəvi təhlil əsasına, hətta qeyd olunan hallar da insan ruhunu sarsıtmır. Çünki belə bir insan Allaha inanır, Onu özünün ruzi verəni bilir, Ona təvəkkül edir və Onun qəza-qədərinə razıdır.
[14] Mövləvi deyir:
Gerye bər hər dərdi bi dərman dəvast,
Çeşmi geryan çeşmeyi feyzi Xudast.
Gerye mirvaridi bəhri Rəhmət əst,
Dideyi geryan kelide cənnət əst.
Nagozir ta nəgeryəd əbri, key xəndəd çəmən?!
Ta nəgeyryəd tifl key nuşəd ləbən?!
Ta nə geryəd kudək, həlva füruş,
Digər bəxşayeş nəmiayəd be cuş
Ağlamaq hər əlacsız dərdin dərmanıdır,
Ağlayan göz Allahın feyz çeşməsidir.
Ağlamaq rəhmət dənizinin mirvarisidir,
Ağlar göz cənnətin açarıdır.
Əgər bulud ağlamasa, çəmən nə vaxt gülər?!
Uşaq ağlamasa, nə vaxt süd əmər?!
Uşaq ağlamasa halva satanın,
Ehsançılıq hisləri cuşa gəlməz.
[15] "Nəhcul-bəlağə", xütbə 27, səh. 95
[16] Molla Qasim Məşhədi deyir:
Movci əşkəm bisoxən izhari mətləb mikonəd,
Conbeşi rigi rəvan banki dəra başəd məra.
Göz yaşımın seli sözsüz mətləbi bəyan edir,
Ruhumun damarının hərəkətə gəlməsi mənim üçün bir fəryaddır.
[17] “Səhifeyi nur, 8-ci cild, səh. 69-72
[18] “Səhifeyi nur”, 13-cü cild, səh. 154
[19] “Seyri dər sireyi Nəbəvi”, səh. 59
[20] Bu bəhsin ətraflı izahı vardır ki, münasib fürsətlərdə ona işarə ediləcəkdir.