Please Wait
9817
“Əraf” surəsi Məkkədə nazil olmuşdur[1] və 206 ayədən ibarətdir. Rəvayət və təfsir mənbələrində bu surənin məzmun və qiraətinin fəziləti barəsində müəyyən mətləblər nəql olunmuşdur. Suala diqqət yetirməklə bu mövzunu iki bölmədə təqdim edirik:
a) “Əraf” surəsinin fəziləti[2]
“Əraf” surəsini oxumaq üçün çoxlu fəzilət bəyan olunmuşdur ki, onların çoxu axirətlə əlaqədardır:
1. Əziz islam Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurur: “Hər kəs “Əraf” surəsini oxusa, Allah onunla Şeytanın arasında maneə qərar verər və qiyamət günü Adəm (əleyhis-salam) onun şəfaətçisi olar.”[3]
2. İmam Sadiq (əleyhis-salam) buyurur: “Hər kəs hər ayda “Əraf” surəsini oxusa, qiyamət günü qorxusu və qəm-qüssəsi olmayanların cərgəsində olar. Əgər onu hər cümə oxusa, qiyamət günü hesab-kitabı olmayanların cərgəsində olar.”[4]
3. O həzrət yenə buyurur: “Bu surədə möhkəm ayələr vardır. Onun qiraətini və ona əməl etməyi tərk etməyin! Çünki qiyamət günü (bu surə) onu qiraət edənlərin lehinə şəhadət verəcəkdir.”[5]
Diqqət yetirmək lazımdır ki, bütövlükdə Quranın, yaxud onun müəyyən surə və ayələrinin tilavəti üçün nəql olunan mühüm savab, fəzilət və mükafatlar bu mənaya deyildir ki, insan onları yalnız vird (zikr) surətində oxusun və dildə tələffüzlə kifayətlənsin; əksinə, Quranı oxumaq onu başa düşmək üçün, başa düşmək də fikirləşmək üçün, fikirləşmək isə ona əməl etmək üçündür.[6]
b) “Əraf” surəsinin bəhslərinə qısa baxış
Bu surədə:
1. Bu surənin 46-48-ci ayələrində “Əraf” səhabələrindən söz açılır, surə məhz buna görə “Əraf” adlandırılmışdır;[7]
2. Allah və məad ilə əlaqədar məsələlərə qısa, eyni zamanda dolğun işarələr vardır;[8]
3. İnsanın şəxsiyyətini dirçəltmək üçün Adəmin xilqətini mühüm şəkildə şərh edir;[9]
4. Allah-taalanın hidayət yolunda Adəm övladlarından aldığı əhd-peymana işarə vardır;[10]
5. Tövhid, haqq-ədalət, təqva və pəhrizkarlıq yolundan azanların məğlubiyyətlərini göstərmək və həqiqi möminlərin qələbələrini bəyan etmək üçün əvvəlki qövmlərin və keçmiş peyğəmbərlərin, o cümlədən Nuh, Lut və Şüeybin (əleyhimus-salam) həyatını və onların başına gələn əhvalatları bəyan edir, Bəni-israilin qarşılaşdığı hadisələri ətraflı şəkildə irəli çəkir və həzrət Musa (əleyhis-salam)-ın Fironla mübarizəsi ilə sona çatır.[11]
6. Sonda bir daha Allah və məad məsələsinə qayıdır, bu yolla bəhslərini təkmil edir.[12]
[1] Məkkədə nazil olan surələrə “Məkki surələr”, Mədinədə nazil olan surələrə isə “Mədəni surələr” deyilir. Bu ikisinin hüdudlarının təyini ilə əlaqədar müxtəlif nəzəriyyələr vardır, lakin onların arasında üç nəzəriyyə məşhurdur:
a) Məkki surələr və ya ayələr Peyğəmbər (səlləllahu əleyhi və alih)-in Məkkədən Mədinəyə hicrətindən qabaq, Mədəni surə və ayələr isə hicrətdən sonra nazil olanlardır – hətta Məkkədə nazil olsa, yaxud Peyğəmbərin Mədinədə olmadığı səfərlərdə nazil olsa belə;
b) Məkki surə və ayələr Məkkədə nazil olanlardır, hətta hicrətdən sonra nazil olsa belə; Mədəni surə və ayələr də Mədinədə nazil olanlardır. Buna əsasən, səfərdə nazil olan surə və ayələr nə Məkki, nə də Mədəni surələr deyildir;
v) Məkki surə və ayələr Məkkə əhalisinə xitabən, Mədəni surə və ayələr isə Mədinə əhalisinə xitabən nazil olanlardır. Bax: Hələbi, Əli Əsğər, “Quran elmləri ilə tanışlıq”, səh. 108 və 109, “Əsatir”, nəşri, Tehran, 4-cü çap, 1374-cü şəmsi il; Süyuti, Cəlaləddin, “Əl-itqan fi ülumil-Quran”, 1-ci cild, səh. 81-84, “Darul-kitabil-ərəbi”, Beyrut, 2-ci çap, 1421-ci qəməri il
[3] Təbərsi, Fəzl ibni Həsən, “Məcməul-bəyan fi təfsiril-Quran”, Məhəmməd Cavad Bəlağinin müqəddiməsi ilə: 4-cü cild, səh. 608, “Nasir Xosrov” nəşriyyatı, Tehran, 3-cü çap 1372-ci şəmsi il
[4] Şeyx Səduq, Məhəmməd ibni Əli, “Səvabul-ə’mal və iqabul-ə’mal”, səh. 106, “Şərif Rəzi” nəşriyyatı, Qum, 2-ci çap, 1406-cı qəməri il
[5] Təbərsi, Fəzl ibni Həsən, “Məcməul-bəyan fi təfsiril-Quran”, tərcümə və təhqiq: Riza Setudə, 9-cu cild, səh. 41, “Fərahani”, nəşriyyatı, 1-ci çap, Tehran, 1360-cı şəmsi il
[6] Məkarim Şirazi, Nasir, “Təfsiri-nümunə”, 1-ci cild, səh. 59 və 60, "Darul-kutubil-islamiyyə", Tehran, 1-ci çap, 1374-cü şəmsi il
[7] Qürəşi, Seyid Əli Əkbər, “Təfsiru Əhsənil-hədis”, 3-cü cild, səh. 357, “Besət” qurumu, Tehran, 3-cü çap 1377-ci şəmsi il
[8] “Təfsiri-nümunə”, 6-cı cild, səh. 75
[9] Yenə orada
[10] Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan fi təfsiril-Quran”, 8-ci cild, səh. 6, “İslami nəşriyyat”ın dəftərxanası, Qum, 5-ci çap, 1417-ci qəməri il
[11] Qiraəti, Möhsün, “Nur”, təfsiri, 4-cü cild, səh. 15, “Qurandan dərslər” mədəni-maarif mərkəzi, Tehran, 11-ci çap, 1383-cü şəmsi il
[12] Qiraəti, Möhsün, “Nur”, təfsiri, 4-cü cild, səh. 15, “Qurandan dərslər” mədəni-maarif mərkəzi, Tehran, 11-ci çap, 1383-cü şəmsi il