Please Wait
17591
Əvvəla, İmam Əli (əleyhis-salam)-ın özü, köməkçilərindən bir dəstəsi, eləcə də Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələrindən bir qrupu əvvəldə Əbu Bəkrlə beyət etməmişdilər. Sonradan beyət etmələri də yalnız islamın hifz olunması, islam hökumətinin mənafeyinin qorunması məqsədi ilə baş vermişdi.
İkincisi, bütün problem qılınc və şücaətlə həll olunmur, hər yerdə fiziki güc işlətmək düzgün deyildir. Hikmət sahibi və ağıllı insan hər bir müşkülü ona münasib yolla həll etməlidir.
Üçüncüsü, dinin qorunması, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in bu yolda çəkdiyi əzab-əziyyət və böyük zəhmətlərinin hədərə getməməsindən ibarət olan daha mühüm məsləhətlər xatirinə İmam (əleyhis-salam)-ın bir dəstə ilə birlikdə xəlifələrə beyət etməsinin mənası bu deyildir ki, onların qüvvələrindən qorxmuş və ya onlarla müqayisədə ümmətə rəhbərlik və imamət məqamı üçün daha az qüdrət və bacarığa malik olmuşdur.
Dördüncüsü, tarixdən və imam Əli (əleyhis-salam)-ın kəlamlarından məlum olur ki, o həzrət xəlifələrin dövründə mövcud vəziyyətlə əlaqədar dəfələrlə etirazını bildirmişdi. Lakin düşmənlərin müqabilində islam hökumətinin gücləndirilməsi, qorunub saxlanması və qüvvələndirilməsi yolunda heç bir səyini əsirgəmirdi.
İslamın əvvəllərindəki tarixə nəzər yetirməklə aydın olur ki:
Əvvəla, hələ Peyğəmbər (səlləllahu əleyhi və alih)-in pak cənazəsi dəfn olunmamışdı ki, bir dəstə adam Bəni-Saidə adlı səqifədə (kölgəlikdə) Əli (əleyhis-salam)-dan başqası ilə beyət etdi, halbuki Əli (əleyhis-salam) o həzrətin qüsl-kəfən işlərinə məşğul idi.[1] Amma Peyğəmbərin vəfalı səhabələrindən bir dəstəsi, o cümlədən Abbas ibni Əbdül-Müttəlib, Fəzl ibni Abbas, Zübeyr ibni Əvam, Xalid ibni Səid, Miqdad ibni Əmr, Salman Farsi, Əbuzər Ğifari, Əmmar ibni Yasir, Bəra ibni Azib, Übeyy ibni Kəb və s. Əbu Bəkrlə beyət etmədilər. Onlar imam Əli (əleyhimus-salam)-dan tərəfdarlıq edirdilər.[2]
“Müsnədi Əhməd”in (1-ci cild, səh. 55) və Təbərinin (2-ci cild, səh. 466) aşkar dediyinə görə bu adamlar etiraz əlaməti olaraq həzrət Zəhra (əleyha salam)-ın evində bir yerə yığışmış və Əbu Bəkrə beyətdən imtina etmişdilər.[3]
Tarixdə qeyd olunur ki, Əli (əleyhis-salam) onun evinə yığışaraq onunla beyət etmək istəyənlərin cavabında buyurmuşdu: “Sabah sübh saçlarınızı qısaltmış halda gələrsiniz!” Lakin sabah üç nəfərdən başqa heç kəs gəlmədi.[4]
Həmçinin, tarixdə qeyd olunur ki, Əli (əleyhis-salam) Fatimənin həyatda olduğu vaxtda qədər beyət etməmişdi. Lakin camaatın ondan üz çevirdiyini gördükdə Əbu Bəkrlə razılaşmaq məcburiyyətində qaldı.[5]
Buna əsasən, Əli (əleyhis-salam), onun öz köməkçiləri, eləcə də Peyğəmbər səhabələrindən bir dəstəsi o həzrətin vəfatından sonra bir müddətə qədər Əbu Bəkrlə beyət etməmişdilər. Beyət etdikləri zaman isə yalnız islamın əslinin və islam hökumətinin qorunub saxlanmasına görə bu tədbiri gördülər.
Bilazəri imam Əli (əleyhis-salam)-ın beyətinin səbəbini açıqlayaraq yazır: “Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-in vəfatından sonra ərəb qəbilələrindən bir dəstəsi mürtəd oldular. Bu zaman Osman Əli (əleyhis-salam)-ın yanına gəlib dedi: “Ey əmi oğlum! Sən beyət etməyincə, bir kəs bu düşmənlərlə müharibəyə getməyəcəkdir.” Əli (əleyhis-salam) ilə çox müzakirə və danışıq aparandan sonra axırda Əli (əleyhis-salam) Əbu Bəkrlə beyət etdi.”[6] Amma Əli (əleyhis-salam) həm Əbu Bəkrin xilafəti dövründə, həm də ondan sonrakı dövrlərdə bu hadisələrlə əlaqədar daim şikayət və etiraz edirdi.
Həmin barədə buyurur: “Agah olun! Allaha and olsun ki, Əbu Bəkr xilafət paltarını öz əyninə geydi, halbuki o bilirdi ki, mənim islam hökumətinə olan məqamım dəyirman daşının mehvəri (oxu) kimidir ki, daş onun ətrafına fırlanır ... Buna görə də mən xilafət ridasını boşladım, ətəyimi yığaraq ondan kənara çəkildim. Fikirləşirdim ki, tək-tənha şəkildə öz haqqımı almaq üçün qiyam edimmi?! Yoxsa bu irticaçı mühitdə səbir edim?! ... Düzgün dəyərləndirdikdən sonra səbir etməyi daha ağıllı və məsləhətə uyğun gördüm. Elə bir halda səbir edirdim ki, sanki gözümdə tikan, boğazımda sümük qalmışdı.”[7]
Amma “Əli (əleyhis-salam) bu qədər şücaətə malik olması ilə eyni zamanda nə üçün qiyam etmədi və əməli tədbir görmədi?” sualına gəldikdə isə, cavabda demək lazımdır: Bütün çətinliklər və problemlər qılınc gücünə və müharibə ilə həll olunmur, hər yerdə fiziki güc işlətmək rəva deyildir. Hikmətli və ağıllı insan çətinliklərin həll olunmasında ən münasib olan yolları seçməlidir. Güclü rəşadət və qüdrətə malik olmaq, müharibə meydanlarında şücaət göstərmək başqa işlərdə də həmin üslubdan istifadə etməyə əsla icazə vermir.
Harun (əleyhis-salam) çox fəsahətli bir insan və həzrət Musa (əleyhis-salam)-ın vəsisi idi. Buna baxmayaraq Musanın qövmünün buzova pərəstiş etdiyini gördükdə sadəcə haqqı bəyan etməkdən və onları ilahi əzabdan qorxutmaqdan başqa bir iş görmədi. Həzrət Musa (əleyhis-salam) kəskin etiraz etdikdə Harun Bəni-israilin buzova pərəstiş etməsinin qarşısını almamasının və heç bir əməli tədbir görməməsinin səbəbini belə bəyan etdi: “(Harun) dedi: Ey anam oğlu! (Ey qardaşım!) Mənim saqqalımı və başımı tutma! Mən sənin “Bəni-İsrailin arasında təfriqə saldın və tövsiyələrimi unutdun!” deyəcəyindən qorxdum.”[8]
Quran İbrahim (əleyhis-salam)-ın bütpərəstlərdən ayrılmasına işarə edərək buyurur: “İbrahim onların özündən və Allahdan başqa pərəstiş etdiklərindən (bütlərdən) kənara çəkildi.”[9] Həmçinin Əshabi-kəhf cavanlarının öz zalım qövmlərindən uzaqlaşması da belə bəyan edilir: “Və (onlara dedik:) Onların özündən və Allahdan başqa pərəstiş etdiklərindən kənara çəkildiyiniz zaman bir mağaraya sığının ki, Allah Öz rəhmət sayəsini sizin üzərinizə salsın və bu məsələdə sizin üçün bir aramlıq qərar versin.”[10]
Camaatla bu cür rəftar edib kənara çəkilməsinə görə onları qorxaq, yaxud xain adlandırmaq düzgün bir iş olardımı?! Halbuki belə şəraitdə ən münasib yol məhz onların tutduğu yoldur.
İslam dininin qorunub saxlanmasından, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in bir ömürlük zəhmətlərinin hədərə getməməsindən ibarət olan belə bir dəyərli məsləhət naminə İmam Əli (əleyhis-salam)-ın müəyyən şəxslərə beyət etməsi bu mənaya deyildi ki, öz canı üçün onların qüdrətindən qorxmuş və vahimə hissi keçirmiş olsun, yaxud islam ümmətinə imamət və rəhbərlik məqamında onlardan daha az qüdrət və ləyaqətə malik olsun. Belə ki, əgər imamət ona həvalə edilsəydi, onun rəhbərliyə qüdrəti hamı üçün sübuta yetərdi.
Həzrət özünün qiyam etməməsinin səbəbini bəyan edərək buyurur: “Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından və köməkçilərin vəfasızlığından sonra öz ətrafıma baxdım, ailəmdən başqa bir köməkçi görmədikdə onların ölümə verilməsinə razı olmadım. Tikanlı gözlə gözümü yummağa, sümük qalan boğazla hadisələrin acı şərbətini içməyə məcbur oldum. Öz qəzəbimi uddum, hənzəl otundan da acı olan səbir şərbətini içərək səbri özümə peşə etdim.”[11]
Həzrət Əli (əleyhimus-salam) başqa yerdə qiyam etməməsinin səbəbini belə bəyan edir: “... Bu gün elə bir şəraitdə qərarlaşmışam ki, danışsam deyərlər ki, hökumətə hərissən, əgər sükut etsəm deyərlər ki, ölümdən qorxursan!”[12]
Bir sözlə, Əli (əleyhimus-salam)-ın beyəti qorxu üzündən deyildi (belə ki, dost-düşmən onun misilsiz şücaətinə etiraf edirdi), əksinə, islamın məsləhətinin hifz olunması, ümmətin vəhdətinin qorunub-saxlanması və öz haqqının dirçəldilməsi ilə əlaqədar dostun və köməkçinin azlığı idi. Hər bir həqiqi rəhbər də məhz bu yolu seçməli idi, hətta Peyğəmbər (səlləllahu əleyhi və alih)-in özü də köməkçilərinin azlığına görə, habelə həmin az miqdarın qorunub saxlanması və islamın məsləhətinin hifz olunması üçün öz qövmündən aralanaraq Mədinəyə köçməyə məcbur oldu ki, müəyyən müddətə qədər gözləsin və köməkçiləri çoxaldıqdan sonra Məkkəni fəth etsin. Başqa bir yerdə müşriklərlə sülh bağlamağa məcbur olur. Belə hallarda “Peyğəmbər özünü peyğəmbər bildiyi halda nə üçün müşriklərlə sülh etdi?!” demək olarmı?! “Əgər onlarla qarşılaşmağa qüdrəti yox idisə, onda rəhbərlik və peyğəmbərlik səlahiyyəti yox idi!” deyə iddia etmək olarmı?!
Buna əsasən, həzrət Əli (əleyhis-salam) özünün haqq canişin olduğunu bilə-bilə İslam cəmiyyətinin məsləhətini hazırkı vəziyyətə dözüb səbir etməkdə görürdü. Çünki o həzrət Allah yolunda şücaət göstərmək, qüdrət və şəmşirdən istifadə etmək yerlərini gözəl şəkildə bilirdi, lakin Peyğəmbərin vəfatından sonra islam cəmiyyətinin (acınacaqlı) vəziyyətinə səbir etməyi bütün şücaətlərdən üstün bir iş hesab edirdi. Əgər belə bir şəraitdə qılıncdan istifadə etsəydi, onun özünün, bütün qohum-qəbiləsinin və köməkçilərinin güc işlətməsi nəticəsində yenicə cücərmiş islam ağacının kökləri quruyub aradan gedə bilərdi. Buna görə də o həzrət özünün şəxsi mənafe və məsləhətini daha mühüm əhəmiyyət kəsb edən bir işin – islamın əsasının qorunması yolunda qurban verdi.
[1] “Kənzul-ummal”, 5-ci cild, səh. 652
[2] “Süyuti, “Tarixul-xüləfa”, səh. 62, “Darul-fikir” çapı, Livan; “Tarixi Yəqubi”, 2-ci cild, səh. 124-125; Təbəri, “Tarixul-uməm vəl-muluk”, 2-ci cild, səh. 442, “İstiqamət” çapı, Qahirə; “Müsnədi Əhməd”, 3-cü cild, səh. 156 (haşiyə), “Darus-sadir” çapı
[3] Yenə orada
[4] “Məalimul mədrəsəteyn”, Əllamə Əsgəri, 1-ci cild, səh. 162
[5] Təbəri, “Tarixul-üməmi vəl-muluk”, 2-ci cild, səh. 448, “İstiqamət” çapı, Qahirə
[6] “Ənsabul-əşraf”, 1-ci cild, səh. 587
[7] “Nəhcul-bəlağə”, 3-cü xütbə, səh. 45
[8] “Taha” surəsi, ayə: 94:
قالَ یَا بْنَ أُمَّ لا تَأْخُذْ بِلِحْیَتی وَ لا بِرَأْسی إِنِّی خَشیتُ أَنْ تَقُولَ فَرَّقْتَ بَیْنَ بَنی إِسْرائیلَ وَ لَمْ تَرْقُبْ قَوْلی
[9] “Məryəm” surəsi, ayə: 49:
فَلَمَّا اعْتزََلهَُمْ وَ مَا یَعْبُدُونَ مِن دُونِ الله
[10] “Kəhf” surəsi, ayə: 16:
وَ إِذِ اعْتزََلْتُمُوهُمْ وَ مَا یَعْبُدُونَ إِلَّا اللَّهَ فَأْوُاْ إِلىَ الْکَهْفِ یَنشُرْ لَکمُْ رَبُّکُم مِّن رَّحْمَتِهِ وَ یُهَیئِّْ لَکمُ مِّنْ أَمْرِکمُ مِّرْفَقًا
[11] "Nəhcul-bəlağə", xütbə, 26, səh. 73
[12] Yenə orada, xütbə 5, səh. 51