Please Wait
6500
Məsumların (əleyhimus-salam) rəvayətlərdə də qeyd olunan yüksək məqamlarının bəzisinə diqqət yetirməklə mülahizə edirik ki, maddi dünyanın tutumu məhdud olduğuna görə bu məqamlardan bəziləri bu dünyada gerçəkləşə, büruz edə bilməz və bu dünyaya sığmaz. Məsələn, imamın ilahi sifət olan xilafət ünvanı ilə “bütün vücud aləminə əhatə” məqamı kimi. Təbiidir ki, bu məqamlarda vücud mərtəbəsinin hər bir nəş’əsində olan diri imamın şəxsi və zahiri məqamı deyil, imamın batini məqamı nəzərdə tutur. Onlar həmin nəş’əyə uyğun olaraq əməl edirlər və bu da onların vücudi mərtəbələrinin hökmləri ilə təzad yaratmır. Əlavə məlumat üçün ətraflı cavaba baxa bilərsiniz.
a) Diri imam bəşərə məxsus olan xislət və sifətlərlə ilahi sifətləri özündə cəm edən bir mövqedədir
İmamətdə (ümumi imamətdə) ali və yüksək məqamlar elə kamil insanın məqamlarıdır. Onlar (Allaha doğru olan) mənəvi seyr-süluk səfərlərini qət etdikdən və kamalın yüksək mərtəbəsinə çatdıqdan sonra insanların arasında qayıdırlar. Kamil övliyaların barəsində deyilən həmin irfani mətləbin oxşarı məsum imamların (əleyhimus-salam) barəsində də (xüsusi imamət) daha kamil şəkildə zikr olunur. Necə ki, ziyarətdə oxuyuruq:
خَلَقَكُمُ اللَّهُ أَنْوَاراً فَجَعَلَكُمْ بِعَرْشِهِ مُحْدِقِينَ حَتَّى مَنَّ عَلَينَا بِكُمْ فَجَعَلَكُمْ فِي بُيوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَ يذْكَرَ فِيهَا اسْمُه
“Allah-taala sizi Öz ərşinin ətrafında olan nurlar şəklində yaratmışdı, nəhayət bizə minnət qoyaraq sizi, “Allahın adının yüksəldiyi və zikr olunduğu evlərdə” qərar verdi.”[1]
Deməli, imam özünün ən yüksək məqamlarında, bəşərə məxsus zahiri formasında olmaqla eyni zamanda, batində haqqa nail olmuş şəxsdir (ya indi, ya da əvvəldən bu məqama çatmış, sonradan felə çevrilmiş, yaxud seyri-sülukdan sonra bu vüsala nail olmuşlar). Buna görə də imam zahirdə və batində kamalın bütün mərtəbələrinə malikdir. İmam, ona mərifəti axtaran bir şəxs üçün – mərifət məqamının əvvəl mərhələsində məkan və zaman mərhələsində qərar tutan, zahirdə müşahidə olunan həmin məhdud imamdır ki, camaatı hidayət etmək üçün bu məhdudiyyətləri qəbul etməli olur. Halbuki, onun batini yönləri bütün bu məhdudiyyətlərdən yüksəkdə, ehtiyacsızlığın son və zirvə həddindədir. Deməli, imam batini nəzərdən adi və məhdud bir insan deyildir. Başqa sözlə, adi insan bu məqama çatdıqdan sonra artıq adi insan olmur. Yəni zaman və məkanda hüzurun təsirlərini qəbul etməklə eyni zamanda, batində bu hüdudlardan çox-çox yüksəkdədirlər.
Kafirlərin peyğəmbərlərə və imamlara iman gətirməmələri və düz yoldan azmalarının səbəbi də məhz həmin məsələdir: onlar güman edirdilər ki, imam Allahın məzhəri olmasını iddia etdiyindən maddi qalibdə də gərək bütün məhdudiyyətlərdən yüksəkdə olsun. Həqiqətdə həmin cürdür, amma imamın bəşərə məxsus olan qalibləri bu məhdudiyyətləri öz ixtiyarı ilə qəbul edir, möcüzə şəraiti istisna olmaqla həmin məhdudiyyətlər çərçivəsində də əməl edir. Bundan qeyri hallarda nə bir kəs imamın məqamına əzab-əziyyət çatdıra bilər, nə onu əsarətə ala, nə də qətlə yetirə bilər və s. Zahir əhli bunu bilməsələr də, ilahi qürb hüdudlarını, ərşi və behişti öz ixtiyarı ilə maddi çətinliklər və problemlərə iltizamlı olmaqla dəyişmək imamın ən yüksək kamalıdır ki, insanların xilaskarı ola bilsinlər və bu, imamın əzəmətini daha da artırır, nəinki onun əzəmətini azaltmış olsun. Məhz həmin səbəbdən bəziləri Allahı və həqiqəti inkar edib kafir olmuşlar. Onlar zahirdə imamın ən fəqir insanlardan olduğunu, sair insanlar tərəfindən müxtəlif bəlalara, zindanlara, tənhalığa və s. düçar olduğunu görür və kafir olurdular.
Digər tərəfdən, imamların batini məqamları ilə müxtəsər şəkildə agah olanlar da ifrata vararaq güman etmişlər ki, imamın cismi bəşərə məxsus olan əzab-əziyyətlərdən heç vaxt təsirlənmir, bəşərə məxsus olan xüsusiyyətlər onlarda yoxdur. Bununla da imamların seçki və ixtiyar məqamının əzəmətini inkar etmiş olurlar.
b) İmamın zaman və məkan daxilində yaşamaqla eyni zamanda zaman və məkanın fövqündə dayanaraq bunlara tam əhatəli olması.
Rəvayətlərdə qeyd olunduğu kimi, məsumların bəzi yüksək məqamlarına diqqət yetirməklə məlum olur ki, bu məqamlardan bəziləri dünyanın tutumuna sığa və bu dünyada gerçəkləşə bilməz. Məsələn, imamın ilahi sifətlərin canişinliyi ünvanı ilə malik olduğu “vücudi əhatə” məqamı. Təbidir ki, bu məqamlar imamın zahiri və şəxsi yönlərinə yox, batini məqamına nəzər yetirir. Vücud mərtəbələrindən olan hər bir nəş’ədə öz-özünə həmin nəş’əyə uyğun olaraq əməl edir, vücud mərtəbələrinin hökmləri biri-digərinə tədaxül etmir (pozmur). Misal üçün, imamın cismi (fiziki bədəni) camaat arasındadır, amma özünün ruhi məqamı ilə maddi kəsrət (çoxluq) hüdudlarından yüksəklərə qalxmışdır. Onun eyni zamanda hər birinin özünə məxsus hökmləri olan bir neçə yerdə olması mümkündür. Baxmayaraq ki, bu mərtəbələrin hamısı imamın vahid vücudundan olan kamil bir vəhdətdə gerçəkləşir.
İmamı o kəslər həqiqi mənada tanıyırlar ki, onun batini mərtəbələri ilə də əlaqə yaratmış olsunlar, imamın hiss olunan bədəndə məhdud olmadığına inansınlar. Bunlar da həqiqi şiələrdir. Rəvayətdə qeyd olunur ki, imamın qeybət dövrü onlar üçün eynilə müşahidə dövrü kimidir.[2] Çünki yüksək mərifət və irfan sayəsində imamın batini yönlərinə agah olmuş və bu yönlə əlaqə bərqərar etmişlər.
v) Əraf əhli və mələkuti məqamla yerə məxsus məqamın arasında cəm etmək
وَ عَلَى الْأَعْرافِ رِجالٌ يعْرِفُونَ كُلاًّ بِسيماهُمْ وَ نادَوْا أَصْحابَ الْجَنَّةِ أَنْ سَلامٌ عَلَيكُمْ لَمْ يدْخُلُوها وَ هُمْ يطْمَعُونَ وَ إِذا صُرِفَتْ أَبْصارُهُمْ تِلْقاءَ أَصْحابِ النَّارِ قالُوا رَبَّنا لا تَجْعَلْنا مَعَ الْقَوْمِ الظَّالِمينَ
“Ərafda elə insanlar vardır ki, o iki dəstədən (cəhənnəm və behişt əhlindən) hər birini üzlərindən tanıyır, behişt əhlinə nida edib deyirlər: “Sizə salam olsun! Behiştə daxil olun!” Onlar hələ behiştə daxil olmamışlar, amma daxil olmaq arzuları vardır. Nəzərləri cəhənnəm əhlinə düşən zaman: “Pərvərdigara! Bizim mənzilimizi bu zalımlarla bir yerdə qərar vermə!” deyərlər.”[3]
Bir çox rəvayətlərə uyğun olaraq əraf – məsum imamlardan ibarət olan kamil ariflərin məqamıdır; onlar behiştlə cəhənnəm arasında, hətta behişt və cəhənnəmdən daha yüksəkdə duraraq hər ikisinə nəzər edirlər.
Bəzi rəvayətlərdə “əraf” kəlməsi “irfan” və “mərifət” mənasına işlənmişdir. Yuxarıdakı ayə ərafda dayanmağı o kəslərə məxsus bilir ki, camaatın üzlərində olan əlamətlər barəsində onların mərifətləri vardır. “Məcməul-bəyan” təfsirində deyilir ki, Bikr ibni Əbdüllah Məzni, Həsənə dedi: “Mən eşitmişəm ki, əraf əhli yaxşı və pis əməlləri eyni səviyyədə olan qrupdur. Buna görə də behiştlə cəhənnəm arasında dayanmışlar.” Həsən əlini onun buduna vuraraq dedi: “Əraf əhli o kəslərdir ki, Allah onları behişt və cəhənnəm əhlini tanımaq üçün o yerdə qoymuşdur ki, camaatı bir-birindən ayırıb seçsinlər. Allaha and olsun! Axı nə deyim; bəlkə də onlardan bəziləri bu evdə bizimlə birlikdədir.”[4]
Həmçinin imam Baqir (əleyhis-salam) buyurur: “Əraf əhli – Ali-Məhəmməddir. Bir kəs behiştə yalnız o zaman daxil olar ki, onları tanısın və onlar da həmin kəsi tanısınlar. Cəhənnəmə yalnız o kəs daxil olar ki, onları tanımasın və onlar da həmin şəxsi tanınmaz hesab etsinlər.”[5]
Əyyaşi də Somalidən, o da imam Baqir (əleyhis-salam)-dan “Və ələl-ə’rafi ricalun yə’rifunə kullən bisimahum – ərafda elə insanlar vardır ki, hamını öz üzündən tanıyır” ayəsi barəsində soruşduqda, həzrət buyurdu: “Əraf bizik! O kəslərik ki, Allah-taala yalnız bizim vasitəmizlə camaata tanınar. Bizik Əraf! Behiştə yalnız o kəslər daxil olar ki, bizi tanısınlar (qəbul etsinlər) və biz də onları tanıyaq. Cəhənnəmə yalnız o kəslər daxil olar ki, bizi inkar etsinlər, biz də onları inkar edək. Çünki, əgər Allah-taala heç bir vasitə olmadan Özünü camaata tanıtdırmaq istəsəydi, əlbəttə tanıtdırardı. Lakin O, bizi (Allahı tanımaq üçün) bir qapı və vəsilə qərar vermişdir ki, gərək (bəndələr) o qapıdan daxil olsunlar.”[6]
Əyyaşi, Salman Farsinin belə dediyini nəql edir: Əli (əleyhis-salam)-ın barəsində Peyğəmbər (səlləllahu əleyhi və alih)-in on dəfədən artıq belə buyurduğunu eşitdim: “Ya Əli! Sən və səndən sonrakı vəsilər behiştlə cəhənnəm arasındakı “Əraf”dırlar. Behiştdə yalnız o kəslər daxil olacaq ki, sizi tanısınlar, siz də onları tanıyarsınız. Cəhənnəmə yalnız o kəslər daxil olacaqdır ki, sizin haqqınızı inkar etsin və siz də onu (rəsmi olaraq) tanımayasınız.”[7]
Bu rəvayətlərin hamısı göstərir ki, diri imam elə bu dünyada məxluqat üçün irfan və əraf məqamındadır və elə bu dünyadan behiştlə cəhənnəmə nəzər edir. Deməli, behiştlə cəhənnəm arasındakı sərhəddə, bu iki mərtəbənin fövqündə dayanmaq və bu iki mərtəbəyə nəzarət etmək imamın həmin “əhatə” məqamıdır. Bu da irfanı əsaslarda ariflərin Haqqın məhzərindən camaatın arasına qayıdışından ibarət olan səfərin son mərhələsi hesab olunur. Məsum imamlar bu məqama nail olmuşlar və ondan mütləq şəkildə (heç bir qeyd-şərt və məhdudiyyət olmadan) bəhrələnirlər.
Quran əsaslarında imamın həm yerə, həm də asimana məxsus olan məqamları “əraf əhli” kimi bəyan edilir. Bu dəyərli Quran bəhsində daha artıq tədqiqata ehtiyac duyulur.
Deməli, imam bütün maddi aləmə, hətta cəhənnəm əhlinə belə, əhatəli olmaqla eyni zamanda onun pis təsirlərindən uzaqdır. Bununla belə, bu məqamı qəbul etmək bir çox bəlalara sinə gərməyi, məhdudiyyəti qəbul etməyi tələb edir. Bu da imamın ən böyük ilahi məqamından ibarətdir.
[1] Şeyx Səduq, “Mən la yəhzuruhul-fəqih”, 2-ci cild, səh. 613, “Camieyi müdərrisin”in nəşriyyatı, Qum
[2] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 5-ci cild, səh. 122, “Vəfa” müəssisəsi, Beyrut, 1409
اَلْمُنْتِظرونَ لِظُهورِهِ اَفْضَلُ اَهْلِ كُلِ زَمانٍ لِاَنَّ اللهَ تَعَالَي ذِكْرُهُ اَعْطاهُمْ مِنَ الْعُقولِ وَ الْاَفْهامِ وَ الْمَعْرِفَةَ مَا صَارَتْ بِهِ الْغَيْبَةُ عِنْدَهُمْ بِمَنْزِلَةِ الْمُشَاهَدَةِ وَ جَعَلَهُمْ فِي ذَلِكَ الزَّمَانِ بِمَنْزِلَةِ الْمُجَاهِدِينَ بَيْنَ يَدَيْ رَسُولِ اللهِ بِالسَّيْفِ اُولَئِكَ الْمُخَلَصونَ حَقّاً وَ شِيعَتُنَا صِدْقاً وَ الدُّعَاةُ اِلَي دِينِ اللهِ سِرّاً وَ جَهْراً
[3] “Əraf” surəsi, ayə: 46-47
[4] Təbərsi, “Məcməul-bəyan”, 4-cü cild, səh. 653, “Nasir Xosrov” nəşriyyatı, Tehran, 1372-ci şəmsi il
عَنِ ابْنِ عَبَّاسٍ وَ ابْنِ مَسْعُودٍ وَ ذَكَرَ أَنَّ بِكْرَ بْنَ عَبْدَ اللهِ الْمَزِنَّي قَالَ لِلْحَسَنِ بَلَغَنِي أَنَّهُمْ قَوْمٌ اسْتَوَتْ حَسَنَاتُهُمْ وَ سَيِّئَاتُهُمْ فَضَرَبَ الْحَسَنُ يَدَهُ عَلَى فَخِذِهِ ثُمَّ قَال هَؤُلاَءِ قَوْمٌ جَعَلَهُمُ اللهُ عَلَى تَعْرِيفِ أَهْلِ الْجَنَّةِ وَ النَّارِ يَمِيزُونَ بَعْضَهُمْ مِنْ بَعْضٍ وَ اللهِ لاَ أَدْرِي لَعَلَّ بَعْضَهُمْ مَعَنَا فِي هَذَا الْبَيْتِ وَ قِيلَ إِنَّ اْلاَعْرَافَ مَوْضِعٌ عَالٍ عَلَى الصِّرَاطِ
[5] "Biharul-ənvar", 8-ci cild, səh. 331:
قاَلَ أَبُوجَعْفَرٍ الْبَاقِرُ عَلَيْهِ السَّلاَمُ: هُمْ ءَالُ مُحَمَّدٍ عَلَيْهِمُ السَّلاَمُ لاَ يَدْخُلُ الْجَنَّةَ إِلاَّ مَنْ عَرَفَهُمْ وَ عَرَفُوهُ، وَ لاَ يَدْخُلُ النَّارَ إِلاَّ مَنْ أَنْکَرَهُمْ وَ أَنْکَرُوهُ
[6] “Təfsiri Əyyaşi”, 2-ci cild, səh. 19, “Elmiyyə” çapxanası:
نَحْنُ اْلاَعْرَافُ الَّذِينَ لاَ يُعْرَفُ اللهُ إِلاَّ بِسَبَبِ مَعْرِفَتِنَا. وَ نَحْنُ الْاَعْرَافُ الَّذِينَ لاَ يَدْخُلُ الْجَنَّةَ إِلاَّ مَنْ عَرَفَنَا وَعَرَفْنَاهُ، وَ لاَ يَدْخُلُ النَّارَ إِلَّا مَنْ أَنْکَرَنَا وَ أَنْکَرْنَاهُ. وَ ذَلِکَ بِأَنَّ اللهَ لَوْ شَآءَ أَنْ يَعْرِفَ النَّاسُ نَفْسَهُ لَعَرَفَهُمْ وَ لَکِنَّهُ جَعَلَنَا سَبَبَهُ وَ سَبِيلَهُ وَ بَابَهُ الَّذِي يُؤْتَي مِنْهُ
[7] Yenə orada, 2-ci cild, səh. 18:
إِنَّکَ وَ اْلاَوْصِيَاءَ مِنْ بَعْدِکَ أَعْرَافٌ بَيْنَ الْجَنَّةِ وَالنَّارِ لاَ يَدْخُلُ الْجَنَّةَ إِلاَّ مَنْ عَرَفَکُمْ وَ عَرَفْتُمُوهُ، وَ لاَ يَدْخُلُ النَّارَ إِلاَّ مَنْ أَنْکَرَکُمْ وَ أَنْکَرْتُمُوهُ