Please Wait
6464
إِنَّ رَسُولَ اللهِ (ص) یَوْمَ الْقِیَامَةِ أَخَذَ بِحُجْزَةِ اللهِ وَ نَحْنُ آخِذُونَ بِحُجْزَةِ نَبِیِّنَا وَ شِیعَتُنَا آخِذُونَ بِحُجْزَتِنَا
“Həqiqətən Allahın Rəsulu (səlləllahu əleyhi və alih) qiyamət günü Allahın hüczəsinə sarılacaq, biz də Peyğəmbərimizin hüczəsindən yapışacağıq, şiələrimiz də bizim hüczəmizdən yapışacaqlar.” Bu hədisdəki “hüczə” kəlməsinin mənası nədir?
Rəvayətlərdə “hüczə” kəlməsindən məqsəd dünyada bizimlə Allah, Peyğəmbər və imamlar (əleyhimus-salam) arasında qərar verilən sarılma vasitəsi və səbəbidir. O səbəblər din, gözəl əxlaq, saleh əməllərdən ibarətdir. Əgər insanlar islam dininə tabe olsalar, gözəl əxlaqa yiyələnsələr və yaxşı işlər görsələr, bu əməllər axirətdə ilahi nurlar surətində zahir olacaq, cisim şəkilinə düşəcəkdir.
Bu hədis müxtəlif şiə mənbələrində Məhəmməd ibni Hənəfiyyədən nəql olunmuşdur. O deyir ki, imam Əli (əleyhis-salam) buyurdu: “Həqiqətən Allahın Rəsulu (səlləllahu əleyhi və alih) qiyamət günü Allahın hüczəsinə sarılacaq, biz də Peyğəmbərimizin hüczəsindən yapışacağıq, şiələrimiz də bizim hüczəmizdən yapışacaqlar.” Mən soruşdum: “Ya Əmirəl-möminin, hüczə nədir?” Həzrət buyurdu: “Allah hüczə və sair kimi şeylərlə vəsf edilməkdən çox-çox yüksəkdədir. Amma (məqsəd budur ki,) Peyğəmbər (səlləllahu əleyhi və alih) Allahının əmrini alacaq, biz Ali-Məhəmməd isə Peyğəmbərimizin əmrini, şiələrimiz də bizim əmrimizi alacaqlar.”[1]
Bəzi rəvayətlərdə də “hüczə” din kimi təbir olunmuşdur.[2]
İmam Riza (əleyhis-salam) onun mənasını belə bəyan edir: “Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) qiyamət günü Allahın hüczəsinə sarılacaqdır. Biz də Peyğəmbərimizin hüczəsinə, şiələrimiz də bizim hüczəmizə sarılacaqlar. (Sonra buyurdu:) Hüczə dedikdə məqsəd nurdur.”[3]
Rəvayətlərdə hüczə dünyada bizimlə Allah, Peyğəmbər və imamların (əleyhimus-salam) arasında qərar verilmiş sarılma vasitəsi və səbəbləridir. Onlar da din, gözəl əxlaq, saleh əməldən ibarətdir. Əgər insanlar islam dininə tabe olub gözəl əxlaqa yiyələnsələr və gözəl, bəyənilən işlər görsələr, axirətdə onların saleh əməlləri ilahi nurlar surətində zahir olaraq, təməssül edəcəkdir. Buna əsasən, birinci rəvayətdə “qiyamət günü Peyğəmbərin vasitəsi ilə hüczəyə sarılmaq” bu mənayadır ki, o həzrət ilahi göstərişlərə əməl edilməsi ilə əlaqədar dəlil-sübut gətirəcəkdir. İkinci rəvayətdəki “nur” dedikdə məqsəd budur ki, din, yaxşı əxlaq və gözəl əməllər mənəvi nurlara malikdirlər ki, qiyamət günü camaat üçün zahir olacaqdır.[4]
Nəticə
Rəvayətlərdə “hüczə” dedikdə məqsəd Allahın göstərişləri və vəhy yolu ilə Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə çatdırılmış olan dindir ki, o da camaata xəbər vermişdir. Sonra məsum imamların vasitəsi ilə digər insanlara çatdırılmışdır. Əgər bir şəxs onları özünə ülgü, nümunə seçərək onlara tabe olarsa və Allahın kitabına əməl edib, Əhli-beytin yolunda hərəkət edərsə, həm dünyada, həm də axirətdə xoşbəxt və səadətli olacaqdır. Bu sarılma da onun cəhənnəm odundan xilas olmasına səbəb olacaqdır.[5]
[1] Məclisi, Məhəmməd Baqir (rəhmətullahi əleyh), "Biharul-ənvar", 4-cü cild, səh. 24, “Vəfa” müəssisəsi, Beyrut , 1404-cü il
[2] Şeyx Səduq (rəhmətullahi əleyh), “Ət-tövhid”, səh. 166, “Müdərrislər heyəti”nin nəşri, Qum, 1-ci çap, 1398-ci il
[3] "Biharul-ənvar", 4-cü cild, səh. 25
[4] Yenə orada
[5] Çünki “hüczə” kəlməsi “həcəzə” kökündən alınmışdır və “mane olmaq”, “iki şeyin arasında fasilə salmaq” mənasınadır. “Hüczə” lüğətdə şalvarın bəndinə deyilir. “Əl-eyn”, 3-cü cild, səh. 71, “əl-hüczət” kəlməsi; “Lisanul-ərəb”, 5-ci cild, səh. 331, “həcəzə” kəlməsi, səh. 323, “əl-hüczət” kəlməsi; “Ərəb-fars dili lüğəti”, səh. 320, “əl-hüczət” kəlməsi. Buna görə də rəvayətlərdə “hüczət” təbiri gətirilmişdir.