Please Wait
12802
Hədis saxtalaşdırması və ya hədislərdə “dəss” (hədisin mətnini dəyişdirmək, artırıb azaltmaq) işi təəssüflər olsun ki, islamın əvvəllərində münafiqlərin və inadkarların əli ilə baş vermişdir. Belə adamlar həmişə çalışırdılar ki, bu təhlükəli yollarla islamın köksünə ən ağır və ölümcül zərbələr endirsinlər. Bunun müqabilində Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih), məsum imamlar (əleyhimus-salam) və onların davamında böyük islam alimləri də həmişə bu böyük təhlükəni hiss edərək çox dəqiq üslublarla onunla qarşılaşmış, rəvayətin sənədinin tanınması sahəsində rical elminə rəvac vermiş, həqiqi və mötəbər rəvayətləri tanımaq, zəif hədisləri onlardan seçib ayrılmaq, eləcə də hədislərin mətninin qorunub saxlanması istiqamətində bir çox yollardan istifadə edilmişlər. O cümlədən, hədisləri imamlara və onlardan sonrakı növbədə islam alimlərinə təqdim edərək onları səhih nüsxələrlə tutuşdurmuş, hədisi nəql etmək, fehrest (mündəricat) və s. üslublardan istifadə edərək bu məkrli hiylələri zərərsizləşdirirlər. Ona görə də hal-hazırda şiənin rəvayət mənbələrində, xüsusilə kutubi-ərbəədə (“Kafi”, “Təhzib”, “İstibsar”, “Mən la yəhzuruhul-fəqih”) bir yerə toplanan hədislər əksər hallarda çoxlu “süzgəclərdən” keçirilmiş və çox zəngin və sağlam hədis məcmuəsi bizim əlimizə gəlib çatmışdır. Bundan əlavə, alimlər və müctəhidlər, xüsusilə rical və dirayə elmlərində mütəxəssis olan alimlər hal-hazırda da saxta hədislərin ayırd edilməsi yolunda bir an belə, dayanmamış, gecələr oyaq qalan keşikçilər kimi islam mənbələrinin qorunub saxlanması, dəyərli hədislərin saxtalardan təmizlənməsi üçün çalışmışlar. Belə ki, bunlar Qurandan sonra islam məktəbinin ən böyük sərmayəsi hesab olunur.
Hədislərin saxtalaşdırması və yaxud, dəss işi (hədisin mətnini dəyişdirmək, artırıb azaltmaq) hətta Peyğəmbərin dövründən belə, inadkarların və münafiqlərin vasitəsi ilə başlanmışdır. Bu da müsəlmanların cərgələrinə nüfuz etmək üçün münafiqlərin göstərdikləri səyləri bəyan edir. Peyğəmbər (səlləllahu əleyhi və alih) də bu mənfur işin qarşısını almaq, onun təsirlərini aradan aparmaq üçün öz həyatında çoxlu xəbərdarlıqlar vermiş, əql və insaf sahiblərini bu təhlükədən agah etmişdir. Məsum imamlar (əleyhimus-salam) və onların davamında böyük islam alimləri də daim bu böyük təhlükəni hiss etmiş və onunla mübarizə aparmaq üçün müxtəlif vasitələr icad etmişdirlər.
Müsəlmanların ideoloji həyatı göstərir ki, onlar bütün sahələrdə böyük din alimlərinin göstərişlərindən istifadə etmişlər. O cümlədən, onlar camaat arasında Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-ın və məsum imamların adından yayılan hədis və rəvayətlərin düzgünlüyünə etimad etmək və xatircəm olmaq üçün çoxlu yollardan istifadə etmişlər. Hədisin düzgünlüyünü bilmək üçün müxtəlif yolların varlığı bu səylərin miqyasının nə qədər geniş olduğunun göstərir. Bu məqalədə həmin yollardan bəzilərini qeyd edəcəyik.
Əvvəla: Şiə rəvayətlərinin əksəriyyəti imam Baqir və imam Sadiq (əleyhiməs-salam)-dan bizə gəlib çatmışdır. Ondan əvvəllər hədis sahələrində çoxlu kitab yazılsa da, amma onun ən ümdəsi bu dövrdə baş vermişdir. Mərhum Şeyx Müfid imam Sadiq (əleyhis-salam)-ın tərcümeyi-halı ilə əlaqədar “İrşad” kitabında, İbni Şəhr Aşub “Mənaqib” kitabında, Təbərsi “E’lamul-vəra” kitabında yazmışlar: “Məzhəblərinin fərqli olması ilə eyni zamanda İmam Sadiq (əleyhis-salam)-dan hədis nəql edən siqə və mötəbər adamlar dörd min nəfər idi.[1]” Onların bir çoxu kitab yazmağa da müvəffəq olmuşdular. Bu kitablar sonralar “üsuli ərbəə miə (dörd yüz üsul–əsl)” adı ilə məşhurlaşdı. Dörd yüz prinsipdən təşkil olan bu kitab şiənin ilkin əsərləri idi. Bu üsullardan az bir miqdar qalmasına baxmayaraq, onlarda nəql olunan rəvayətlərin əksəriyyəti kutubi-ərbəədə (“Kafi”, “Mən la yəhzuruhul-fəqih”, “Təhzib”, “İstibsar”) gəlmişdir.[2]
“Əsl”in (əslin cəmi üsuldur) tərifində deyilmişdir ki, ravinin heç bir vasitə olmadan imamın dilindən eşidərək qeyd etdiyi şeylərdir. Amma imamdan əxz olunan digər kitabların vasitəsi ilə bir məcmuə şəklində toplandıqda bu məcmuəyə fər’ (təfərrüat), birinci mərcəyə isə əsl deyirdilər.[3]
Buna görə də bu hədislər barəsində artırıb azaldılma və unudulma ehtimalı çox zəifdir.
Deməli, ilkin mənbələr hər növ eyiblərdən və iradlardan yüksək səviyyədə pakdır, baxmayaraq ki, başqa ehtimallar, o cümlədən rəvayətlərdə təqiyyə, üsul yazıçılarından hər hansı birinin adına kitab yazmaq və s. ehtimallar inkar edilmir. Amma hədisi qəbul etmə yollarına diqqət yetirməklə, o cümlədən kitabın sahibinin yanında kitabı qiraət etməklə, yaxud şeyxin hədis nəqlində şagirdə icazə verməsi ilə yalandan kitab yazılması ehtimalı da müəyyən qədər azalır. Bunlar şiənin hədis prinsiplərinin mənbəyidir və onların hər növ saxtakarlardan qorunub saxlanmasında alimlərin nə qədər diqqətli və ehtiyatlı olmalarını göstərir. Amma bunun hamısı ilə eyni zamanda imamın özündən deyilməyən bir çox rəvayətlər də şiənin hədis kitablarına daxil olmuşdur. Şiə hədis tarixində onların ayrılıb seçilməsi üçün aşağıdakı işlər baş vermişdir: yuxarıda iddia edən şəxsin də etiraf etdiyi kimi, qulat və müfəvvizəçilər çoxlu hədislər düzəltmişlər, lakin elə də deyildir ki, hal-hazırda bizim rəvayət kitablarımız bu kimi saxta rəvayətlərlə dolmuş olsun, onların üzərində heç bir tədqiqat aparılıb təmizlənməsin. Bu iş bir neçə mərhələdə baş vermişdir və saxta hədislərin təmizlənməsi ricalşünaslıq məsələlərinə məxsus deyildir.
İki növ saxtakarlıq mövcuddur: 1. Hədisin həm mətninin, həm də sənədinin (saxta şəkildə) düzəldilməsi; 2. Zahirdə səhih sənədlə hədisin mətninin quraşdırılması (sənədi səhih olsa da, başqa bir rəvayətə aiddir). Buna görə də hədisin ayrılıb seçilməsi də iki qisimdədir: 1. Mətn və sənədinin hər ikisinin təmizlənməsi, b) mətnin təmizlənməsi.
a) Həm mətnin, həm də sənədinin təmizlənməsi
1. Saxta hədislərin şiə mirasına daxil olması ilə əlaqədar ilk aydınlıq məsum imamların özlərinin vasitəsi ilə baş vermişdir. Onlar özlərindən hədis quraşdıran və hədis yazan şəxslərə işarə edirdilər. Bununla eyni zamanda hədislərdə saxta şəkildə düzəldilən fikir və mənalara da işarə edirdilər. İmam Sadiq (əleyhis-salam)-ın səhabələrindən olan Əbdüllah ibni Müskan deyir ki, həzrət buyurdu: “Allah Müğeyrə ibni Səidə lənət etsin! O daim atam imam Baqir (əleyhis-salam)-ın adından yalan hədis qoşurdu. Allah cəhənnəm odunu ona dadızdırsın! Allah bizim barəmizdə etiqadımız olmadığı şeyləri qoşub deyənlərə lənət eləsin! Allah lənət etsin o kəsə ki, bizi, bəndəsi olduğumuz, dərgahına doğru qayıdacağımız və bütün işlərimizi Öz əlinə alan Allaha bəndəlik dərəcəsindən çıxararlar!”[4] Bu kimi aydınlıq gətirmə belə azğın qrupun fikir və adlarının yerləşdirildiyi mətn və sənədlərin mənbələrdən çıxarılmasına səbəb olurdu. İmamların səhabələri və şiə mühəddisləri tam ayıqlıqla bu xurafatları və azğınlıqları müəyyən qədər mənbələrdən çıxara bilmişlər.
2. Hədislərin bu cür təmizlənməsi kutubi-ərbəənin (“Kafi”, “Mən la yəhzuruhul-fəqih”, “İstibsar”, “Təhzib”) yazıçılarının dövründə də baş vermişdir. İslama vəfadar və bu elmdə mütəxəssis olan şəxslərin özləri də bəyan etdikləri kimi, onlarla Allahın arasında höccət olan (öz nəzərlərində səhih olan) hədisləri cəm etmişlər.[5] Digər tərəfdən, gördüyümüz kimi, “səhih hədis” termini qədim alimlərinin nəzərində o rəvayətə deyilir ki, onun məsum imamdan deyilməsinə dair xatircəmlik hasil olsun.[6] Bir hədisin sənəd və mətninin dəqiq şəkildə araşdırılması onun məsumdan deyilməsinə xatircəmlik hasil edir.
Hər bir halda dördlük təşkil edən fehrest-rical kitablarından əvvəl (“Rical Kəşşi”, “Fehreste Nəcaşi”, “Ricali Tusi”, “Fehreste Tusi”) səhabələrin (şiə alimlərinin) çoxunun rical kitabları var idi. Yəni mənbələrin saxta hədislərdən təmizlənməsi məsumların (əleyhis-salam) dövründən başlanmışdı və bizim mühəddislər rical hədislərindən agah olmaqla eyni zamanda hədis yazırdılar; nəinki gözü bağlı, hədisi təftiş edib araşdırmadan və ravinin ədalətini aşkar etmədən yazmış olsunlar. Misal üçün, Əbdullah ibni Cəbəllə Kənani (219-ci ildə vəfa edib), Məhəmməd ibni İsa Yəqtin, Həsən ibni Məhbub (224-cü ildə vəfat edib), Həsən ibni Əli Fəzzal (224-cü ildə vəfat edib) və başqa şiə alimlərinin hər birinin rical kitabı var idi. Bundan sonra dördlük təşkil edən fehrest-rical kitabları yazıldı və onların müəllifləri də ravilərin və rəvayət kitablarının tanınması və onların öz müəlliflərinə isnad verilməsinin düzlüyü üçün çox çalışırdılar.
b) Mətnin təmizlənməsi
Hədisin mətninin qəsdən və ya səhvən olan hər növ təhrif və ya dəyişiklikdən təmizlənməsi üçün aşağıdakı yollardan istifadə olunurdu:
1. Hədisin məsum imamlara və alimlərə təqdim edilməsi.
İmamların, xüsusilə son imamların səhabələri, o cümlədən imam Riza və İmam Həsən Əskəri (əleyhis-salam)-ın səhabələri tərəfindən hədislərin mətninin təmizlənməsi yollarından biri də bu idi: onlar rəvayətləri məsumlara təqdim etməklə düzgün olub-olmaması barəsində xatircəm olurdular.
Rəvayətlərdə “ərzul-hədis” adlanan bu üslub əksər hallarda hədisin yazıldığı ilk dövrlərdə, yəni imamın hüzuru dövründə daha çox baş verirdi. Bu üslubda hədis məsum imama, yaxud onun etimad etdiyi böyük şəxsiyyətli səhabəyə təqdim olunur, bundan sonra o cənablar tərəfindən ya dəstəklənib təsdiq edilir, ya da inkar olunurdu.
Hədisin məsuma və alimlərə təqdim edilməsi hədisin nəqli ilə yanaşı olan həmişəlik bir hadisə idi. Qədim hədis kitablarında hədisin imama təqdim edilməsi imam Əlinin[7], imam Həsənin,[8] imam Hüseynin,[9] imam Səccadın,[10] imam Baqirin,[11] imam Sadiq (əleyhimus-salam)-ın və sairlərin dövründə gözə dəyir.
Çoxlu rəvayət məcmuələrinin imam Sadiq (əleyhis-salam)-a təqdim olunması o böyük imamın dövründə bu hadisənin şiddətləndiyini göstərir. Elə bir dövr ki, şiənin mənlik və hüviyyəti təsbit olunmuş, Cəfəri şiəsi Zeydiyyə şiələrindən və müxtəlif digər firqələrdən seçilib ayrılmışdı. Bu məktəbdə tərbiyə olunan səhabələr və ravilər şiələrin özlərinə və imamlarına nisbət verilən hər bir şeyin saf-çürüyünü müəyyən etmək üçün mötəbər bir sənəd sayılırdılar. Şiələr yazılan və ya nəql olunan hədis məcmuələrini onlara təqdim etməklə şiə mirasının toxunulmazlığına zəmanət verirdilər.
Bu dövrün yanlış cərəyanlarının ən mühümü qüluvv (ifratçılıq və imamların ilahiləşdirilməsi) yoludur. Bu cərəyanın tərəfdarları rəyasət eşqində olan insanlar idi və məsum imamlar üçün onların öz məqamlarından daha yüksək bir məqam düzəldir və özlərini onların canişini kimi təqdim edirdilər ki, bu yolla öz mənfur niyyət və hədəflərinə nail olsunlar. Məsum imamlar da ilk əvvəldən bu qrupun özü, yaratdığı inhiraflar, azğınlıqlar və təhlükələrdən agah idilər və başqalarını da onların zərərlərindən agah edirdilər. Əsl və rical kitablarında, xüsusilə “Ricali Kəşşi” kitabında Əbul-Xəttab və Yunis ibni Zəbyan kimi qalilərin (ifratçıların) tərcümeyi-halında bu barədə çoxlu nümunələr görmək olar.[12]
Həmçinin, Yunis ibni Əbdür-Rəhman şiənin bir çox kitablarını və həzrət Riza (əleyhis-salam)-ın barəsində deyilən çoxlu hədisləri o həzrətə təqdim etmiş və həzrət çoxlu hədisləri inkar etmişdi.[13] Bunun oxşarı Bəni-Fəzzalın kitablarında da varid olmuşdur. İmam Həsən Əskəri (əleyhis-salam) bu kitabın rəvayətlərini təsdiqləmişdir.[14]
Hədislərin imamlara təqdim edilməsi nəticəsində şiənin hədis hüdudlarında sadəlövhlük aradan qalxdı, dar dünya görüşlü hədis saxtakarlarının (onların sayı az da deyildi) əlləri hədisdən uzaqlaşdırıldı. Yalnız yeganə qorxulu hal “Kafi”dəki hədislərin rədd edilməsi idi. Bu da şiələrin cərgəsinə daxil olan münafiqlərdən çoxunu hədis nəql etmək kürsüsündən endirib aşağı çəkdi və onları bu pak sahədən uzaqlaşdırdı. Buna baxmayaraq onlar bu sahədən tamamilə uzaqlaşmadılar.
2. Nüsxələrin bir-biri ilə tutuşdurulması: Bu üslub qədim dövrlərdən Peyğəmbər (səlləllahu əleyhi və alih)-in və imamların köməkçiləri, səhabələri və islam alimləri arasında yayılmış bir iş idi. Vaxtaşırı hədis kitablarını və əlyazmalarını əsl və səhih yazılarla dəqiq şəkildə tutuşdururdular. Bu üslub hədislərdə qəsdən və ya səhvən baş verən artırıb-azaldılmaları və təhrifləri aradan qaldırmaq üçün bir səy idi.
3. Hədis nəqlində icazə
Hədis alimləri hədis nəql etmək icazəsini bu məsuliyyəti qəbul (hədisi nəql) etməyə ləyaqəti olanlar üçün ən mühüm yollardan biri hesab etmişlər, onlar hədis nəqlinin düzgün və səhih olmasının əsaslarından biri ünvanı ilə onu əxz və mübadilə etməyə ciddi səy göstərirdilər. Belə ki, hədis elminin ustadları öz şagirdlərinə hədis rəvayət etmək icazəsini yazılı və ya şifahi şəkildə verirdilər. Adətən, bu icazələrdə müəllimlərin, şeyxlərin və əsərlərinin adını qeyd edirdilər. Misal üçün, məşhur fəqih, ali məqamlı mühəddis və üçüncü hicri əsrində Qum şəhərində parlaq şəxsiyyətlərdən biri olan Əhməd ibni İdris Əşəri Qummi on birinci imam Həsən Əskəri (əleyhis-salam)-ın hüzuruna çatmaq şərəfinə nail olmuşdur. O, müxtəlif elmləri öz əsrinin məşhur imamiyyə alimlərindən, o cümlədən Əhməd ibni İshaq Qumminin (imam Zaman (əleyhis-salam)-ın Qum şəhərindəki səfiri), eləcə də şiənin onlarla digər parlaq şəxsiyyətlərindən öyrənmiş və çox dəyərli fiqh və hədis kitablarını yazmağa tövfiq tapmış, məsum imamlardan çoxlu rəvayətlər nəql etmişdir. Onun məktəbində çoxlu şagirdlər təlim görmüş və ondan rəvayət icazəsi almışdır. Onun ən mühüm və məşhur şagirdlərindən biri kimi siqətul-islam Məhəmməd ibni Yəqub Kuleyninin adını qeyd etmək olar ki, o, şiənin hədis kitablarının ən mötəbəri olan “Kafi” kitabının müəllifdir. Kuleyni bu kitabda İbni İdrisin rəvayətlərini heç bir vasitə olmadan (onun özündən) nəql etmişdir.
Rəvayət icazəsinin mühüm faydalarından biri xəbərin sənədinin məsum imamlara çatmasıdır. Adətən, ustadlar rəvayət icazəsində sənədlər silsiləsini böyük şeyxlərdən birinə, o cümlədən Molla Məhəmməd Təqi Məclisi, Şəhidi Əvvəl, Əllamə Hilli, yaxud Şeyx Tusiyə çatdırır və onda dayanırdılar. Çünki (axırdakı) bu böyük şəxsiyyətli şeyxlərin hədis nəql etmə yolları tamamilə məlum idi.
4. Fehrest üslubu: Bu üslublardan biri də fehrest üslubudur. Yəni qədim alimlər rəvayəti bir sıra şahidlərlə müqayisə edir, bundan sonra rədd və ya qəbul edirdilər. Məsələn, qumluların qüluvv məsələsində tutduqları yol çox ciddi olduğuna görə, Səffarın “Bəsairud-dərəcat”dan başqa kitablarının hamısını İbni Vəlid nəql edir.[15] Halbuki onların hamısının müəllifi Məhəmməd ibni Həsən Səffardır. Habelə, İbni Vəlid “Nəvadirul-hikmət” kitabının ricallarının hamısını təsdiq edir, lakin bir neçə nəfəri istisna edir.[16] (Onlar zəif şəxslər deyildilər, əksinə bu kitabda yerləşən bu rəvayətlər qəbul olunmurdu.)
Bu üslub şəxsi və ictihadi bir iş olsa da, amma öz növbəsində rəvayətin mətinin təmizlənməsinə səbəb olurdu.
5. Rəvayətlərin mətninin Quranın aşkar bəyanları və təlimləri də uyğunluğu
Bu üslublardan biri də rəvayətlərin Quranla tutuşdurulmasıdır. Peyğəmbər-Əkrəm (səlləllahu əleyhi və alih)-dən və məsum imamlardan (əleyhimus-salam) təkrarən belə nəql olunmuşdur: “Hər vaxt bizdən sizə bir hədis çatsa, onu Allahın kitabına təqdim edin: əgər Quranla müvafiq olsa, əxz (və ona uyğun əməl) edin, Quranla müxalif olanları isə kənara qoyun, yaxud bizə qaytarın (düzgün olub-olmamasını bizdən soruşun.)”[17]
Həmçinin, Allah-taala dəyərli nəbəvi mirasını sui-istifadə etmək üçün fürsət axtaran şəxslərin mənfur niyyətlərindən qorunub saxlamaq üçün çoxlu keşikçilər qoymuşdur, onlar haqq axtaran müsəlmanların müraciət yeri idilər. Bu həqiqət axtaranların bariz nümunəsi kimi Səlim ibni Qeys Hilalini göstərmək olar. O, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in adından deyilən yalanların ayırd edilməsi və yalan rəvayətlərin nəqllərini seçməklə əlaqədar bir yol taxmış və bilmişdi ki, hədisin sonrakı nəsillərə nəql edilməsi yalnız Əhli-beytin (əleyhimus-salam) düzgün məcrası ilə müyəssər ola bilər.[18]
Bir sözlə, məsum imamlar və onların səhabələrinin apardığı bu qədər yorulmaz səylər, ciddi və üzücü fəaliyyətlər vasitəsi ilə islamın, xüsusilə şiənin zəngin və nisbətən sağlam olan mirası hal-hazırda bizim əlimizə gəlib çatmışdır. Lakin eyni halda alimlər və müctəhidlər özlərinin bütün səylərinə diqqət yetirməklə rəvayətlərin həm sənəd, həm mətnində tədqiqat aparmaqla, səhih rəvayətlərin digərlərindən seçilməsi üçün müəyyən meyarlar tapmış və bu yolda heç vaxt dayanmamışlar. Alimlər və müctəhidlər rəvayətlərin sənədini araşdırmaqla, ilkin kitabların öz sahiblərinə nisbət verilməsi ilə əlaqədar tədqiqatlar aparmaqla (belə ki, kutubi-ərbəənin rəvayətləri onlarda bir yerə cəm olunmuşdur) çox hallarda sənədi və mətni səhih olan rəvayətləri müəyyən qədər qəti şahidlər əsasında qəbul etməmişlər. Məsələn: 1. Rəvayət Quran ilə qəti şəkildə müxalif olarsa; 2. Məzhəbin prinsipləri ilə müxalif olarsa, 3. Tarix boyu imamiyyə alimlərinin ondan üz çevirmələrinə səbəb olarsa; 4. Rəvayətlər təqiyyə üzündən verilmiş olarsa, 5. Rəvayətlərdə saxtakarlıq nişanəsi olarsa və s.
Bunlar və digər məsələlər hal-hazırda alim və müctəhidlərin rəvayətləri qəbul etməsi ilə əlaqədar istifadə etdikləri çox dəqiq yollardan ibarətdir.
[1] Müdir Şanəçi, Kazım, “Hədis tarixi”, səh. 91
[2] Yenə orada
[3] Həriri, Məhəmməd Yusif, “Terminlər lüğəti,” hədis 11
[4] Mamaqani, “Təlxisul-hidayət”, səh. 156
[5] Səduq, “Mən la yəhzuruhul-fəqih”, müqəddimə, 1-ci cild, səh. 3, “Camieye müdərrisin” nəşriyyatı
[6] Seyfi Mazəndərani, Əli Əkbər, “Miqyasur-rovat fi elmid-dirayə”, səh. 44
[7] “Ricali Kəşşi”, 2-ci cild, səh. 692-700; Səlim ibni Qeys Hilalinin kitabı, 2-ci cild, səh. 562, 558
[8] “Təbəqat”, İbni Səd, 3-cü cild, səh. 26, “Müsnədi imam Həsən Müctəba (əleyhis-salam)”-dan nəqlən: səh. 535, hədis 36
[9] Səlim ibni Qeys Hilalinin kitabı, 2-ci cild, səh. 628; “Əl-müstədrəkü ələs-Səhiheyn”, 3-cü cild, səh. 187, hədis 47-98; “Dəaimul-islam”, 1-ci cild, səh. 142; “Əl-Cəfəriyyat”, 5-ci cild, səh. 42; “Təfsiri Əyyaşi”, 1-ci cild, səh. 157, hədis 530
[10] “Əl-kafi”, 8-ci cild, səh. 15, hədis 2; Səlim ibni Qeys Hilalinin kitabı, 2-ci cild, səh. 559; “Ricali Kəşşi”, səh. 104, nömrə 167
[11] “Əl-fehrest”, Şeyx Tusi, səh. 176; “Məanil-əxbar”, səh. 382, hədis 12
[12] “Ricali Kəşşi”, səh. 292, 291, 363, 364, 546; “Məanil-əxbar”, səh. 181, hədis 1; "Biharul-ənvar", 26-cı cild, səh. 140, hədis 12
[13] “Ricali Kəşşi”, səh. 224
[14] Sübhani, Cəfər, “Külliyyatun fi elmir-rical”, səh. 278
[15] “Ricali Kəşşi”, tərcüməsi, səh. 151; Məhəmməd ibni Həsən Səffarın kitabı, “Davəri” çapı
[16] “Ricali Nəcaşi”, səh. 445, tərcüməsi, Məhəmməd ibni Əhməd ibni Yəhya, “Davəri” çapı
[17] “Təhzibul-əhkam”, 7-ci cild, səh. 275:
رُوِيَ عَنِ النَّبِيِّ ص وَ عَنِ الْأَئِمَّةِ ع أَنَّهُمْ قَالُوا إِذَا جَاءَكُمْ مِنَّا حَدِيثٌ فَاعْرِضُوهُ عَلَى كِتَابِ اللَّهِ فَمَا وَافَقَ كِتَابَ اللَّهِ فَخُذُوهُ وَ مَا خَالَفَهُ فَاطْرَحُوهُ أَوْ رُدُّوهُ عَلَيْنَا
[18] Əbdül-Hadi Məsudinin “Elmi hədis” jurnalından götürmüşdür, nömrə 6