Please Wait
11282
Daşqalaq – rəcm cəzası İslamdan əvvəlki müxtəlif dinlər və xalqlar arasında da rəvacda olmuşdur. Bu cəza tədbiri İslamda şəri cəza ünvanı ilə qəti bir məsələdir və çox ağır cinayət törədənlər üçün nəzərdə alınmışdır. Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunan çoxlu rəvayətlərdə bu məsələyə təkid edilmişdir. Bu cəza tədbirinin icrasında İslamın əsas hədəfi cəmiyyətin islah olunması, cinayətlərdən irəli gələn pozuntuların və nasazlıqların aradan qaldırılması, müqəssirin bu dünyada olduğu halda axirət cəzasının yüngülləşdirilməsi, bu əməl ilə əlaqədar (axirət) günahının bağışlanması, cəmiyyətdə ictimai ədalətin bərqərar edilməsi, ictimaiyyəti sarsıdan böyük azğınlıqların, əxlaqsızlıqların qabağının alınması, mülki əhalinin asayişinin təmin olunması və camaata toxunulmazlıq bağışlamaqdır.
İslam nəzərindən möhsinə zina edənin (həyat yoldaşına sahib olan və onunla cinsi əlaqədə olmağa heç bir maneə olmadan başqası ilə qanunsuz cinsi əlaqədə olan şəxsin) cəzası xüsusi şərtlər daxilində daşqalaqdan (rəcm) ibarətdir. Əgər müəyyən hallarda bu və digər hökmün icrası İslamın (başqalarının nəzərində) süstləşməsinə səbəb olsa, vəliyyi-fəqih və ya şəriət hakimi İslamın mənafeyini, İslam quruluşunun məsləhətini nəzərə almaqla bu hökmün necə icra olunmasında, yaxud başqa cəza tədbiri ilə əvəz edilməsində yenidən nəzər verə bilər.
Daşqalağın – rəcm cəzasının tarixi ilə daha artıq agah olmaq üçün İslamdan əvvəlki səmavi dinlərin və asimani kitabların tarixinə müraciət etmək lazımdır. Keçmiş dinlərin ən qədim mənbələrindən qalan kitablarda daşqalaq cəzası xilafkar və cinayətkar adamların cəzası kimi qeyd edilmişdir. Tövratda dəfələrlə bu cəza tədbiri yad edilmiş, izdivacdan qabaq zina edən qız barəsində deyilmişdir: “Sonra qızı atasının evinə gətirdi ki, şəhər əhalisinin gözləri önündə onu ölənə qədər daşqalaq etsinlər. Çünki o, Bəni-İsrail arasında qəbahətli iş görmüş, atasının evində zina etmişdir. Bu minvalla şər işləri öz aranızdan uzaqlaşdırın.”[1]
Həmçinin, əri olan arvadın və arvadı olan kişinin zinası barəsində deyilir: “Əgər bir kişini əri olan qadınla bir yataqda tutsalar, onların hər ikisi (o qadınla yataqda olan kişi və o kişinin özü) ölsünlər. Bu minvalla şər işləri Bəni-israildən uzaqlaşdır.”[2]
Peyğəmbər (səlləllahu əleyhi və alih) Mədinəyə hicrət etdiyi zaman yəhudilərdən bir dəstəsi zinanın hökmünü soruşmaq üçün o həzrətin yanına gəldilər. Bu zaman həmin məsələ ilə əlaqədar “Maidə” surəsinin 41-ci ayəsi nazil oldu.
Hadisə belə olmuşdu: Xeybər məntəqəsində yaşayan məşhur yəhudi qadınlarından biri yəhudi əyan-əşraflarından bir kişi ilə zina etdi, hər ikisinin də həyat yoldaşı var idi. Lakin yəhudi alimləri bu ikisinin ictimai şöhrət və mövqeyinə görə onları daşqalaq etmək istəmirdilər. Onlar Peyğəmbərin yanına gəldilər ki, əgər bu (çirkin) əməl üçün yüngül bir cəza növü vardırsa, onu icra etsin. Amma Peyğəmbər elə həmin hökmü buyurdu və əlavə etdi: “Bu hökm sizin Tövratınızda gəlmişdir, nə üçün ona əməl etmirsiniz?!” Onlar bu hökmün Tövratda gəlişini inkar etdikdə Peyğəmbər yəhudi alimlərindən olan İbni Huriyanı çağırdı, onu Allaha and verdikdən sonra bu mətləbi ondan soruşdu. O da aşkar şəkildə dedi ki, belə bir hökm Tövratda mövcuddur. Peyğəmbər o qadınla kişini Mədinə məscidinin qarşısında daşqalaq etdi.[3]
Deməli, qətl və daşqalaq hökmü İslamdan əvvəlki dövrlərdə də müxtəlif dinlərdə və tayfalarda mövcud olmuşdur.
İslamda daşqalağın hökmü
Möhsünə zina üçün daşqalaq hökmü Quranda aşkar deyilməsə də, bu məsələ Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnəti ilə sübuta yetir. İmam Əli (əleyhis-salam) bir qadın barəsində şallaq və daşqalaq hökmünü icra edərək buyurmuşdur: “Allahın kitabına əsasən ona hədd (şallaq zərbəsi) vurdum və Peyğəmbər sünnəti əsasında rəcm – daşqalaq etdim.”[4]
İkinci xəlifənin də belə dediyi nəql olunur: “Əgər camaatın “filankəs Qurana bir ayə əlavə etmişdir!” deyəcəklərindən qorxmasaydım, belə bir rəcm ayəsini onda gətirərdim: “Əgər qoca kişi və qoca qarı zina edərsə, hökmən onları daşqalaq edin!” (Əlbəttə, Quranda belə bir ayənin varlığı bütün səhabələr tərəfindən rədd olunmuşdur və iki nəfər belə, Quranda belə bir ayənin olduğuna şəhadət verməmişdir.)[5]
Möhsinə zinanın (həyat yoldaşı olan qadın və kişinin zinasının) cəzası olan daşqalaq hökmü barəsində bütün İslam alimləri yekdil fikirdədirlər.[6] Bu, İslamın cəza qanunlarında olduğuna görə onda vasitəçiliyə və ya razılaşmaya yer yoxdur. Hətta qarşı tərəfin, yaxud başqa bir şəxsin şikayəti olmasa da o, icra edilməlidir.[7]
Peyğəmbərimiz (səlləllahu əleyhi və alih) rəhmət və mehribançılıq peyğəmbəridir. Müəyyən şəxslər möhsinə zina etməklərinə dair dörd dəfə iqrar etdikdən sonra daşqalaq hökmünün icrasında o həzrətin üzündən narazılığı sezilir və (Maizin hadisəsində) buyururdu: “Əgər bunlar iqrar əvəzinə (iqrardan qabaq) tövbə etsəydilər, onlar üçün daha yaxşı olardı.” Əgər daşqalaq hökmü (rəcm) sübuta yetsəydi, batini meylinin əksinə olaraq onu icra edərdi.
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in sağlığında və Əli (əleyhis-salam)-ın (xilafəti) dövründə daşqalaq edilən şəxslərə, eləcə də bu bölmədə mövcud olan rəvayətlərə diqqət yetirməklə[8] aydın olur ki, İslamın nəzəri həmişə bu olmuşdur ki, çətin şərtlər və qeydlər qoymaqla bu günahın (möhsünə zinanın) isbat olunma imkanını son həddə endirsin və bu hökm çox az hallarda icra olunsun ki, onun qəbahəti aradan getməsin və insanlar rəcm (daşqalaq) edilməsinlər.
Möhsinə zinanın isbatı üçün İslamın nəzərdə tutduğu bu şərtlər İran İslam respublikasının şiə fiqhi əsasında tənzim olunmuş Əsas Qanununda da gözə dəyir ki, onların bəzilərinə işarə edirik:
1. 74-cü maddə: “Zina istər daşqalağa səbəb olsun, istərsə şallağa, dörd ədalətli kişinin, yaxud üç ədalətli kişi və iki adil qadının şəhadəti ilə sübuta yetir.”[9]
2. 76-cı maddə: “Şahidlərin şəhadəti heç bir anlaşılmazlıq olmadan, tam aydın olmalı və gözlə müşahidəyə istinad edilməlidir.”
3. 78-ci maddə: “Zaman və məkan baxımından (zinanın baş verdiyi) xüsusiyyətlərin bəyanı şahidlərin kəlamında ixtilaflı (fərqli) olmamalıdır. (Əks halda şahidlərin hamısına töhmət vurduqlarına görə şallaq vurulur).”
4. 79-cu maddə: “Şahidlər zaman cəhətindən fasilə olmadan şəhadət verməlidirlər. (Əks halda onların hamısına qərf cəzası verilir).”[10]
Hətta əgər bir şəxs (zina etdiyinə dair) iqrar etdikdən dərhal sonra öz təqsirini inkar edərsə, daşqalaq hökmü ondan götürülür. İmam Sadiq (əleyhis-salam) buyurur: “Əgər həddə səbəb olan bir günaha iqrar etdikdən dərhal sonra inkar edərsə, gərək ona hədd – şallaq zərbəsi vurulsun. Amma möhsinə zina bu hökmdən istisna olunur: (iqrarı) daşqalağa səbəb olduğu halda (dərhal) inkar etdikdə bu cəza götürülür.”[11]
Daşqalağa səbəb olan bir günahın isbatında ciddi şərtlər o qədər çoxdur ki, bəziləri demişlər:[12] “Bəlkə də belə bir şey heç vaxt sübuta yetə bilməz; yalnız o vaxt sübuta yetə bilər ki, bir şəxs öz ağıl və ixtiyarı üzündən onu etiraf etmiş olsun.”
Belə cəza tədbirlərinin qanun halına salınmasında İslamın əsas hədəfi intiqam almaq və yaxud qəddarlıq ruhiyyəsi icad etmək deyildir, əksinə sair İslam qanunları kimi belə cəza qanunlarının təyin və icrasında daha yüksək hədəfləri izləyir. Burada onların bəzilərinə işarə edirik:
a) Cəmiyyətin islah olunması.
Şərtlər mövcud olduğu zaman qanun möhsünə zina əməlini törədən adam barədə heç bir güzəştə gedilməməsi əsasında olarsa, belə əmələ mürtəkib olmaq qərarında olan sair adamlar bu yaramaz işə verilən çox ağır cəza tədbirlərinə görə bu işə qurşanmazlar.
b) Günaha batmaqdan və təqsirə düçar olmaqdan irəli gələn zərərləri bərpa etmək.
Cəmiyyətdə baş verən hər bir cinayət ictimaiyyətin nizamını pozan, cəmiyyəti problemlərə düçar edən və iztirablara salan bir növ sarsıntıdır. Cəza tədbirinin icra olunmasının ilkin təsiri cəmiyyətdə günah və cinayətlərdən yaranan sarsıntıları bərpa etməkdir.
v) Günah törədən şəxsin paklanması və günahlarının bağışlanması
Günah və təqsir bir növ çirk və aludəlikdir, bu işi törətməklə günahkar şəxsin ruhu aludə olur. Bu aludəlik yalnız həmin günahla mütənasib olan tənbeh və cəza tədbirlərinin icrası ilə bərpa olunub aradan gedə bilər. Rəvayətlərdən aydın olur ki, bu dünyada hər hansı bir günahın cəzası icra olunduğu zaman günahkar şəxs həmin günahdan paklanır. Həqqun-nasdan (camaatın haqqı) başqa sair günahlarının çoxu həqiqi mənada olan tövbə ilə bağışlanır.
q) Cəmiyyətin asayişinin qorunub saxlanması.
Cəmiyyətdə cəza qanlıları icra olunmazsa, cinayətkarlar, günahkarlar, müqəssirlər, günaha və yaramaz işlərə adət edənlər həmin işləri törətməyə daha da cürətlənirlər. Bu da cəmiyyətdə cinayətin, günahın yayılmasına, camaatın malı, canı və namusuna təcavüzün artmasına, cəmiyyətin sağlam ruhiyyəsinin aradan getməsinə səbəb olur. Halbuki İslamda təyin olunan cəza qanlılarının vaxtlı-vaxtında icrası ilə pak və təqvalı adamlar insani dəyərlərə və əxlaq normalarına riayət etməyə daha çox təşviq olunur. Eyni zamanda fürsətlərdən sui-istifadə edən cinayətkarlara da bir növ xəbərdarlıqdır: onların axır-aqibətlərinin necə ağır cəzadan ibarət olduğunu görərək belə bir əmələ girişməsinlər. Bununla da cəmiyyətdə baş verən cinayət işlərinin faizi azalır və ictimai asayiş səviyyəsi yüksəlir.
ğ) Cəmiyyətdə ədalətin icrası.
Hər hansı bir günahı, yaramaz əməli və cinayəti törətmək əslində başqalarının hüququna təcavüz və onlara zülm etmək sayılır. Cəza qanlılarının icrası ilə cəmiyyətdə ədalət bərqərar olunur. Baş verən hər bir zülmün bərpası üçün mütənasib olan cəza qanunları qərar verilmişdir. Deməli, hər bir cəza tədbirinin özünə məxsus üstünlük və gözəlliyi vardır, daşqalaq hökmü də bundan istisna olunmur.
Bəlkə də daşqalaq hökmünü bir çox günah işlərin qabağını alan ciddi bir hökm hesab etmək olar. Elə bir hökm ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in və Əli (əleyhis-salam)-ın hakimiyyətinin bütün dövründə yalnız bir neçə nəfər barəsində, özü də onların şəxsi iqrarı ilə icra olunmuşdu.
Amma əgər bəzi müəyyən hallarda cəza qanunlarının icrası İslamın əslinə zərbə vurarsa, məsum imam və ya vəliyyi-fəqih İslamın daha mühüm olan mənafeyini qoruyub hifz eləmək məqsədi ilə cəza qanunlarının icrasını müvəqqəti olaraq qüvvədən sala, yaxud digər xüsusi formalarda icra edə bilər.
İmam Xomeyni (rəhmətullah əleyh) buyurur: “Şəriət hakimi yol üzərində yerləşən məscidi və ya mənzili – pulunu sahibinə vermək şərti ilə sökə bilər. Şəriət hakimi lazım olan hallarda məscidləri tətil edə bilər. Hər bir işin icrası – istər ibadət, istərsə də qeyri-ibadət – İslamın mənafeyinin əksinə olarsa, şərait belə davam edən vaxta qədər onun qarşısını ala bilər. İslam hökuməti ən mühüm ilahi vaciblərdən biri olan həcci İslam ölkəsinin mənafeyinin əksinə olduğunu ayırd etdiyi şəraitlərdə müvəqqəti olaraq tətil edə bilər.”[13]
Başqa bir yerdə buyurur: “Gərək camaat üçün bu sadə hadisə aydınlaşsın ki, İslamda hakimiyyətin məsləhəti hər bir şeydən öndə olan məsələlərdən biridir və hamımız ona tabe olmalıyıq.”[14]
Deməli, İslam ilahi hökmlərin icrasında bəzi siyasi qrupların və ya ayrı-ayrı siyasi şəxslərin iradına əhəmiyyət vermir, amma eyni zamanda, müəyyən zaman dövründə bu hökmün icrası İslam hökumətinin mənafeyi ilə müxalif olarsa, vəliyyi-fəqihin ixtiyarı vardır ki, bu hökmün başqa şəkildə icra olunmasına dair hökm versin.
[1] “Əhdi Ətiq”, London çapı, səh. 373 (Tovrat, Müsənna, 23-cü fəsil, ayə 21 və 22 )
[2] “Əhdi Ətiq”, London çapı (Tövrat, Müsənna, 22-ci fəsil, ayə 23)
[3] “Əl-mizan”ın tərcüməsi, Əllamə Təbatəbai (rəhmətullah əleyh), 5-ci cild, səh. 543 və 544
[4] “Nəqd və təfriat, Ayətullah seyid Məhəmməd Vəhidi, səh. 29
[5] “Ənvarul-fəqahət”, Nasir Məkarim Şirazi, “hüdud” kitabı, səh. 281
[6] “Cəvahirul-kəlam”, Nəcəfi, 4-cü cild, səh. 318; “Əl-məqasidul-şəriyyə lil-uqubati fil-İslam”, doktor Hüseyni Cündi, səh. 637
[7] “İslam cəza qanunlarında zaman və məkanın təsiri”, Həmid Dehqan, səh. 129
[8] “Vəsailuş-şiə”, Hürr Amili, 18-ci cild, səh. 347
[9] “Təhrirul-vəsilə”, 2-ci cild, səh. 416, məsələ 9
[10] “İslam cəza onlarının şərhi”, seyid Fəttah Mürtəzəvi, səh. 32-33
[11] “Vəsailuş-şiə”, 18-ci cild, səh. 318-319
[12] “İslam cəza qanunlarında zaman və məkanın təsiri”, Həmid Dehqan
[13] “İslam hökuməti”, İmam Xomeyni (rəhmətullah əleyh), səh. 233-234
[14] Yenə orada, səh. 464