Please Wait
18455
Bəzi rəvayətlərdə qeyd olunur ki, “ya Huvə”, “ya mən la huvə illa huvə” Allahın ismi-ə’zəmidir (ən böyük adıdır). Aydındır ki, Quranda gələn bu kəlmə لا اله الا هو “la ilahə illa huvə” ilə لا اله الا الله “la ilahə illəllah” arasında olan fərq “Huvə” ilə “Allah” kəlmələri arasındakı fərqə qayıdır.
“Huvə” o sifətdir ki, həmişə Onun qeybində qalır və vəsf edilib agah olmaq dairəsindən xaricdir. Lakin “Allah” dedikdə bütün cəlal və cəmal sifətlərinə malik olan müqəddəs zat nəzərdə tutulur. “La ilahə illəllah” dedikdə məqsəd budur ki, bütün gözəl sifətləri özündə cəm və əhatə edən Allahdan başqa heç bir məbud yoxdur. Amma bununla bu zatın hər növ sifətdən xaric olmasına heç bir işarə olunmur. (“İxlas” surəsində) “Huvə” dedikdə yenə də həmin “Allah” nəzərdə tutulur, yəni Allahın sifətləri Onun zatı ilə eynilik təşkil edir.
Qurani-Kərimdə oxuyuruq: “Huvəllahul-ləzzi la ilahə illa huvə”[1] Yəni O, həmin Allahdır ki, Ondan başqa heç bir məbud yoxdur.”
Eyni zamanda ərəbcə sintaktik təhlil nəzərindən “Huvə” əvəzlikdir. Bilmək lazımdır ki, ümumiyyətlə, “Huvə”nin özü Allahın adlarından olan bir addır. Amma görəsən, hansı mənaya əsasən Allahın adı olur?
Kamal sifəti olan və Allah-taalaya nisbət verdiyimiz hər bir sifət ada çevrilir. Misal üçün, elmi Onun zatına nisbət verdiyimiz zaman “Alim” deyilir və bundan sonra Alim kəlməsi Allah üçün ad olur. “Elm”ə sifət, “Alim”ə isə isim deyilir. Qüdrət Allah üçün sifətdir, Qadir isə isim. Rəhmət Allah üçün sifətdir, Rəhman və Rəhim isə isimdir. İndi əgər “Huvə Allahın adıdır” deyiriksə, hansı şey sifət və hansı şey isimdir?
Sifət olan şey “mütləq qeyb” olmaqdan ibarətdir. “Mütləq qeyb” – yəni elə bir həqiqət ki, Öz zatının dərinliklərinə əhatəlidir, zatının dərinliklərinə məlumat və agahlıq heç bir başqa varlıq üçün mümkün deyildir. Əlbəttə, Allah barəsində mərifət məsələsinə gəldikdə isə, bu mərifətin çoxlu dərəcələri vardır. “Allah-taalanın zatının dərinlikləri barəsində mərifət” dedikdə Allahı elə tanımaq nəzərdə tutulur ki, artıq ondan yüksəkdə heç bir mərifət olmasın. Bu, yalnız Allah-taalanın zatına məxsus olan bir məsələdir. Hətta varlıq aləminin ilk arifi olan Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) də deyir:
مَا عَرَفْنَاکَ حَقَّ مَعْرِفَتِکَ
“Biz Səni heç vaxt layiqincə tanıya bilmədik.”[2]
Bu cümlə də elə “Huvə”nin mənasıdır. Yəni Sən elə bir məqam və dərəcədəsən ki, nə qədər Sən mənim üçün “əntə” (Sən) olsan, yenə də onun bir dərəcəsi “Huvə”dir (Odur). Yəni heç bir varlıq üçün Pərvərdigarın zatına əhatə tapmaq mümkün deyildir. Buna görə də Ona Ğeybul-ğuyub (bütün qeyblərin qeybi) deyilir və bununla o cəhətə işarə edilir ki, Pərvərdigarın zatından başqa heç bir digər varlıq ona nail ola, əhatə tapa bilməz:
لاَ اُحْصِی ثَنَاءً عَلَیْکَ اَنْتَ کَمَا اَثْنَیْتَ عَلَی نَفْسِکَ
“Pərvərdigara! Mən Sənə nə qədər həmd-səna etsəm də, Səni, Özünə layıq olan şəkildə tərif deməyə qadir olmaram. Sən o vəziyyətdəsən ki, Özün Özünü vəsf və tövsif edirsən.” Deməli bu, “Huvə”nin isim olmasının mənasıdır.[3]
Amma “la ilahə illəllah” dedikdə məqsəd budur ki, Allahdan (yəni bütün camal və cəlal sifətlərini Özündə əhatə edən pak və müqəddəs Zatdan) başqa heç bir məbud yoxdur, bununla eyni zamanda bu zatın həmişə tanınmaz qaldığına işarə etmiş oluruq.