Please Wait
14766
Ayə və rəvayətlərdə deyilir ki, dua ibadət növlü işlərdəndir, onun çoxlu hökmləri, şərtləri, xüsusi ədəb qaydaları vardır. Duanın hökmlərindən biri də budur ki, insan Allahdan elə bir şeyi istəsin ki, haram olmasın, yaxud başqalarının zərərinə tamam olmasın və sair.
Həmçinin, rəvayətlərdə çox tövsiyə edilən dua və istək gərək mənəvi hacətlər barəsində olsun. Misal üçün, Allahın əmrlərinə itaət və nəhylərini tərk etməyə tövfiq tapmaq, haram işləri tərk etmək, eləcə də İslam cəmiyyəti və möminlər üçün dua etmək...
Buna əsasən, dini təlimlərdə həm kiçik, həm də böyük işlərin əncam verilməsi üçün dua və dualara israr etmək tövsiyə olunur. Lakin insanın duada öz məsləhət və mənafeyini ayırd etməsinə gəldikdə isə, diqqət yetirmək lazımdır ki, dua da qayda-qanun əsasında olan bir işdir. Buna görə də Allahın təkvini və təşrii qanunları ilə ziddiyyətdə olmamalıdır. Bundan əlavə, nəticənin hasil olmasında da tələsmək olmaz. Zaman cəhətindən duanın qəbul olunmasını Allaha həvalə etmək lazımdır ki, məsləhət olan şeyləri əncam versin.
Məlumunuz olduğu kimi, dua ibadət növlərindən biridir ki, Quran və rəvayətlərdə ona çoxlu tövsiyələr edilmişdir. Belə ki, Allah-taala buyurur: “Və Pərvərdigarınız dedi: “Məni çağırın, sizin duanızı qəbul edim. Mənə ibadət qarşısında təkəbbür edənlər tezliklə zillətlə cəhənnəmə daxil olacaqlar.” [1]
Bu ayədə duanın hacət və məqsəd üçün müqəddimə yönü daşıması bəyan olunmaqdan əlavə, (“Məni çağırın, sizin duanızı qəbul edim”) əsl məqsəd cəhətindən də nəzərə alınır: “O kəslər ki, Mənə ibadət qarşısında təkəbbür edərlər” – yəni dua da tələb etməkdir və tələb olunan (istər qəbul olunsun, istərsə də olunmasın) bəyənilən işdir, həm vasitə, həm də son məqsəddir (buna “ğayət” deyilir), həm müqəddimədir, həm də nəticə və hədəf. Rəvayətlərdə duaya israr və təkid edilməsinin sirri də məhz bu məsələdədir.[2]
İmam Baqir (əleyhis-salam)-dan “ən yaxşı ibadət hansıdır?” – deyə soruşdular, həzrət buyurdu: “Allah dərgahında ən yaxşı şey budur ki, Onun yanında olan işləri istəyək. Allah yanında o kəs ən çox qəzəbə layiq görülür ki, Ona ibadətdə təkəbbür etsin (inadkarlıq göstərsin) və Onun yanında olan şeyləri istəməsin.”[3]
Həmçinin, rəvayətlərdə qeyd olunur ki, “heç bir hacəti, kiçik olduğuna görə (duada) boşlama. Çünki O kəs ki, kiçik hacətlər Onun əlindədir, elə böyük hacətlər də Onun ixtiyarındadır.”[4]
İmam Sadiq (əleyhis-salam) buyurur: “Allah-taala istəmir ki, camaat öz hacətlərinin yerinə yetirilməsində bir-birinə israr etsinlər, lakin Özü bu işi sevir.”[5]
Dua ibadət olduğuna görə, şübhəsiz, onun dua edən şəxs üçün məsləhət və mənafeyi də vardır. Amma diqqət yetirmək lazımdır ki, sair ibadətlər kimi, dua da müxtəlif hökmlərə, ədəb qaydalarına və şərtlərə malikdir. Əgər hər hansı bir dua özünün şərtlərinə və ədəb qaydalarına malik olarsa, qəti şəkildə qəbul olunacaqdır. Əgər dərhal qəbul olunmazsa, aydındır ki, müəyyən maneələr, o cümlədən niyyətdə ixlasın olmaması, riyakarlığın və haram yeməklərin olması, sədəqənin tərk edilməsi, Allah yolunda infaq etməmək və s.[6] onun qəbul olunmasına mane olmuşdur.
Başqa sözlə desək, Allah-taaladan bir şey istəyib dua etmək insanın öz istəklərinin bəzilərinə nail olmasına səbəb olsa da, amma bu mənaya deyildir ki, hər bir istək təvəssül və dua vasitəsilə yerinə yetirilmiş olsun. Əksinə, dua da qanun çərçivəsində olan bir işdir və onun müəyyən şərtləri, maneələri vardır. O cümlədən:
1. Niyyətdə ixlas və kamil etiqadla edilməlidir. Çünki Allahın əta etdiyi şeylər xalis niyyətə uyğun olaraq verilir. Həzrət Əli (əleyhis-salam) buyurur: “Allahın bağışladığı şeylər niyyətdə (ixlasın) əndazəsinə bağlıdır.”[7]
2. İnsanın istədiyi hacət gərək şəriətə uyğun və əql əsasında olsun. Yəni şəriət cəhətindən dua edən şəxs Allahdan harama batmağa, yaxud vacibi tərk etməyə səbəb olan bir şeyi istəməsin. Misal üçün, sileyi-rəhim vacib olduğu halda qohum-əqrəbadan uzaq olmağı dua etmək və sair.
3. Dua gərək təbii amillərdən istifadə etməklə yanaşı olsun. Yəni dua edən şəxs bu amillərdən istifadə etməklə yanaşı, təbiət aləmindəki qayda-qanunlara da diqqət yetirsin. Çünki təbii və təkvini cəhətdən bəzən duanın qəbul olunması qeyri-mümkün, yaxud qanunlardan xaricdə olur və onun qəbul olunması üçün müəyyən müqəddimələri keçmək lazım gəlir. Bu halda duanın qəbulu üçün maddi müqəddimələri qət etmək, tədarük görmək lazımdır. Misal üçün, bir şəxs öz evində oturaraq “Pərvərdigara, mənim ruzimi ver!” - deyə dua edən zaman Allah tərəfindən belə nida gəlir: “Məgər sənə göstəriş verməmişəm ki, ruzi arxasında gedib axtarasan?!”
4. Dua və təvəssülün qəbul olunmasının təsirli və mühüm şərtlərindən biri də iman və saleh əməldir. Təbiidir ki, Allaha imanını əldən verən, Allah qarşısındakı əhd-peymanını pozan bir şəxs dualarının sürətlə qəbul olunmasını təvəqqe etməməlidir.
5. Bəzən insanın istədiyi şeylərin həyata keçməsi üçün münasib zaman gəlib çatmamış olur. Belə halda onun qəbul olunmasının uzun çəkməsi şəxsdə Allah dərgahına daha çox ah-nalə, yalvarış və sığınma haləti icad edir, onun Allahla mənəvi rabitəsi uzanır və nəticədə Onunla əlaqəsi daha da möhkəmlənir. Həqiqətdə bəndəliyin ən yüksək həddində olan dua və təvəssül Allah-taalanın insana qarşı lütf və mərhəmətinin göstəricisidir. Bu da öz ardınca böyük ilahi rəhmət və lütfləri gətirir.
6. Bəzən hacətin qəbul olunması dua edən şəxsin məsləhətinə və xeyrinə deyildir; onun məsləhəti duanın qəbul olunmamasındadır: “Çox hallarda bir şeyi sevmirsiniz, halbuki o sizin xeyrinizədir; çox hallarda da bir şeyi sevirsiniz, halbuki o sizin zərərinizdədir. Allah hər şeyi bilir və siz bilmirsiniz.”[8]
Belə vəziyyətdə şəxsin hacəti zahirdə qəbul olunmur, amma bunun özü də onun xeyrinədir və həqiqətdə onun duası, yəni öz məsləhət və mənafeyini istəməkdən ibarət olan bu hissləri gözəgörünməz və məxfi şəkildə təmin olunur. Hər bir halda, Allah-taala dua və təvəssülünə görə insana böyük savab verir və o, Allahla əlaqə yaratmaq və Onun dərgahına yaxınlaşmaq nemətindən lazımınca bəhrələnir.
Deməli, Allahın rəhmət qapısı hər hansı bir kəsin üzünə heç vaxt bağlı deyildir – istər hacəti yerinə yetirilsin, istərsə də şəxsin məsləhətinə uyğun olaraq zahirdə qəbul olunmasın. Çünki belə dualar əslində məxfi şəkildə qəbul olunmaqdan ibarətdir.[9] Digər tərəfdən, dua və təvəssülə tövfiq tapmağın özü də Allah tərəfindən “ləbbeyk” – qəbul olunma sayılır.[10]
Nəticə
1. Duanın ədəb qaydalarında öz istəyimizə israr etməyimiz təkid olunsa da, nəticənin hasil olmasında tələsmək lazım deyildir. Duanın qəbul olunma zamanını Allaha həvalə etmək, həmişə Onun işlərinə razi olmaq lazımdır. Bəzən mümkündür, duanın sürətlə qəbul olunması, yaxud ümumi şəkildə istədiyi şey dua edənin xeyrinə olmasın. Belə halda ya onun əvəzində bəndəyə başqa bir şey verilir, yaxud qiyamətdə daha artıq mükafat verilir. Lakin duanın şərtləri olduğu halda onun qəbulu qətidir.[11]
2. Bizdən istənilən şey dua etməkdir. Təbiidir ki, insan öz xeyrinə olan şeyləri dua edir. Amma gərək bu, duanın ədəb qaydalarına və şərtlərinə zidd olmasın. Aydındır ki, bu cəhətdən şərtlərə malik olmayan dua qəbul olunmaz. Misal üçün, ilahi şəriət və təbiət qanunları ilə müxalif olan dualarda məsləhət yoxdur. Müəyyən bir dua bizim nəzərimizdə məsləhətli ola, əql və şəriətlə müxalif olmaya bilər. Amma onun qəbulu bizim məsləhətimizə olmaya bilər. Deməli, onun qəbul olunmasının bizim xeyrimizə olub-olmamasının ayırd edilməsi bəndənin yox, Allahın öhdəsinədir. Çünki insanın bütün mənfəət və məsləhətlərinə əhatəli olmaq bəndələrin ixtiyarında olmayan sonsuz ilahi elmin nəticəsidir.
3. Qeyd olunanlardan aydın olur ki, “bir şeyi heç vaxt zorla və israrla Allahdan istəməyin; bəlkə sizin məsləhətinizə deyildir” sözü bir qədər izah edilməlidir. Çünki əgər duanın ədəb qaydalarına və şərtlərinə uyğun olduğunu, eləcə də öz nəzərinizdə şəriət və təbiət qanunları ilə ziddiyyətli olmadığını hiss etsəniz, dünya və axirət məsləhətinə malik olsa, onda israr etməli və sadəcə “bəlkə mənim məsləhətimə deyildir” - deyə isrardan əl çəkməməlisiniz. Amma bu vəziyyətlə eyni zamanda qəbul olunmazsa, gərək deyəsiniz ki, “mənim məsləhətim mütləq fikirləşdiyimdən başqa şeydədir” və gərək ədəb qaydalarına riayət edəsən.
Hər bir halda, bizim vəzifəmiz budur ki, öz dərk və əqlimizə uyğun olaraq mühakimə yürüdək, Allah isə Öz elmi əsasında hökm etsin. Yəni biz duanın məsləhətimizə olduğunu ayırd etdikdən sonra israr edək. Həmin israrın özü də bizim məsləhətimizədir və insan Allahla əlaqəsinin güclənməsinə səbəb olur. Başqa sözlə, müqəddimə baxımından bizim məsləhətimizə olmaya bilər, amma əsas hədəf cəhətindən hər halda bizim məsləhətimizə olması mümkündür.
[1] “Muminin” surəsi, ayə 60
[2] Əlavə məlumat üçün bax: Mütəhhəri, Mürtəza, “Bist qoftar”, səh. 226-237
[3] “Üsuli Kafi”, 4-cü cild, səh. 210, hədis 2
[4] “Üsuli Kafi”, 4-cü cild, səh. 212, hədis 6
[5] “Üsuli Kafi”, 4-cü cild, səh. 224, hədis 2
[6] "Təfsiri-nümunə", 20-ci cild, səh. 152
[7] "Nəhcul-bəlağə", 31-ci məktub. Əlbəttə, həzrət Əli (əleyhis-salam)-ın bu cümləsinin başqa cür də məna edilməsi mümkündür. Həzrətin məqsədi bu ola bilər ki, Allahın bağışladığı, əta etdiyi şeylər niyyətin əndazəsindədir. Əgər Allahdan kiçik şeylər istəsən, həmin şeyləri sənə veriləcəkdir. Əgər çox dəyərli və mühüm şeyləri istəsən, həmin miqdarda sənə verəcəkdir. Belə isə, yaxşı olar ki, insanın hümməti yüksək olsun.
[8] “Bəqərə” surəsi, ayə: 261
[9] Ayə və rəvayətlərdə duaların qəti olaraq qəbuluna təkid və qeyd olunur kil, “Allah dərgahına əl qaldıran elə bir bəndə yoxdur ki, mütəal Allah onu əliboş qaytarmaqdan həya etməsin. Nəhayət, Özünün fəzl və rəhmətindən ona əta edir.” Bax: “Üsuli Kafi”, 4-cü cild, səh. 218, hədis 2
[10] Ruhani, Seyid Məhəmməd Kazim, “Şəfaət və təvəssül”, səh. 51-69
[11] “Rəvayətdə qeyd olunur: “Dünyada dua edən və duası qəbul olunmayan bir şəxsin savab və mükafatı qiyamətdə ona verilən zaman o mükafatın nə qədər çox olduğunu görər və arzu edər ki, kaş dünyada heç bir duası qəbul olunmayaydı!” Bax: “Üsuli Kafi”, 3-cü cild, səh. 246, hədis 9