Please Wait
11036
İslamda “seyid” kəlməsi əsil-nəsəbləri ata tərəfdən həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-in babası Haşimə çatanlara deyilir, hətta Fatimeyi-Zəhra (əleyha salam)-ın övladları olmasa da. Başqa sözlə, seyid dedikdə o kəslər nəzərdə tutulur ki, nəsəbləri Haşimə çatsın, amma həzrət Fatimənin övladlarından olması vacib deyildir. Buna əsasən, Fatimeyi-Zəhra (əleyha salam)-ın övladları ona mənsub olduqlarına görə deyil, əksinə həm ata, həm də ana tərəfdən həzrət Haşimə çatdıqlarına görə seyid sayılırlar.
Anaları seyid olanlar seyidlik cəhətindən Fatimeyi-Zəhra (əleyha salam)-a mənsub edilirlər. Bunu da qeyd edək ki, “seyid” təkcə Fatimənin övladları deyil; nəsəb cəhətindən həzrət Haşim və onun övladlarına çatanlar da seyid hesab olunurlar. Bütün islam alimləri bu barədə yekdil fikirdədirlər. İxtilaf yalnız bu məsələnin hökmləri – zəkat vermək kimi – barəsindədir. Bütün fəqihlərin nəzərinə əsasən onlara (seyidlərə) zəkat vermək caiz deyildir.
Bu sözdən məlum olur ki, anaları seyid olanlar qəti şəkildə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in nəslindəndir. İmamlarımız da həmin səbəbə görə Peyğəmbərin nəslindən sayılırlar. Bu müddəanın şahidi imam Riza (əleyhis-salam)-ın Abbasi xəlifəsi Məmunun cavabında buyurduğudur: Məmun İmama dedi: – Apardığım tədqiqatla bu nəticəyə çatmışam ki, həsəb və nəsəb cəhətindən bizimlə sizin aranızda heç bir fərq yoxdur. Fəzilət baxımından hər ikimiz eyni səviyyədəyik. Bizim fəzilətlərimiz barəsində sizin ardıcıllarınızın düçar olduqları ixtilaf həvayi-nəfs və təəssüb üzündən irəli gəlir!
İmam Riza (əleyhis-salam) buyurdu: – İcazə versəniz, cavabınızı verim; yox, istəməsiniz cavab vermərəm.
Məmun dedi: – Mən bu sualı irəli çəkdim ki, sizdən istifadə edim.
Həzrət buyurdu: – Əgər Allahın Peyğəmbəri bu qamışlıqların arasından çıxaraq sizin qızınızı özü üçün elçilik etsə, nə edərsiniz?
Məmun dedi: – Sübhanəllah! Elə bir kəs tapmaq olarmı ki, belə bir qohumluqdan sevinməsin?
İmam buyurdu: – Mən də o həzrətlə belə qohum olmağa razı ola bilərəmmi?! (Yəni o həzrət mənim qızımla evlənə bilərmi?!)
Məmun bir anlığa sükut etdikdən sonra dedi: – Allaha and olsun! Sizin qohumluğunuz Allahın Rəsuluna birləşmişdir![1]
Bu rəvayətdən belə nəticə almaq olar ki, Peyğəmbərin qız nəvələri və övladları da o həzrətin nəslidir və Peyğəmbərin onlarla evlənməsi caiz deyildir.
Ata tərəfdən bir tayfaya və ya qəbiləyə mənsub olmaq camaat arasında qəbul edilən adi bir məsələdir. Dünya ölkələrinin çoxunda olduğu kimi, bizim ölkəmizdə də insanların nəsəbi ata tərəfdən qeydə alınır, halbuki, anaya mənsub olmaq da şübhəsiz və qəti bir məsələdir. Amma diqqət yetirmək zəruridir ki, camaat arasında rəvacda olan bəzi işləri islam dini də qəti bir prinsip kimi qəbul etmişdir. Bu məsələnin dəlili də çoxdur və rəvayətlərdə ona işarə edilmişdir. Sualda qeyd olunan mövzuda imam Kazim (əleyhis-salam) xüms almağa müstəhəq (haqlı) olanları bəyan etdikdən sonra buyurur: “Anası Bəni-Haşimdən, atası isə Qüreyşin başqa qəbilələrindən olan bir kəs sədəqələrdən istifadə edə bilər və xümsdən onun üçün bir pay yoxdur. Çünki Allah-taala Quranda buyurur: “Camaatı ataları ilə çağırın.”([2]) ([3])
[1] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 10-cu cild, səh. 349, hədis 9, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü qəməri il
[2] Kuleyni, Məhəmməd ibni Yəqub, “Əl-kafi”, 1-ci cild, səh. 539, hədis 4, “Darul-kutubil-islamiyyə”, Tehran, 1365-ci şəmsi il.
[3] “Əhzab” surəsi, ayə: 5